Tarix : 2009 Feb 12
Kod 10552

TÜRK NAZİRİN BAKI SƏFƏRİNİN SİRRİ AÇILDI

Türkiyə və Ermənistan arasında aparılan danışıqlarda Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri ilə bağlı anlaşma əldə edilib
Azərbaycan servisi/Aran Agentliyi
Türkiyə və Ermənistan arasında aparılan danışıqlarda Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri ilə bağlı anlaşma əldə edilib. Bu anlaşma xarici işlər naziri Əli Babacanın Münhendə Ermənistan xarici işlər naziri və prezidenti ilə apardığı danışıqlarda müzakirə olunub, daha sonra müzakirələr Bakıda davam etdirilib. Türkiyədə nəşr edilən “Hürriyet” qəzeti dünənki manşet məqaləsində belə yazır. Qəzetin yazdığına görə, Babacan ötən həftə Münhendə Serj Sərkisyan və Edvard Nalbəndyanla görüşəndən sonra azərbaycanlı həmkarı Elmar Məmmədyarovu da yanına alaraq Bakıya yola düşüb.
Nazirlərin özəl alman şirkətlərinin birindən kirayələnən “Challenger 605" markalı təyyarə ilə Bakıya uçduqları bildirilir. Xatırladılır ki, Babacan Bakıda prezident İlham Əliyevə Münhendə erməni tərəfi ilə apardığı danışıqlar haqda məlumat verib və ertəsi gün Ankaraya dönüb. Bu diplomatiya trafikinin nəticəsinə əsasən belə deyilir ki, Ermənistan tərəfi Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinə dair təkliflərə müsbət baxır.
Prinsip anlaşmasına görə, Ermənistan Azərbaycanın işğal altındakı 6 rayonunu mərhələ-mərhələ azad edəcək, Azərbaycan da Ermənistanın şosse və dəmiryolunu açacaq. Qəzet tərəflərin yeni tənzimləmə planına Türkiyənin köməyi ilə yaxınlaşdıqlarını bildirir. Yazıda qeyd olunur ki, Babacanın Münhen-Bakı xətti ilə baş tutan diplomatik səfərindən sonra Ermənistan Dağlıq Qarabağda azərbaycanlıların toplam olaraq yaşadıqları 6 rayonu mərhələ-mərhələ Azərbaycana qaytarmağa razıdır. İlk etapda tərəflər arasında uzlaşılan məqamlar aşağıdakılardır:
  1. Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağı əhatə edən 5 rayon - Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan Azərbaycana qaytarılacaq.
  2. Evlərini tərk etmək zorunda qalmış məcburi köçkünlər yurdlarına geri dönə biləcəklər.
  3. Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün region bir müddətliyə müvəqqəti hökumətə veriləcək. Status müəyyən edildikdən sonra Kəlbəcər rayonu da Azərbaycana qaytarılacaq. Buna qarşılıq olaraq Azərbaycan Ermənistanın şosse və dəmiryolunu açacaq.
  4. Ermənistan və Dağlıq Qarabağ arasındakı sərhəd bölgəsinə beynəlxalq sülhməramlılar yerləşdiriləcək. Bu qüvvələrin tərkibində tərəf və müdaxiləçi ölkələr (Türkiyə və Rusiya) yer almayacaq.
Qeyd edək ki, bir gün əvvəl “Sabah” qəzeti də Türkiyənin Ermənistan və Azərbaycanla apardığı təmaslar zamanı Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinə dair anlaşmanın yaxın vaxtlarda əldə edilə biləcəyi haqda məlumatlar yaymışdı. “Hürriyet” qəzetinin yazısında göstərilən həmin nizamlama prinsipləri əslində yeni xəbər sayılmamalıdır. Çünki həmin prinsiplərin hamısı neçə vaxtdır danışıqlar masasında yer alan Madrid prinsipləri adlı sənəddə əksini tapıb. Ancaq “Hürriyet” qəzeti bu sənəddəki prinsiplərdən birini göstərməyib. O da Dağlıq Qarabağın statusunun referendumda müəyyən edilməsidir. Yəni əvvəlcə 5, daha sonra 1 rayonun azad edilməsi referenduma qədər baş verməlidir. Həmçinin səsverməyə qədər Dağlıq Qarabağda müvəqqəti idarəçilik formalaşdırılacaq. Məsələ ondadır ki, “Hürriyet”in göstərmədiyi prinsip elə danışıqların uzanmasının başlıca səbəbidir. Belə görünür ki, Türkiyə də münaqişənin bu prinsiplər daxilində həllinə müsbət baxır. Yəni Ankara Qarabağda referendum keçirilməsinə qarşı deyil. Bunu təəccüblü qəbul etmək də düzgün olmazdı, çünki rəsmi Bakı öz referendum prinsipinin yer aldığı sənədi danışıqlar üçün qəbul edib və Dağlıq Qarabağın yekun statusunun səsvermədə müəyyən edilməsini mümkün sayır.
Xəbər verildiyi kimi, bugünlərdə ABŞ-ın Ermənistandakı səfiri və ATƏT Parlament Assambleyasının prezidenti də bu il ərzində münaqişənin nizamlanmasının baza prinsipləri üzərində anlaşma əldə edilə biləcəyini deyiblər. Elə Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza da yaxın aylarda razılaşmanın əldə edilə biləcəyini istisna etməyib: “Mən Qarabağ münaqişəsi ilə bağlı yaxın vaxtlarda hansısa sənədin imzalanacağından məlumatsızam. Ermənistandakı səfirimizin bəyanatındakı sitatlarla da tanış deyiləm. Amma ümid edirəm ki, yayda baza prinsipləri üzərində razılaşma əldə olunacaq. Lakin o zaman hansısa sənədin imzalanıb-imzalanmayacağını demək çətindir. Baza prinsipləri razılaşdırılarsa, sülh müqaviləsinin təməli yaranmış olacaq”.
M.Brayzanın fikrincə, ola bilər ki, yayda prezidentlər hansısa sənədi imzalamaq istədiklərini deyə bilərlər. Lakin onlar bunu etməyə də bilər: “Biz prezidentlər Əliyev və Sərkisyan arasındakı danışıqların müsbət inkişafını qoruyub saxlamalıyıq. Onların Sürix görüşü pozitiv və mənim bu günə kimi izlədiyim görüşlər arasında ən məhsuldar görüş idi. Prezidentlərin hər ikisi çox təşəbbüskar idi, onlar son fikir ayrılıqlarını aradan götürmək üçün yollar axtarır. Hesab edirəm ki, bizim real şansımız var. Razılaşma çətin olsa da balanslı və ədalətli olmalıdır ki, Azərbaycanın ən vacib tələbinə - ərazi bütövlüyünün təmin edilməsinə cavab versin. Yeri gəlmişkən, ABŞ, Rusiya, Fransa və bütün Minsk Qrupu Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
Amerikalı həmsədrin sözlərinə görə, razılaşma Azərbaycanın ərazi bütövlüyü və ermənilərin öz müqəddəratını müəyyən etmək arzusunu əhatə etməlidir: “Çünki ermənilər deyir ki, bu, onlar üçün ən vacib məsələdir. Həmsədrlər belə bir razılaşmaya nail olmağın yolları barədə təkliflərini təqdim edib. İndi çalışırıq ki, sənədi yekunlaşdıraq və hər iki tərəfin maraqlarına cavab verən balansı qoruyaq. Bizim prioritetimiz bu işi sona çatdırmaqdır”.
  • Yazılıb
  • da (də) 2009 Feb 12