Tarix : 2009 Feb 10
Kod 10506

KİMLƏR FİTVA VERƏ BİLƏR?

Fitva vermək üçün sözügedən mövzu ilə bağlı kifayət qədər bilgili olmaq gərəkdir. Burda da dünya məhkəmələrinin elementlərinə oxşar elementlər mövcuddur
Azərbaycan servisi/Aran Agentliyi
Bir müddət öncə Nardaranda İsrail əleyhinə keçirilən mitinqdə millət vəkili Sabir Rüstəmxanlı haqqında ölüm fitvası verilməsi xəbərləri yayıldı. Mətbuatda hay-küy yaradan bu hadisə bir müddət sonra gündəmdən çıxdı. Məlumdur ki, bir çox ölkələrdə, eləcə də Azərbaycanda ölüm hökmü ömürlük həbslə əvəz edilib. Bir çox digər ölkələrdə, həmçinin şəriət qanunları ilə idarə olunan müsəlman dövlətlərində isə ölüm hökmü hələ də qalır.
Sual meydana çıxır. Bəs, kimlər fitva vermək səlahiyyətinə malikdir? Hansı hallarda fitva vermək olar?
Bizimlə söhbətdə Hacı İlqar fitvanın İslam məhkəməsinin mahiyyətinə uyğun mövzu olduğunu söylədi: “İslam məhkəməsi fitva hökmü verən səlahiyyətə malikdir. Hökm ictihad səviyyəsində, ədalət meyarının ortada olması şərtilə verilir. Fitva vermək üçün sözügedən mövzu ilə bağlı kifayət qədər bilgili olmaq gərəkdir. Burda da dünya məhkəmələrinin elementlərinə oxşar elementlər mövcuddur. Amma digər məhkəmə sistemlərindən fərqli olaraq ədalətli olmaq və hökm çıxaran şəxsin kamil İslami bilgilərə malik olması vacibdir. Legitimliyi göstərən şərtlər bunlardır. Bu, əslində İslam hüquq sisteminə aid olan mövzudur”.
Hacı İlqar mövzunun kifayət qədər ağır və sırf məhkəmə sisteminə aid mövzu olduğunu da söylədi: “İslamda çox böyük cinayətlər hesab olunan məsələlər var ki, onlarla bağlı bu qərarı vermək olar. Bu hökmü saxlayan ölkələr hazırda da mövcuddur. Amerika kimi bir çox ölkələrdə hələ də ölüm hökmü qalır. Belə bir hökmün çıxarılması üçün insanlığa qarşı törədilən cinayətlərin nəzəri mövcudluğu zəruridir”.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 10