Azərbaycan müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətlində müəyyən ipucları artıq istintaqçılara bəllidir
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətlində müəyyən ipucları artıq istintaqçılara bəllidir. Ən şok gəlişmə budur ki, generalın snayper tərəfindən vurulması aydınlaşıb. Bundan başqa, yaradılmış istintaq qrupunun apardığı araşdırmalar nəticəsində cinayətdə istifadə edildiyi güman olunan bir neçə avtomobil müəyyənləşdirilib. Həmin avtomobillərin üzərindəki dövlət nömrə nişanlarının qətldən əvvəl Nəsimi rayonu ərazisindəki avtomobillərdən oğurlandığı üzə çıxıb.
İstintaqa yaxın mənbədən aldığımız məlumata görə, oğurlanan nömrələrdən biri “Mercedes”, digəri isəÿ "VAZ 2107" markalı avtomobillərə aiddir. Bundan başqa, məlum olub ki, cinayətkarlar hadisədən əvvəl eyni markalı 2 avtomobil əldə ediblər, həmin avtomobillərə isə oğurluq nömrələri bağlayaraq, generalı qanlı cinayət baş verməzdən 3-5 gün əvvəldən izləyiblər. İzləmə nəticəsində cinayətkarlara məlum olub ki, general səhər evdən çıxaraq xidməti “Mitsubişi Qalant” markalı, 10 00 HM nömrə nişanlı avtomobilə əyləşərək işə yolanır. Yolüstü isə sürücü adəti üzrə avtomobili Beynəlxalq Bankın arxasındakı zibil yeşiklərinin yanında saxlayır və avtomobildən düşərək generalın evindən götürdüyü zibil torbasını oraya atır. Bundan sonra isə generalın əyləşdiyi maşın yoluna davam edir və R.Rzayevin iş yerinə - Müdafiə Nazirliyinin həyətinə daxil olur. Geri dönəndə isə general əksər vaxtlarda birbaşa evə qayıdırmış.
Yeganə şahid hadisəni necə təsvir edib?
Sui-qəsdçilərin generalı məhz zibil yeşiklərinin yanında qətlə yetirmələri təsadüfi deyil. Çünki onun evi və iş yeri dövlət xüsusi mühafizə xidməti tərəfindən qorunduğuna görə orada ona yaxın düşmək çətin olardı. Evi ilə Müdafiə Nazirliyi arasındakı 1,5 kilometrlik yol isə dövlət əhəmiyyətli olduğundan, həmin yerdə generalı qətlə yetirib cinayət yerindən uzaqlaşmağın asan olmayacağı da sui-qəsdi planlaşdıranlara aydınca görünə bilərdi.
Generalın snayper tərəfindən qətli ilə bağlı daxil olan sensasion məlumatda isə qeyd olunur ki, səhər 7:30-da general xidməti avtomobilinə əyləşib hadisə baş verən yerə gəldikdən sonra sürücüsü 1985-ci il təvəllüdlü Şövqü Xalid oğlu Seyfullayev zibil torbasını yeşiyə atmaq məqsədilə avtomobildən düşüb. Lakin avtomobilin qapısını bağlamamış salonda şüşə sınmasını xatırladan səs eşidib. Əvvəlcə avtomobilə arxadan digər avtomobilin çırpıldığını güman edən sürücü arxaya boylananda orada avtomobil və ya bir kimsəni görməyib. Əyilib salona baxanda isə o, general Rail Rzayevin arxa oturacaqda yarıuzanılı vəziyyətdə olduğunu, ağzından qan gəldiyini görüb. Sürücü generalın bir qədər əvvəl ürəyində cərrahiyyə əməliyyatı aparıldığını bildiyindən güman edib ki, R.Rzayevi infarkt vurub. Bu barədə o, dərhal xüsusi rabitə ilə qulluq etdiyi hərbi hissənin idarə mərkəzinə məlumat verib. Oradan isə sürücüyə təcili olaraq generalı Müdafiə Nazirliyinin hospitalına aparmağı tapşırıblar. Hospitalda generalı avtomobildən düşürdükdən və reanimasiyaya yerləşdirdikdən sonra onun boynunun ardında odlu silah yarası müəyyən edilib. Bundan sonra Rzayevin xidməti avtomobilnə baxış keçirilərkən arxa şüşədə, sağ tərəfdə güllə dəliyinin izi aşkarlanıb. Beləliklə, aydın olub ki, generalın xidməti maşını zibil yeşiklərinin yanında dayanarkən yaxınlıqdakı binalardan birinin damında mövqe tutmuş snayper açıdığı 1 atəşlə Rzayevi vurub. Ekspertlər snayperin professionallığını Rusiya xüsusi xidmət orqanlarındakı snayperlərlə müqayisə edirlər. Onun mövqe seçib cinayəti icra edəndən sonra görünmədən ərazini tək etməsi də ekspertlərin fikirlərini tamamlayır.
