Tarix : 2009 Feb 15
Kod 10631

XANLAR VƏLİYEV RAİL RZAYEVİ NİYƏ DİNDİRİB?

Hərbi Prokurorluqdan sızan məlumatlara görə, general Rail Rzayev ölümündən bir gün qabaq Hərbi Prokurorluga çagrılıb və orada hərbi prokuror Xanlar Vəliyev tərəfindən dindirilib
Azərbaycan servisi/Aran Agentliyi
Hərbi Prokurorluqdan sızan məlumatlara görə, general Rail Rzayev ölümündən bir gün qabaq Hərbi Prokurorluga çagrılıb və orada hərbi prokuror Xanlar Vəliyev tərəfindən dindirilib. Qeyd edək ki, HHQ və HHM-in maddi texniki təminat idarəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, polkovnik Mehdi Abbasov cəmi bir ay bundan əvvəl hərbi tribunalda şərti iş alaraq azadlığa buraxılıb.

General-leytenant Vəliyevin isə general-leytenant Rzayevi bu, yoxsa başqa məsələ ilə bağlı dindirməsi barədə hələlik səhih, təsdiqlənmiş məlumatımız yoxdur.
Ancaq 2007-ci ilin fevralında day.az saytında dərc olunmuş bir xəbər bu baxımdan maraqlı ola bilər. “Azərbaycanın hərbi prokuroru: “HHQ-nin və HHM-in 15 zabiti dövlət əmlakını talamaya görə cinayət məsuliyyətinə cəlb edilib” başlıqlı xəbər belədir: “Azərbaycanın Hərbi Prokurorluğu Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə qoşunlarının hissələrində yoxlamanı davam etdirir. Bu barədə hərbi prokuror, general-leytenant Xanlar Vəliyev məlumat verib. Vəliyevin sölərinə görə, Şəmkir rayonu ərazisindəki hərbi hissələrdə bir sıra qanun pozuntuları aşkar olunub: “Yoxlamalar davam etdirilir, artıq HHQ və HHM-in 15-dən artıq zabiti cinayət məsuliyyətinə cəlb edilib. Onlar dövlət əmlakını mənimsəməkdə ittiham olunurular”.

HHQ və HHM qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin barəsində cinayət işi qaldırılması barədə yayılmış söz-söhbətə gəlincə, X.Vəliyev bu faktı təsdiq etməyib: «HHQ və HHM-in komandan müavini cinayət məsuliyyətinə cəlb olunub və həbs edilib. İstintaq başa çatandan sonra iş məhkəməyə göndəriləcək”. Öz növbəsində müdafiə naziri Səfər Əbiyev bildirib ki, hərbi prokurorluqla yanaşı, nazirlik tərəfindən də strukturdaxili yoxlamalar aparılır” (27 fevral, 2007-ci il, Day.az).

Göründüyü kimi, general Rail Rzayevin xidməti işlərdə problemləri varmış. 1 ay əvvəl azad edilən Mehdi Abbasov isə böyük ehtimalla X.Vəliyevin “onun müavini” adlandırdığı şəxsdir. Ancaq bu məsələnin generalın qətli ilə hər hansı bağlılığı olub-olmadığını istintaq müəyyənləşdirməlidir.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 15