Azərbaycan servisi/Aran Agentliyi
Dünən Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyaların sədrləri Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında toplantı keçiriblər. Tədbir barədə “Yeni Müsavat”a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, iclasda hərəkata daxil olan partiyalar vahid referendum qərargahı yaratmaq barədə qərar qəbul ediblər.
“Qərara alındı ki, hərəkata daxil olan partiyaların liderləri qərargahı təşkil etsinlər. Qərargahda hərəkata daxil olan bütün partiyaların sədrləri təmsil olunacaq. Qərargahın fəaliyyətinin koordinasiya edilməsi isə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa həvalə edildi. Vahid referendum qərargahını təşkil edən liderlərin verdiyi siyasi qərarları icra etmək üçün İşçi Qrup da formalaşdırıldı”.
Vahid referendum qərargahının hansı partiyanın binasında yerləşəcəyinin hələ dəqiqləşdirilmədiyini söyləyən ADP sədri bildirdi ki, qurumun dünənki ilk iclasında Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün təkliflər də hazırlanıb: “Vahid referendum qərargahı adından göndərilən təkliflərdə telekanallarda təbliğatın hansı formada qurulması ilə əlaqədar məsələlər də yer alır. Bir qayda olaraq, MSK təbliğat üçün 3 saat vaxt ayırır. Hansı ki, bu, qanunla nəzərdə tutulan ən aşağı həddir. Biz təklif edirik ki, bu müddət 6-9 saatadək artırılsın. Bundan başqa, televiziya çıxışlarının müəyyənləşdirilməsi üçün püşkatmanın da yubadılmamasını tövsiyə etmişik. MSK hər dəfə püşkatmanın vaxtını uzadır, nəticədə biz bir həftə ərzində təbliğat aparmaqdan məhrum oluruq”.
S.Cəlaloğlu toplantıda digər məsələlərin də müzakirə olunduğunu dedi: “Həmin məsələlər sırf təşkilati işlərlə bağlıdır. Bunlar barədə açıqlama vermək MSK tərəfindən vaxtından əvvəl təşviqata başlamaq kimi qiymətləndirilə bilər, odur ki, onlar barədə danışmaq mümkün deyil. Dünənki toplantıda biz həmçinin, MSK-ya komissiya üzvünün göndərilməsi, vəkillərin müəyyənləşdirilməsi məsələsini də müzakirə etdik. Lakin bununla bağlı qərar növbəti iclasda veriləcək”.
S.Cəlaloğlu vətəndaş hərəkatının referendumla bağlı təşviqat kampaniyasının imkan verdiyi bütün tədbir və aksiyalardan istifadə edəcəyini dedi: “Bütün bölgələrdə plakatların, digər təşviqat materiallarının yayılması, Bakıda və əyalətlərdə görüşlərin, aksiyaların keçirilməsi planı var”.
Bəs dünənki tədbirdə Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların liderləri iştirak ediblərmi? S.Cəlaloğlu bildirdi ki, burada söhbət bir qurum olaraq DUİ-nin vətəndaş hərəkatının toplantılarına qatılmasından getmir: “Bu, DUİ-yə daxil olan partiyaların bizimlə əməkdaşlığı kimi qəbul olunmalıdır. Bugünki (dünənki-red.) toplantıda da DUİ-yə daxil olan Milli Demokrat Partiyası iştirak edib. Qurumdakı digər partiyalar isə Sülh və Demokratiya İnstitutunun ofisində keçirilən birgə müzakirələrdə əməkdaşlıqla bağlı konkret qərar vermədikləri üçün onların tədbirlərimizdə iştirakları könüllüdür. Amma biz fevralın 14-də keçiriləcək növbəti toplantımıza həm DUİ-yə daxil olan bütün partiyaları, həm də Milli İstiqlal Partiyasını dəvət edəcəyik. Bizim məqsədimiz odur ki, referendumla bağlı mövqeləri üst-üstə düşən partiyalar birgə fəaliyyət göstərsinlər ki, iqtidarın hansısa manevrlər etmək imkanları məhdudlaşsın”.