Snayper (kəskin nişançı) haradan atəş açıb?
Snayperin tutuduğu mövqe müəyyənləşdirilərkən, istintaqçılar iki binanın üzərində dayanıblar. Həmin binalar qətl baş verən yerin 10 metrliyində, yolun sağ və sol tərəflərində üz-üzə yerləşir. Biri yaxınlıqdakı 172 saylı məktəb, digəri isə “ANT” tikinti şirkətinin inşa etdirdiyi hündürmərtəbəli binadır.
Məhkəmə ballistik ekspertizanın rəyindən sonra snayperin atəşi hansı məsafədən açdığı müəyyənləşəcək. Bu isə istintaqçılara snayperin məhz həmin binalardan birində qərar tutduğunı deməyə əsas verəcək.
Müstəqil ekspertlər snayperin daha çox tikintisi yarımçıq olan binanın mərtəbələrindən birində qərar tutaraq gözləməsi versiyasının inandırıcı olduğunu deyirlər: “Məktəbin damına nəzarətçinin gözündən yayınıb çıxmaq elə də asan deyil. Qətl törədiləndən sonra oranı tərk etmək də problemlidir. Cinayətkarlar isə qeyd etdiyimiz kimi, generalın iş qrafikini müəyyən etmək üçün onu bir neçə gün güdüblər. Onun 7:30-7:40 radələrində evdən çıxıb xidməti avtomobilə əyləşdiyi, maşının evdən bir qədər aralıda zibil yeşiyinin yanında dayandığını müəyyən ediblər. Hadisə baş verən gün həftənin 3-cü günü olduğundan 7:30-7:40 radələrində məktəbə uşaqlar valideynləri ilə birgə gəlməyə başlayırlar. Bu isə cinayəti törətdikdən sonra ərazini tərk edən snayperin üzünün çoxsaylı şahidlər tərəfindən görülməsi ehtimalını ortaya çıxarır. Əraziyə diqqət yetirildikdə isə dərhal aydın olur ki, çoxmərtəbəli binanın tikintisi aparılan yer Beynəlxalq bankın kameraları üçün ”əlçatmazdır". Ora daxil olmaq üçün snayper binanın arxa tərəfindən yaxınlaşıb elə də hündür olmayan dəmir təbəqədən olan hasarı aşıb, sakitcə istənilən mərtəbəyə qalxıb əlverişli mövqe tuta bilərdi. Cinayəti törətdikdən sonra isə gəldiyi yolla da ərazini sakitcə tərk edib İnşaatçılar prospektindən və ya digər küçələrlə diqqəti cəlb etmədən çıxıb gedə bilərdi".
Başqa mənbələr nə deyir?
Hüquq-mühafizə orqanlarındakı mənbə APA-ya qəzetimizə daxil olan sensasion məlmatları təsdiqləyən açıqlama verib. Orada bildirilir ki, sürücü R.Rzayevin yaşadığı İnşaatçılar prospekti, 533-cü məhəllə ünvanında yerləşən evindən təxminən 500 metr aralıda, İsmayılbəy Qutqaşınlı küçəsi, 125 ünvanında zibili atmaq üçün avtomobili saxlayıb. Sürücü zibili qutulara atıb qayıtdıqda generalın hərəkətsiz vəziyyətdə olduğunu görüb. R.Rzayev əvvəllər infarkt keçirdiyindən sürücü elə bilib ki, o, yenə də infarkt keçirib. Generalı təcili MN-in Mərkəzi Hərbi Hospitalına çatdıran sürücü həkimlərə də R.Rzayevin infarkt keçirdiyini bildirib. Lakin həkimlər generalı müayinə etmək istəyərkən onun başının arxa hissəsindən güllə ilə vurulduğu üzə çıxıb. Sürücü məhz bundan sonra avtomobilin arxa şüşəsində güllə yeri olduğunu görüb. İlkin müayinə zamanı o da aydın olub ki, generalın başının arxasından dəyən güllə qarşı tərəfdən çıxmayıb, başında qalıb.
