Tarix : 2009 Feb 10
Kod 10504

QAMƏT SULEYMANOVDAN AÇIQLAMA

Qamət Süleymanov deyib ki, bəziləri “Əbu Bəkr” məscidini terrorla bağlamaq, əlaqələndirmək istəyir
Azərbaycan servisi/Aran Agentliyi
“Bəzən aidiyyatı olmayan şeyləri mənimlə və ümumilikdə bizimlə bağlayırlar, əlaqələndirməyə çalışırlar. Bildirmək istəyirəm ki, Əlixan Musayev adlı şəxs heç vaxt mənim müavinim olmayıb. Həmin şəxs 5 il bundan əvvələ qədər “Nərimanov dindarları” dini icmasının üzvü olub, sonra icmadan da uzaqlaşdırmışıq. Vəssalam”. Bu sözləri Lent.az-ın əməkdaşı ilə söhbətində “Nərimanov dindarları” dini icmasının rəhbəri Hacı Qamət Süleymanov deyib.

Qamət Süleymanov deyib ki, bəziləri “Əbu Bəkr” məscidini terrorla bağlamaq, əlaqələndirmək istəyir: “Hansı ki, bizim məscid bu cür işlərə qarşı olub həmişə. “Əbu Bəkr” bir məsciddir ki, bu məsələ ilə bağlı böyük iş aparıb və aparır da. Əslində biz terrorçu deyil, terrora məruz qalanlarıq”.

Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Bakıdakı “LUKoil” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda və digər cinayətlərdə təqsirləndirilən radikal dini qrup üzvlərinin cinayət işi üzrə fevralın 3-də keçirilən növbəti məhkəmə prosesi zamanı Əlixan Musayev adlı şəxs ifadə verib. O, məhkəməyə özünü “Nərimanov dindarları” dini icmasının rəhbəri Hacı Qamət Süleymanovun sabiq müavini kimi təqdim edib.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 10