Azərbaycan servisi/Aran Agentliyi
Sahib Məmmədov: «Əmək bazarında vəziyyət getdikcə gərginləşir»
«Biz bir müddət əvvəl xəbərdarlıq edirdik ki, dünyada başlayan böhran Azərbaycana da gələcək və ilk olaraq ölkənin əmək bazarına təsir edəcək. Proqnozlarımız artıq özünü doğruldur. Neftin qiymətinin aşağı düşməsi ilə paralel olaraq ölkənin dövlət büdcəsi iri investisiya layihələrini həyata keçirməyə imkan vermir». Bunu Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, əslində iri layihələrlə bağlı infrastruktur yaradılmışdı: «İndi də iş yerlərinin itirilməsi prosesi getməkdədir. Qeyd edim ki, əsasən iş yerlərini qeyri-formal sektorda işləyən vətəndaşlar itirirlər. Bu səbəbdən iş yerlərini itirənlərin rəsmi sayı yoxdur. Çünki Azərbaycan qeyri-rəsmi sektorda işləyənlərin sayı az qala rəsmi sektorda işləyənlərin sayından üstündür. Ancaq artıq rəsmi sektorda, banklarda, tikinti sektorunda, təmir, tikinti materiallarını hazırlayan, onun daşınmasını təşkil edən nəqliyyat sektorunda iş yerlərinin itirilməsi, nəticədə insanların əməkhaqlarını almaq imkanlarının məhdudlaşdırılması və alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə müşahidə olunur».
S.Məmmədov onu da deyib ki, onların təxmini hesablamalarına görə, Azərbaycanda iyirmi mindən çox insan iqtisadi böhranın nəticəsi olaraq öz iş yerlərini itirib: «Ancaq hökumət bəyan edir ki, rəsmi olaraq iş yerlərini itirən insanların sayı 3500-dür. Mən onların məlumatını inkar etmirəm, hökumət rəsmi məlumatlara, bizsə qeyri-rəsmi məlumatlara istinad edirik. Nəzərə alın ki, Bakı şəhərində intensiv tikinti bumu vardı. Artıq həmin bum sönməkdədi. Əmək müqaviləsinin olmamasına rəğmən, bu sektorda on minlərlə insan işləyirdi. Bu işçilərin əksəriyyəti regionlardan paytaxta glərək tikintidə işləyir və şəhərdə qalmaq üçün kirayə mənzillər götürürdülər. İndi bu mənzilləri sahiblərinə qaytararaq rayonlara qayıdıblar. Bütün bunlar isə əhalinin ümumi rifahına ciddi təsir göstərib».
S.Məmmədov daha ciddi problem kimi Azərbaycanın xaricdə olan işçi qüvvəsinin bir hissəsinin geri qayıtmasını qeyd edib: «Azərbaycan əhalisinin müəyyən hissəsi xarici ölkələrdə işləyir. Artıq həmin ölkələrə böhran daha dərin şəkildə təsir göstərib. Bu səbəbdən həmin işçi qüvvəsi artıq geriyə qayıdır. Bununla paralel olaraq isə böhranın daha ciddi təsir etdiyi dövlətlərdən işçi miqrantlar ölkəyə qeyri-qanuni şəkildə daxil olmaqda davam edir. Bu isə Azərbaycanın əmək bazarını gərginləşdirir».
Ciddi sosial problemlərin olduğu bir zamanda QHT-lərin bu işlə bağlı ciddi fəaliyyət göstərmədiyinə, birgə tədbirlər keçirmədiyinə, hökumətə qiymətlərin aşağı salınması ilə bağlı müraciətlər etmədiyinə gəldikdə, S.Məmmədov Azərbaycanda vətəndaş cəmiyyətinin özünün böhran dövrü yaşadığını deyib: «Böhran dövrü hökumətin təzyiqləri ilə bağlı deyil. Əksinə, başqa sahələrə təzyiqlər olsa da, QHT-lərlə əməkdaşlıq güclənir. Amma QHT-lərdə insan resursları, peşəkarlıq sarıdan böhran var. Əvvəllər problemlərin həlli üçün bəyanatlar vermək lazım gəlirdisə, artıq bu mərhələdə professionallıq, hesabatlar hazırlamaq, bunu beynəlxalq qurumlara təqdim etmək, arqumentlərlə sənədi müdafiə etmək lazım gəlir. Hüquq müdafiə sferası isə bunu edə bilmir. Eyni zamanda əvvəlki bəyanatlar sistemidə artıq effekt vermir. Digər tərəfdən, bizim QHT-lərin çoxu monitorinq üzrə ixtisaslaşmayıb. Təsəvvür edin, monitorinq keçirmək, faktları üzə çıxarmaq, onu təqdim etmək və sonra da hökumətə sübut etmək lazımdır ki, bu sahədə problemlər var. Hökumət bizə deyir ki, gəlin problemi sübut edin. Bizdə isə sübut etmək mexanizmi bir qədər çətinləşib. Bir də bacarıqlı insanlar QHT-lərdə qalmırlar. Əmək haqqı, stabil iş yeri olmadığına görə mütəxəssislər bu sahəyə xüsusi maraq göstərmir».