Mənbənin dediklərindən məlum olur ki, R.Rzayevə atəş sürücü zibili atmaq üçün avtomobildən aralanan kimi açılıb. General başından bir güllə ilə vurulub. Ortada olan faktlar qətlin peşəkar qatil tərəfindən törədildiyini söyləməyə əsas verir. Generalın 1 güllə ilə qətlə yetirilməsi də qatilin peşəkarlığının və özünə əminliyinin göstəricisidir. Təcrübə göstərir ki, peşəkar qatillər qurbanlarının öldüyünə əmin olmaq üçün onların başının arxa hissəsindən “kontrol” atəşi açırlar. R.Rzayevin qatili isə həm qəsdini, həm də “kontrol” atəşini bircə güllə ilə həll edib. Sürücünün maşından düşüb zibili atması epizodu da qatilə yaxşı məlumdur. Belə çıxır ki, qatil bu səhnəni dəfələrlə müşahidə edib. O, maşının harada saxlanacağını, sürücünün zibili hara atacağını, generalın maşının oturacağında hansı şəkildə əyləşdiyini dəqiqliklə öyrənib. Bu isə yalnız uzun müddətli müşahidələrin nəticəsində mümkün ola bilər. Bu yerdə xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin baş qərargah rəisi Nəcməddin Sadıqov da R. Rzayevin bir müddətdir izləndiyini açıqlayıb.
Qatil hava proqnozunu da nəzərə alıb
R.Rzayevin hansı silahdan açılan atəşlə qətlə yetirildiyi hələlik açıqlanmasa da, ehtimallar snayper tüfəngin üzərində dayanır. Çünki atəş müəyyən məsafədən açıldığından və hədəfə dəqiq dəydiyindən hadisənin tapança və ya digər silahla törədildiyi ağlabatan görünmür. Qətlin müəyyən uzaqlıqdan optik cihazlı snayper tüfəngdən açılan atəşlə törədildiyi daha real versiyadır. Bu versiyanı qüvvətləndirən amillərdən biri də hadisənin baş verdiyi ərazidə xeyli sayda təhlükəsizlik kamerasının olmasıdır. Qatil bu amili nəzərə almaya bilməzdi. Odur ki, onun niyyətini yaxın məsafədən həyata keçirdiyi inandırıcı deyil. Atəşin müəyyən məsafədə avtomobildən açılması da real görünmür. Çünki rəsmi məlumatlara görə, hadisə 11 fevral saat 07.30-da - hava işıqlaşarkən, özü də avtomobillərin və insanların hərəkətinin intensiv olduğu yerdə baş verib. Belə olan halda qatilin müəyyən məsafədə saxlanmış avtomobildən qarşıda dayanmış avtomobilə atəş açdığı istisna olunur. Belədə bir versiya qalır. Atəş ətrafdakı, daha doğrusu, R.Rzayevin avtomobilinin dayandığı yerin arxasındakı binalardan birindən snayper tüfənglə açılıb.
Maraqlı məqam odur ki, qatil qətli planlaşdırarkən hava şəraitini də nəzər alıb. Hava proqnozunu izləyən qatil niyyətini məhz yağışlı havada reallaşdırıb. Bu isə hadisə yerində və ətrafda izlərin silinməsi deməkdir. Qatil bununla hüquq-mühafizə orqanlarını cinayətin üstünün açılması üçün mühüm vasitədən-izdən məhrum edib. Bu da onun peşəkarlığının daha bir göstəricisidir.
İstintaqda irəliləyiş var
Yuxarıda qeyd olunan məqamların xeyli hissəsi çox güman ki, artıq hadisəni araşdıran istintaq qrupuna məlumdur. Düşünürük ki, hadisənin hansı silahla, hansı məsafədən törədildiyini tibbi və ballistik ekspertizalarla müəyyənləşdirmək elə də çətin deyil. İndi əsas məsələ qətlin motivini və qatili tapmaqdır. Artıq faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarındakı mənbə isə istintaqın gedişində müəyyən irəliləyişlərin olduğunu bildirib.
Sonda onu da qeyd edək ki, qanlı cinayətlə bağlı Daxili İşlər, Milli Təhlükəsizlik və Respublika Prokurorluğunun yaydığı birgə məlumatda cinayətin detalları barəsində heç bir məlumat verilmir.