Tarix : 2009 Feb 16
Kod 10641

MEŞƏ QARDAŞLARI CİNAYƏTKAR DƏSTƏNİN DAHA İKİ ÜZVÜ HƏBS EDİLDİ

davam etdirilən intensiv əməliyyat-istintaq tədbirləri ilə silahlı birləşmənin digər üzvləri - Xəlilov Amil Rza oğlu və Alazovi İbadət Məhəmməd oğlu da yaxalanaraq zərərsizləşdiriliblər
Azərbaycan servisi/Aran Agentliyi
MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, davam etdirilən intensiv əməliyyat-istintaq tədbirləri ilə silahlı birləşmənin digər üzvləri - Xəlilov Amil Rza oğlu və Alazovi İbadət Məhəmməd oğlu da yaxalanaraq zərərsizləşdiriliblər.

Qeyd edək ki, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan həmin qrup qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə yaradaraq Azərbaycan Respublikasında sabitliyin pozulmasına, dövlətin dünyəvi və demokratik inkişafdan çəkindirilməsinə yönəlmiş qanunsuz hərəkətlər törətməyi planlaşdırıb.
Silahlı birləşmənin üzvləri odlu silah və partlayıcı maddələrin əldə edilməsi və gizli surətdə respublika ərazisinə keçirilməsi, daşınması və saxlanılmasında, eləcə də Azərbaycanda terrorçuluq əməlinin, quldurluq və digər cinayətlərin törədilməsində iştirak ediblər. Qrupun üzvləri, həmçinin Bakı şəhəri, Nərimanov rayonundakı «Əbu Bəkr» məscidində 2008-ci il avqustun 17-də terrorçuluq törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilmiş «Meşə qardaşları» adlı silahlı birləşmənin rəhbərlərindən biri «Süleyman» ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil ediblər.
Müəyyən edilib ki, sihlahlı birləşmənin rəhbəri «Abdulla» ləqəbli Azər Misirxanovun göstərişinə əsasən qrupun üzvü Faiq Cəfərov barəsində axtarış elan olunan «Süleyman» ləqəbli Samir Mehdiyevlə birgə 2008-ci ilin sentyabr ayında Tovuz rayonuna gəlmiş və burada onu İbadət Alazoviyə təhvil verib. Bundan sonra İbadət Alazovi Samir Mehdiyevi Azərbaycan Respublikasının «Candargöl» adlı ərazisindən qanunsuz yolla xarici ölkəyə keçirib.
İbadət Alazovi 2008-ci ilin sentyabr və noyabr aylarında Amil Xəlilov ilə birlikdə, sonuncunun idarə etdiyi «VAZ-21013» markalı avtomaşında çoxlu sayda odlu silahı, o cümlədən qumbaraatan, avtomat və tapançaları, habelə xeyli qumbara və digər döyüş sursatını qaçaq yolla Azərbaycan Respublikası ərazisinə keçirərək Balakən rayonunda silahlı birləşmənin üzvü Faiq Cəfərova təhvil verib. İstintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə yuxarıda qeyd olunan şəxslərin cinayət əməlləri və onlar tərəfindən terrorçuluq məqsədilə ölkəyə silah gətirilməsi halları bir daha təsdiqlənmiş, istintaqa verilən ifadələr və digər dəlillərlə sübuta yetirilib.
Xatırladaq ki, zərərsizləşdirilmiş silahlı birləşmədən bütövlükdə terrorçular arasında «kamikadze kəməri» kimi adlandırılan və içərisində ümumilikdə 5 kiloqramdan artıq partlayıcı maddə olan 3 ədəd plastid, 1 ədəd 200 qramlıq trotil şaşkası, 2 ədəd «RPQ-7» tipli əl qumbaraatanı və ona aid 5 ədəd mərmi, 2 ədəd döyüş vəziyyətində olan «Muxa» tipli əl qumbaraatanı, 7 ədəd «AKS» tipli avtomat, 2 ədəd «AKSU» tipli avtomat, 1 ədəd «UZİ» tipli avtomat, 1 ədəd «EAQLE» tipli avtomat, 3 ədəd «Makarov» tipli tapança, 1 ədəd «Maqnum» tipli tapança, 1 ədəd «Umareks» tipli tapança, 1 ədəd «Siq Sauer» tipli tapança, 1 ədəd «Fort-14» tipli tapança və ona aid səsboğucu, 1 ədəd «Vinçester» tipli tüfəng, 57 ədəd müxtəlif avtomat silah və tapança üçün dolu daraq, 60 ədəd elektrodetonator, 22 ədəd partlayıcını kənardan elektron idarə etmə qurğusu, 12 ədəd «F-1» tipli əl qumbarası, 11 ədəd «RQD-5» tipli əl qumbarası, 5 ədəd xaricdə istehsal olunmuş əl qumbarası, 25 ədəd qumbara alışdırıcısı, 12 ədəd detonator üçün kapsula, 20 ədəd «KENWOOD» tipli radiostansiya, 10 ədəd siqnal fişəngi, 1 ədəd partlayıcı qurğu üçün nəzərdə tutulmuş saat mexanizmi, 1 ədəd kompas, habelə çoxlu sayda müxtəlif çaplı patron və digər hərbi ləvazimatlar aşkar olunaraq götürülüb.
Göstərilən bütün faktlar üzrə MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 29,214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd), 29, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa cəhd), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə), 229.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatını və partlayıcı maddələri və qurğuları hazırlama) 181.2.1-ci, 181.2.5-ci (quldurluq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qaçaqmalçılığı) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi istintaq olunur.
Cinayətkar qrupun digər üzvlərinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması, işin bütün hallarının araşdırılması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.
  • Yazılıb
  • da (də) 2009 Feb 16