Azerbaijan servisi /Aran Agentliyi
Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilərək, əksər üzvləri yaxalanıb. Müəyyən olunub ki, paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında “Quest net” firması adı altında fəaliyyət göstərən bu cinayətkar şəbəkə işə götürəcəkləri barədə yalan vədlər verməklə, əsasən gəncləri zərgərlik məmulatlarının satışına cəlb ediblər.
Onlar, on minlərlə vətəndaşa çəkisi 3 qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən 10 dəfə baha qiymətə - 800-1500 ABŞ dollarına sataraq, külli miqdarda qazanc götürüblər.
Firmanın rəhbərləri, mal almış hər bir şəxsin sonradan iki nəfərin, sonuncuların isə daha dörd nəfərin pulunu almaqla və bu işi həndəsi silsilə şəklində davam etdirməklə şəbəkə üzvlərinin artımına nail olublar. Eyni zamanda, fəallıq göstərəni “lider” adlandıraraq, satış rəhbəri qismində müstəqil fəaliyyətə həvəsləndirmiş, həmçinin insanları inandırmaq və kriminal şəbəkəyə daha çox vətəndaş cəlb etmək üçün ofislərində seminar və praktiki məşğələlər təşkil ediblər. Piramida üsulu ilə qurduqları cinayətkar şəbəkəyə cəlb olunmuş vətəndaşlardan aldıqları pullar hesabına özlərinə yüksək əməkhaqqı götürüb, eləcə də ofis, kommunal və digər xərclərini ödəyiblər.
Müəyyən olunub ki, “Quest net” firmasının mərkəzi ofisi Çin Xalq Respublikasının Honq-Konq şəhərində off-şor zonada yerləşir. Firmanın Azərbaycandakı agentliyinin rəhbəri, Saatlı rayonunda anadan olmuş 42 yaşlı Valeh Ağayevin təşkilatçılığı ilə cinayətin qurbanına çevrilmiş 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verilib, daha 15 minə yaxın sadəlövh vətəndaş hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadılıblar.
Xüsusi qeyd edilməlidir ki, dəyəri 5 dollardan 96 dollaradək olan qızıl əşyalar Valeh Ağayevin vasitəsi ilə mütəmadi şəkildə Bakı şəhərinə gətirilərək əvvəlcədən pulu alınmaqla vətəndaşlara paylanıb. Yığılan pulların cüzi bir qismi Honq-Konqdakı bank hesabına köçürülərək, Almaniyadan ucuz zərgərlik məmulatlarının alınmasına yönəldilib, əksər hissəsi isə şəbəkədaxili elektron kart vasitəsi ilə nəqdləşdirilərək talanıb.
Mütəşəkkil cinayətkar dəstənin Binəqədi rayonunda yerləşən ofisinə baxış zamanı 859 ədəd müxtəlif zərgərlik məmulatı, hədiyyələr, kompüterlər, habelə hesabatlar və digər sənədlər aşkar edilərək götürülüb.
Firmanın 23 satış mərkəzində işləyən 41 nəfər saxlanılıb, o cümlədən Valeh Ağayev və onun üç yaxın əlaltısı həbs ediliblər.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.