Türkiyə servisi/Aran Agentliyi
Bu yay Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı münaqişə tərəfləri arasında çərçivə sazişinin imzalana biləcəyi barədə ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviçin açıqlaması yenidən diqqəti bu mövzuya yönəldib. Bir müddət öncə erməni həmkarı Nalbəndyanla görüşən Türkiyə xarici işlər naziri Əli Babacanın dünən Bakıya səfər etməsi Qarabağla bağlı hansısa sənədin hazırlandığı ehtimalını gücləndirir. Qeyd edək ki, amerikalı səfir ölkəsinin ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən yardımı etməyə hazır olduğunu deyib.
Prezidentin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə deyib ki, Ermənistan qeyri-səmimi davranışlarından əl çəkərsə, çərçivə sazişi imzalana bilər. Lakin ABŞ-ın Ermənistandakı səfirinin konkret olaraq yay aylarında razılaşmanın imzalanacağını deməsi narahatlığı artırır. Ermənistan rəhbərliyinin birtərəfli güzəşt variantını rədd etdiyi şəraitdə hansısa razılaşmanın imzalanması təbii ki, Azərbaycanın xeyrinə ola bilməz.
Yerli ekspertlərin bu il çərçivə sazişi imzalayacağına dair fikirləri haçalanır. Politoloq Rasim Musabəyovun fikrincə, tərəflər konstruktivlik nümayiş etdirəcəyi təqdirdə yayda hansısa sənəd ortaya qoyula bilər: “Hansısa sənədin razılaşdırılması barədə ehtimallar kifayət qədər yüksəkdir. Ancaq sənəd razılaşdırılsa və prinsiplər qəbul olunsa da, bu, məsələnin praktik həllinə imkan vermir. Ən azı bunun üçün Azərbaycan öz əleyhinə olan məsələlərə razılıq verməlidir. Konkret olaraq Laçın və referendum məsələsindən söhbət gedir. Bu mənada Moskva bəyannaməsinə bənzər sənəd ortaya qoyula bilər. Ancaq bu, məsələnin mahiyyətini açmayan bir sənəd olacaq. Çünki bu prinsiplər əsasında böyük sülh müqaviləsi imzalanmalıdır. Sənəddə elə bir ifadələrdən istifadə oluna bilər ki, hər tərəf həmin ifadələri özünə faydalı sayar. Lakin indi həlli tapılmayan sualları sonraya keçirəcəklər. Son sənəddə isə konkretlik lazım gələcək”.
Politoloq Azərbaycanın güzəştə gedəcəyinə inanmır: “Kimsə gözləyirsə ki, prinsiplərin razılaşdırılması müqabilində biz ermənilərlə sərhədləri açacağıq, bu, olmayacaq. Torpaqlar azad olunmayınca, Ermənistanla normal münasibətlərdən söhbət gedə bilməz”.
R.Musabəyov Türkiyənin xarici işlər nazirinin Bakıya təkcə Qarabağ məsələsini müzakirə üçün gəldiyinə də inanmır: “Babacan təkcə Qarabağla bağlı gəlməyib. Qarşıda Abdulla Gülün Moskva səfəri var və həmin səfərdə Cənubi Qafqazdakı vəziyyət diqqətdə saxlanılacaq. Təbii ki, Qarabağ məsələsi də müzakirə mövzusu olacaq. Bu mənada Türkiyə Azərbaycanı öz mövqeyi barədə məlumatlandırmalıdır.
Ermənilərin Türkiyədən istəyi budur ki, Ankara Azərbaycana təzyiq edib onu güzəştə məcbur etsin. Onların fikrincə, Azərbaycan Türkiyənin sözündən çıxmaz. Ancaq əgər Babacan belə bir niyyətlə Bakıya gəlibsə, heç bir faydası olmayacaq. Əksinə, bu cür mövqedən çıxış etməsi Türkiyənin nüfuzuna xələl gətirə və Azərbaycanla münasibətlərində problem yarada bilər".
Politoloq Vəfa Quluzadə “Azadlıq” radiosuna deyib ki, ölkə başçılarının açıq-aydın ifadə olunan mövqeləri də bir daha göstərir ki, yaxın zamanda hər hansı razılaşmanı gözləmək sadəlövhlükdür: “Artıq bu çərçivə sazişi neçə dəfədir gündəmə gətirilir. Üstəlik, Serj Sərkisyan deyib ki, Ermənistanın güzəştə getməsi nağıldır. Yəni əgər Azərbaycan torpaqlarını güzəştə getsə, onda bu çərçivə sazişi imzalanacaq. Mən də inanmıram ki, Azərbaycan rəhbərliyi buna razılıq versin. Ona görə bunu boş söhbət hesab edirəm”.
Konfliktoloq Arif Yunusa görə isə hətta belə bir saziş imzalanarsa belə, bu sənədin irəliyə doğru bir addım olacağına inam çox azdır: “Əgər BMT-nin 4 qətnaməsi elə kağızda qalıbsa, nəyə görə biz hesab etməliyik ki, hansısa çərçivə sazişindən sonra irəliyə doğru nəsə olacaq. Mən pessimistəm və inanmıram ki, yaxın vaxtlarda sülhlə bağlı nəsə eşidəcəyik”.