Tarix : 2009 Feb 12
Kod 10551

AZƏRBAYCANDA ANALOQSUZ İQTİSADİ FƏLAKƏT QARŞISINDA

Hökumətin iqtisadiyyat blokunun bəzi üzvləri ölkədən qaça bilər
Azərbaycan servisi/Aran Agentliyi
Qlobal iqtisadi böhran və onun dünyanın ayrı-ayrı ölkələrinə təsiri hazırda bütün aparıcı KİV-də əsas mövzulardan biridir. Qəzetimiz də oxucularını bu mövzu haqda müntəzəm olaraq yerli və xarici ekspertlərin rəyləri, son informasiya və analizlərlə tanış edir, böhranın Azərbaycana birbaşa və dolayı təsirlərini araşdırmağa çalışır. Böhran sıravi vətəndaşdan tutmuş iş adamlarına və rəsmi qurumlara qədər hamının həyatına bilavasitə təsir etdiyi üçün bu mövzuda yeni informasiyalar da müxtəlif kanallar vasitəsilə redaksiyamıza daxil olmaqdadır.
Bugünlərdə aldığımız yeni məlumatlar təsdiq edir ki, artıq qlobal iqtisadi böhran yox, fəlakət də adlandırılan tendensiya ölkəmizdə də öz təsirini getdikcə dərinləşərək göstərməkdədir. Hökumətin iqtisadi blokuna yaxın olan mənbələrimiz deyir ki, rəsmən etiraf olunmasa da vəziyyət kifayət qədər kritik və təhlükəli həddə çatıb. Belə ki, Azərbaycanda vəziyyət böhranın təsirini daha ağır şəkildə üzərində hiss edən Rusiya və Qazaxıstan kimi iqtisadiyyatı neft üzərində qurulan ölkələrlə müqayisə edilə bilər.
Azərbaycanın hansı təhlükə qarşısında qaldığını göstərə bilmək üçün Rusiya və Qazaxıstan iqtisadiyyatında yaranmış vəziyyət haqda son məlumatı çatdırmaq yerinə düşər. Çünki Azərbaycandan fərqli olaraq bu ölkələrdə böhran haqda ölkə rəhbərliyi və iqtisadiyyata məsul şəxslər nisbətən açıq danışır. İki gün əvvəl Rusiya prezidenti Dmitri Medvedyev Kremldə iqtisadiyyatda yaranmış vəziyyətin müzakirəsinə həsr olunmuş müşavirədə deyib ki, qarşıdakı illər ölkə üçün olduqca ağır olacaq: “Başa düşürük ki, qlobal iqtisadi böhran hələ özünün pik nöqtəsinə çatmayıb. Bu barədə ekspertlər də deyir, dünya liderləri də mənimlə ünsiyyətləri zamanı bunu təsdiq edir. Müxtəlif proqnozlar var, lakin heç kim 2010-cu ildə iqtisadiyyatın canlanmağa başlayacağını proqnozlaşdırmır”.
Rusiya prezidenti əlavə edib ki, qarşıdakı illərdə ölkədən ixrac edilən xammala, yəni əsasən neftə və qaza tələbatın artmasını heç kim gözləməsin. Bu isə o deməkdir ki, ölkəyə kapital axını gözlənilən səviyyədə olmayacaq. Medvedyev hökumətə tapşırıb ki, indiki vəziyyətdə əsas diqqəti makroiqtisadi sabitliyin saxlanılmasına yönəltmək və iri məbləğdə borclara girməmək lazımdır.
Bu sözləri o ölkənin prezidenti deyir ki, ərazisində bütün növ təbii sərvətlər var, valyuta ehtiyatlarının həcmi isə yüz milyardlarla dollarla ölçülür (bu ehtiyatların vəziyyəti haqda bir qədər sonra). Xəbərlərə görə, Rusiyada bir-birinin ardınca iri müəssisələr çökür, minlərlə adam bir günün içində işsiz qalır, ölkənin ən zəngin adamları isə borc içində üzür. Məsələn, cəmi bir neçə ay əvvəl 28,3 milyard dollarlıq kapitalla Rusiyanın ən varlı adamına çevrilən Oleq Deripaskanın hazırda 30 milyard dollardan çox borcu var. Yəni o, tezliklə kreditorlarla anlaşa bilməsə, rəsmən müflis olacaq. Rusiyanın maliyyə naziri Aleksey Kudrin isə bir neçə gün əvvəl Dövlət Duması qarşısında çıxışı zamanı bu il ölkənin strateji valyuta ehtiyatlarının tükənə biləcəyi haqda xəbərdarlıq edib. Söhbət hazırda 380 milyard dollar təşkil edən fonddan gedir. Ötən ilin yayında Rusiyanın strateji valyuta ehtiyatlarının həcmi 600 milyard dollara yaxınlaşırdı və cəmi bir neçə ayda hökumət onu rublun kursunu sabit saxlamaq və bankları batmaqdan xilas etmək üçün xeyli ölçüdə “əridib”. Baş nazirin müavini İqor Şuvalov isə Rusiyada böhranın təsirinin azı 3 il davam edəcəyini bildirib. Hökumət etiraf edir ki, bu il Rusiyada iqtisadi artım olmayacaq, hətta iqtisadi geriləmə mümkündür.
İqtisadiyyatı neftdən asılı olan, iri neft pullarını dəbdəbəli layihələrə xərcləməyə Azərbaycandan hələ xeyli əvvəl başlayan Qazaxıstanda da vəziyyət pis, hətta acınacaqlıdır. Azərbaycandan qat-qat çox neft-qaz ixrac edən ölkədə bu il cəmi 1 faizlik iqtisadi artım proqnozlaşdırılır. Milli valyuta olan təngə sürətlə dəyərdən düşür, ötən ilin avqustundan təngə öz dəyərinin 70 faizini itirib. İnflyasiya ikirəqəmlidir. Bank sistemi isə bütünlüklə çökmək qarşısındadır. Qazaxıstan hökuməti bank sisteminin çökməsinin qarşısını almaq üçün ölkənin ən iri banklarını xarici maliyyə təşkilatlarına satmağa hazırlaşır. Baş nazir Kərim Məsimov hökumətin müşavirəsində etiraf edib ki, iqtisadiyyatın neftdən asılı olması vəziyyəti mürəkkəbləşdirir, ona görə də təcili olaraq çoxşaxəli iqtisadiyyata keçmək lazımdır. Ekspertlərə görə, yaxın zamanlarda Qazaxıstanın milli valyutasının böyük ölçüdə devalvasiyası ehtimalı var, ölkədə tikinti bumu hələ ötən ildən sönüb, metallurgiya sənayesi çökür, işsizlik artır, strateji valyuta ehtiyatları azalır. Çünki neft-qaz daha əvvəlki həcmdə gəlir gətirmir.
  • Yazılıb
  • da (də) 2009 Feb 12