Tarix : 2009 Feb 10
Kod 10522

İRAN İSLAM İNQİLABININ 30-CU İLDÖNÜMÜNÜ QEYD EDİR

.
İİR servisi/Aran Agentliyi
Bu günlər İranda Ayətullah Xomeynin (rə) rəhbərliyi ilə həyata keçirilən inqlabın- İran İslam İnqlabının 30-cu ildönümüdür.

Hər nəqədər də bu inqlab araşdırılsa, hər nəqədər təbliğ olunsa da, bu sirli və əzəmətli inqlab ildən ilə yeni məqamları ortaya qoyur. Düz 30 il əvvəl İran xalqı imperializm və sionizmə (Amerika və İsrail) böyük və hesab edirəm ki, sağalmaz zərbə vurdu. Bütün əsarət və köləlik zəncirlərini qırıb özündə güc tapmağa bacaran İran xalqının inqlabi hərəkatına bir daha nəzər salaq.

İslam inqilabında təqribən bütün İran xalqı, ölkə daxilindəki zorba və güc hökumətinə və xaricilərin ölkələrinə uzanan əllərinə qarşı qiyam qaldırdılar. Məşhur Fransız jurnalist və Orta şərq üzrə mütəxəssisi Eric Rouleau, İran xalqının İslam İnqilabında yüksək səviyyədə iştirakı barədə belə deyir: İslam inqilabı, bütün dini azlıqların da qatılmış olduğu yeganə inqilabdır. İran xalqının 1978-1979 illərindəki hərəkati əhatəli və geniş bir inqilab idi. Əgər tarix boyu baş vermiş digər inqilablara nəzər salaq görərik ki, bu inqlablar əhalinin müəyyən bir qrupunun iştirakı ilə baş verib. Lakin İslam inqilabında isə bütöv bir xalq ayağa qalxmışdı.

İngilis araşdırmaçı və İran üzrə mütəxəssisi Fred Halliday da İranda olan şah rejiminə qarşı inqabda xalqın yüksək səviyyədə iştirakı barəsində belə yazır: Xalqın Pəhləvi rejiminə qarşı etiraz nümayişləri, insanlıq tarixinin ən böyük qeyri rəsmi nümayişləri sayılır.

İran xalqının müxtəlif şəhərlərdə geniş diametrdə və davamlı olaraq reallaşdırdıqları etiraz gedişləri təpədən dırnağadək silahlanmış şahlıq rejimini yormuş və onun dağılma və yıxılma mühitini meydana gətirmişdir. İslam inqilabındakı xalqın iştirakı, müxaliflərin də xalqın dəstəyini etiraf edəcək qədər geniş və əhatəli idi. Təbii ki, İran xalqının qiyamı həmrəylik və birlikdə olmasaydı, çox davam edə bilməzdi. Tarix, xalq arasındakı fikr müxtəlifliklərinə görə müvəffəqiyyətsizlik əldə edən və məğlub olan çox inqilab və qiyama şahid olub. Lakin İran İslam İnqilabı, uca bir hədəfə çatmaq üçün xalqın vəhdət və birliyindən bənzərsiz bir nümunə sərgilədi. Bu hədəf xalqın şüarlarında "Müstəqillik, Azadlıq və İslam Respublikası" kimi özünü biruzə verirdi. Təbii ki belə bir zamanda xalqı məlumatlandırmaqda din alimlərin rolunu da unutmamaq lazımdır. Çünki din alimləri ölkənin dörd bir tərəfində camaat ilə yaxın əlaqələri səbəbindən xalqın etibarını qazanmışdılar. Xalq Pəhləvi rejiminin devrilməsini hər keçən gün daha çox istəyirdi.

İran xalqının bu geniş maştablı və əhatəli qiyamı, dünyanın müxtəlif yerləində yaşayan xalqların heyrətini qazanmışdır. Çünki bu inqlab millətin milli və toplu iradəsi, qısa bir müddətdə güc üzərində qurulan, xarici qüvvələrin bütün dəstəyinə sahib bir rejimi aşırdacaq qədər güclü sayılacağını sübut elədi.

İslam İnqilabı mövzusunda araşdırmaları olan Fransız mütəfəkkir Mişel Fuko bu barədə belə yazır: Mən şəxsən toplu iradənin ruh və ya Tanrı kimi əsla gözlə görülə bilməyəcəyini düşünürdüm. . . lakin biz Tehranda və bütün İranda bir millətin toplu iradəsinə şahid olduq. Təbii ki bu hadisədən tərif ilə danışmaqdan başqa yol yoxdur. Çünki bu hadisə hər gün yaşanacaq bir şey deyil.

İslam İnqilabı dönəmində Tehranda olan Pier Blanche “İran, Allah adında İnqilab” adlı kitabında belə yazır: Məni heyrətə salan əsas məsələ bütün bir xalqın qiyama qalxması idi . . . Məni çaşdıran hadisə isə, məsələn bütün universitet şagirdlərinin gəlib "biz hamımız Quraniyik, hamımız müsəlmanıq, aramızda fərq yoxdur" demələri idi.

