Tarix : 2009 Feb 08
Kod 10468

BU YAY QARABAĞ RAZILAŞMASI İMZALANA BİLƏR

ABŞ-in irəvandaki səfiri bunu mümkün sayir
Azərbaycan servisi/Aran Agentliyi
Bu ilin yayında Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinə dair razılaşma imzalana bilər. Birləşmiş Ştatların Ermənistandakı səfiri Mari Yovanoviç “Svoboda” radiostansiyasına müsahibəsində belə deyib. Diplomat bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında son danışıqlar ümidləri artırır. Yovanoviç İlham Əliyevlə Serj Sərkisyanın ötən ilin payızında Moskvada və bu ilin yanvarında Davosda aprdığı danışıqların münaqişənin nizamlanacağına ümid yaratdığını bildirib.
Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza isə “Trend”ə göndərdiyi yazılı açıqlamasında deyib ki, həqiqətən Davosda prezidentlər münaqişənin nizamlanmasının əsas elementləri üzrə irəliləyiş əldə ediblər. Diplomat məlumat verib ki, Minsk Qrupunun həmsədrləri yaxın vaxtlarda bir araya gələrək münaqişənin nizamlanmasına dair sonrakı addımları müzakirə edəcəklərini deyib. Onun bildirdiyinə görə, fevralın sonlarında-martın əvvəllərində həmsədrlər regiona səfərə gələcəklər və məsləhətləşmələri davam etdirəcəklər. “Prezidentlərin görüşü pozitiv və konstruktiv olub, dövlət başçıları baza prinsiplərinin bir neçə mühüm elementləri üzərində anlaşma əldə ediblər və bəzi başqa məsələlər barədə fikir ayrılıqlarını ixtisar ediblər”-deyə Brayza bildirib.
Qeyd edək ki, bir gün əvvəl ATƏT-in Parlament Assambleyasının prezidenti Qoran Lenmarker da Dağlıq Qarabağ münaqişəsinə dair razılaşmanın tezliklə əldə edilə biləcəyini deyib. Onun fikrincə, prezidentlər arasında aparılan danışıqların gedişi və regiondan daxil olan pozitiv siqnallar belə deməyə əsas verir. Lakin razılaşmanın yaxında olduğu haqda fikirləri Ermənistan və Azərbaycanın özündə bölüşənlər azdır. Tərəflərin münaqişənin nizamlanmasının əsas prinsiplərinə dair mövqeləri arasında kəskin fərqlər qalmaqdadır və erməni tərəfində güzəşt meylləri hiss olunumur.
  • Yazılıb
  • da (də) 2009 Feb 08