Tarix : 2009 Feb 13
Kod 10589

ƏRBƏİNİ YAŞATMAQ MÖMİNİN ƏLAMƏTLƏRİN DƏNDİR...

.
Beynəlxalq Servisi/Aran Agentliyi
Ərbəin günlərini yaşamaqdayıq. Ərbəin Kərbəla məktəbinin banisi İmam Hüseyn (ə) və şühədalarının şəhadətinin 40-cı günü ilə əlamətdardır. Ərbəin keçirilməsinin zərurətinin fəlsəfəsi, onun mahiyyətinə münasibəti mövzusunda ekspertlərin düşüncələrini araşdırdıq. Ərbəin niyə keçirilir? Onun keçirilməsi zərurəti nədən qaynaqlanır? kimi suallarla ekspertlərimizə müraciət etdik. Onların dəyərli rəyləri ilə tanış olaq.

Hacı Əhliman Rüstəmov, ilahiyyatçı-alim, «Hacı Cavad» məscidinin imam-camaatı:

- Müqəddəs mətnlərdə möminin əlamətləri ilə bağlı belə çatdırışlar vardır: barmağına gümüş üzük taxar, namazlarda “Bismillah”ları ucadan deyər və İmam Hüseynə (ə) Ərbəin saxlayar. Hədislərdə, rəvayətlərdə İmama (ə) Ərbəin saxlamaq, şəhidlərə qırx mərasimini saxlamaq müstəhəb, bəyənilmiş əməl kimi qiymətləndirilmişdir. Həmişə də bu gün xüsusi bir formada qeyd olunub. Mənim lap keçmişdən, uşaq vaxtımdan yadımdadır ki, bu münasibətlə evlərdə xüsusi məclislər təşkil edərdilər. Belə məclisdə İmam Hüseynin (ə) Ərbəini növbə ilə keçirilərdi. Hətta camaat məclislərə sığışmayanda Ərbəindən bir neçə gün əvvəl və sonra da bu məclislər keçirilərdi.

Bu həm şəri cəhətdən müstəhəb əməldir, İmam Hüseyn (ə) və Kərbəla şəhidləri yad olunur. Həm də əxlaqi cəhətdən bu əməlin insanlara təsiri, faydaları vardır.

Hacı Mir Cəfər Əyyubov, ilahiyyatçı-alim:

- Qurani-Kərimdə Əyyamullah - ilahi günlər xüsusi əhəmiyyətlə qeyd olunur. İlahi günlərin meyarı Allahı xatırladan, Allah Təalanın qəbul etdiyi dəyərlərə əhəmiyyətli yanaşan günlər nəzərdə tutulur. Ona görə də Ərbəin də Aşura kimi İmam Hüseynin (ə) ilahi qiyamının zikridir, qeyd olunmasıdır. Ona görə də çox əhəmiyyətlidir və bir daha insanların ilahi mərdlik, cəsarət, qeyrət ruhunu diriltmək üçün çox gözəl vasitədir.

Kərbəlayi Zülfüqar Mikayılzadə, Quran və hədis elmləri üzrə mütəxəssis, ilahiyyatçı-еkspеrt:

- Bismillahir Rəhmanir Rəhim! Qurani-Kərimin çoxlu ayələrində gəlmişdir ki, Allahın günlərini və Allaha mənsub olan ayinlərini qorumaq, onları təbliğ etmək, yaşatmaq ən böyük savablardan sayılır və bu insanların təqvasından xəbər verir. Bu ayələrə əsasən Quranda buyurulur ki, “Allahı əks etdirən hər nə varsa, hətta Qurani-Kərim Allahın nişanələridir. İmam Hüseyn (ə) ağanin da mərasimi, qiyamı, Kərbəla hadisələri böyük bir məktəb olduğu üçün, insanları cəhalət kəndirindən, zəlalət zəncirindən qırıb nura tərəf apardığı üçün - təbiidir ki, onu yaşatmaq, insanlara çatdırmaq zəruridir, vacibdir. Xüsusilə bunu əza şəklində, Ərbəin qeyd etməklə, ehsan verməklə, mərsiyə deməklə insanların şüurlarına həkk etdirmək ən böyük savab, ən böyük işlərdəndir.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 13