Xalq arasında hər zaman vəhdətin əhəmiyyətini vurğulayan İran İslam Respublikanın memarı İmam Xomeyni (rə) bu hadisənin inqilabın zəfərindəki təsiri barəsində belə buyurur: İran xalqının qazandığı böyük zəfərin açarı, bütün ölkədə və bütün qruplar arasındakı vəhdətdir. İmam Xomeyni bu həmrəylik və vəhdətin, İlahi bir möcüzə olduğunu vurğulayır.

İran İslam İnqilabının ən aşkar xüsusiyyətlərindən biri Allah dininə olan köklü inancları və İslamın hədəflərini reallaşdırmaq istəyi idi. Əslində İslama olan inanc, şahlıq rejimin devrilməsi üçün İran xalqının hərəkət qaynağı idi. Bu barədə Fred Halliday belə yazır: . . .Silahsız bir xalqın təpədən dırnağa qədər silahlanmış bir rejimi devirməsi, adi bir hadisə deyil. Bu adi bir güc deyil, heç bir inqilabı hərəkata sığmayan bir iradə tələb edir. İranlılar isə bu gücü, dində tapdılar.

İran xalqı müqəddəs İslam dinindən müqavimət və fədakarlığı öyrəndi və onun təsirlərini inqilabı mübarizəsində göstərdi. Hər şey eyni ilə İslamın ilk illərində olduğu kimi idi. İranlılar, İslamın uca Cihad dəyərlərinə uyğun olaraq Şah rejiminə qarşı bir növ cihad reallaşdırıb, bu cihada qatılmaq üçün birlikdə qiyam elədilər.

İslamın bir başqa təlimi olan Şəhidlik də, İranlıların qəddar Pəhləvi rejimi ilə mübarizə əsnasında şəhid olmağı qiymətli və uca bir iftixar olaraq tanımalarına səbəb oldu. Bu səbəbdən şəhid olmağı əbədi səadətə çatmaq olaraq qəbul edən İran xalqı, xüsusilə də gənclər bu uca mövqeyə çatmaq məqsədi ilə mübarizənin ən çətin anlarında ölümə meydan oxudular və şəhid olmağa belə hazır oldular.

İran inqilabındakı xalqın rolu ilə əlaqədar xüsusiyyətlərindən bir başqası isə onların silahsız olmaları idi. Dünyada baş verən bir çox inqilablarda xalq, silahlı mübarizə sayəsində yollarındakı maneələri qaldırmağı bacarmış və beləcə zəfərə çatmışlar. Lakin iran xalqı İmam Xomeyninin (rə) mübarizə üsullarını mənimsəyərək, silah istifadə etmədən, yalnız geniş küçə nümayişləri və etiraz gedişləri ilə mübarizə işığını yandırdılar. Lakin əsas məsələ etiraz edənlərin əhatəli və bütün ölkə boyu reallaşması səbəbi ilə böyük təsirə sahib idi və şiddət ehtiva edən nümayişlərə ehtiyac duyulmurdu. Hətta Məhəmməd Rza Pəhləvinin güvəndiyi silahlı qüvvəllər arasında da İslam inqilabının hədəflərinə inamının olması və onlarında xalqa qatılması bütün maneələrin dağılaraq xalqın iradəsi qarşısında təslim olmasına səbəb oldu. Buna görə silahlı qarşıdurmalar da yalnız bir neçə gün davam etdi. Mişel Fuko İran İslam inqilabı ərəfəsində "İranlıların Yuxusu Nədir?" başlıqlı məqaləsində belə deyir: 10 aydan bəri xalq, dünyanın ən təchizatlı rejimlərindən və ən qorxunc polis qüvvələrinə sahib sistemlə mübarizə edirlər. Xalq boş əllərlə və silahlı mübarizəyə yönəlmədən, sərgilədikləri cəsarət və iradə ilə ölkənin silahlı qüvvəllərini heyrətə salmışdır.

İslam inqilabının 1979-cu ilin fevral ayının 14-də qələbə ilə başa çatmasının ən əhəmiyyətli səbəblərindən bir başqası da İran xalqının İmam Xomeyni (rə) kimi qiymətli və böyük bir liderin ətrafında birləşməsi idi. Xalq bu lideri çox dəqiq seçmiş və onun mübarizə sahəsindəki sədaqət və qabiliyyətini ən gözəl şəkildə sezmişlər. Buna görə canları bahasına belə olursa olsun onun əmrlərini reallaşdırmağa çalılşırdılar.

Sədaqət, cəsarət, tədbirli olmaq, İran və dünya hadisələrinə agah olmaq və xalqın sevgisinə sahib olmaq, rəhmətlik İmam Xomeyninin ən aşkar xüsusiyyətlərindən idi. Bu səbəbdən millət və liderləri arasındakı əlaqə yalnız maddi bir əlaqə deyildi, İmam Xomeyni ürəkləri fəth etmiş, xalq ilə arasında dərin mənəvi bir əlaqə yaratmağı bacarmışdı. Bu güclü əlaqə şahlıq rejimi və dəstəkçisi Amerikanın müxtəlif sui-qəsdlər və təbliğatlarına baxmayaraq xalqın son ana qədər İmam Xomeyniyə sadiq qalmalarına səbəb oldu. İslam İnqilabının qələbəsi də məhz bu sədaqətə bağlı idi.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 10