İranın 7 ostanından 45 istehsal və sənaye müəssisəsi ən son yeniliklərini və məhsullarını 1400 kvadrat metr sahədə nümayişə qoyublar
Azərbaycan servisi/Aran Agentliyi
İİR-nin sənaye və ticarət imkanlarına həsr olunmuş 3-cü sərgi bu gün Bakıda işə başlayıb.
Azeri.irib.ir istinadlı xəbərinə görə, 4 günlük sərgidə İranın 7 ostanından 45 istehsal və sənaye müəssisəsi ən son yeniliklərini və məhsullarını 1400 kvadrat metr sahədə nümayişə qoyublar. Neft-kimya məhsulları, şin, sənaye yağları, daş və tikinti materialları, turizm sahəsi, ev əşyaları dəri və əl işləri sənayesi, sənaye boruları, maşın avadanlıqları, əkinçilik məhsulları, zinət gülləri və ərzaq malları sərgidə mövcud olan malların sırasındadır. Az. R. kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev İranın sənaye istehsalının digər ölkələrin malları ilə müqayisədə keyfiyyətli və ucuz olduğunu xatırladaraq deyib: Az. R. bazarı İran mallarının satışı üçün münasib yerdir.
İİR-nın Bakıdakı səfiri Nasir Həmidi Zare də Az. R xalqının İran mallarına geniş rəğbət göstərməsinə toxunaraq bildirib ki, yaxın gələcəkdə hökumətlərarası komissiyanın iclasında iki ölkə iş adamlarının fəaliyyətini əngəlləyən məhdudiyyətlərin aradan qaldırılması yolunda müvafiq addım atılacaq.
İİR 700 milyon dollar ticarət dövriyyəsi ilə Az. R-nın 7-ci ticarət tərəfdaşıdır.