Tarix : 2009 Feb 18
Kod 10654

PENTAQON AZƏRBAYCANA QOŞUN YERİTMƏK TƏLİMİ KEÇİR

Azərbaycan üçün müharibə ssenarisi hazırlanır
Azərbaycan Servisi/Aran Agentliyi

Azərbaycan  üçün müharibə ssenarisi hazırlanır
Komanda-qərargah təlimlərinin süjetinə görə, “təcavüzə məruz qalan Azərbaycan” kömək üçün ABŞ-a müraciət edir...

Pentaqon Azərbaycana qoşun yeridilməsi ssenarisi üzrə təlim keçib. “Lawrence Cournal World” qəzetinin yazdığına görə, təlimlər ötən həftə Fort Levenvorf Komanda və Baş Qərargah Kollecində (Fort Leavenworths Command and General Staff College) keçirilib və bir həftəyə yaxın davam edib.
Təlimlərə rəhbərlik edənlərdən biri, Amerika ordusunun mayoru Rayçel Sallivan kollecdə Azərbaycanın iri xəritəsinin qarşısında manevrlər haqda məlumat verərək bildirib ki, ssenariyə görə, təcavüzə məruz qalmış Azərbaycan kömək üçün ABŞ-a müraciət edir. Bu müraciətə cavab olaraq Xəzər sahilində yerləşən ölkəyə hərbi qüvvələr göndərilir.
“Biz gözləyirik ki, bu regionda ərzaq qıtlığı, su çatışmazlığı və başqa problemlər yarana bilər. İnsanlar bu cür probemlərlə üzləşərək öz evlərini tərk edəcək, bölgənin əsas yollarında sıxlıq yaranacaq”, - deyə Sallivan xəritə qarşısında qırmızı rənglə rənglənmiş yolları göstərərək deyib.
Məlumata görə, manevrdə 900-dən çox hərbçi və hərbi ekspert iştirak edib. Təlimlərin ssenarisinə görə, Azərbaycana onunla həmsərhəd olan və şərti olaraq “Ahuristan” adlandırılan ölkə müdaxilə edir. Lakin “Ahuristan” olaraq İranın yerləşdiyi bölgə göstərilir. Bu da onu deməyə imkan verir ki, Azərbaycana müdaxilə etmiş ölkə olaraq əslində İran nəzərdə tutulur. Və bundan sonra təcavüzə məruz qalan Azərbaycan hərbi kömək üçün ABŞ və onun müttəfiqlərinə müraciət edir.
Bildirilir ki, təlimlər zamanı Amerika ordusunun zabitləri kollecin müxtəlif otaqlarına səpələnərək kompyuterlərdən, canlı brifinqlərdən və toplantılardan istifadə edərək piyadaların, hərbi hava qüvvələrinin və zirehli qoşunların köməyi ilə Azərbaycanda “müharibə” aparıblar. Mayor Sallivanın başçılıq etdiyi qrup isə manevrlərdə hərbi əməliyyatlarla yanaşı, Azərbaycanda mülki fəaliyyətləri koordinasya edib, ölkədə vəziyyəti sabitləşdirmək planları qurub və əsas döyüş əməliyyatlarının başa çatmasından sonra yerli hökumətə qarşı mümkün qiyamın qarşısını almaq üzərində işləyib.
“Praktika göstərdi ki, biz İraqda döyüş əməliyyatlarından sonrakı mülki fəaliyyəti yaxşı həyata keçirmədik”, - deyə manevrləri izləyən istefada olan polkovnik, kollecin müəllimi Skot Porter bildirib. Manevrlərdə mayor Sallivan və digər zabitlər növbə ilə Azərbaycanda təcavüzün nəticələrinin aradan qaldırılmasından sonra stabilliyin necə təmin ediləcəyi haqda öz planlarını təqribən 15 dəqiqəyə izah ediblər. Dinləyənlər bu planları tərifləyərək deyiblər ki, zabitlər çox gözəl hazırlaşıblar.
Qeyd edək ki, bundan əvvəl də Pentaqonda Azərbaycana qoşun yeridilməsi variantları üzrə komanda-qərargah təlimləri keçirilib. Budəfəki manevrlər bir daha təsdiq edir ki, Vaşinqton Azərbaycanı özünün mümkün hərbi əməliyyatlar zonası kimi nəzərdən keçirir. Bu isə müxtəlif səbəblərdən baş verə bilər. Birincisi, manevrlərdə deyildiyi kimi, İranın hərbi müdaxiləsidir və belə görünür ki, müdaxilə baş versə Birləşmiş Ştatlar Azərbaycana öz hərbi qüvvələrini göndərməyə hazırdır. Artıq indidən bu məqsədlə hərbi manevrlər keçirilir. İranın Azərbaycana hərbi müdaxiləsi isə nəzəri cəhətdən o halda mümkün olardı ki, ABŞ bu ölkəyə qarşı hərbi əməliyyatlara başlasın və Azərbaycan ona dəstək versin. Bu halda İrandan gözlənilən mümkün təhlükələrdən biri də Azərbaycana cavab zərbələrinin endirilməsi ola bilər.
Dəfələrlə Qərb mənbələrində belə məlumatlar gedib ki, Pentaqonun İrana qarşı mümkün hərbi əməliyyatlar planında Azərbaycan da yer alır. Hətta bir ara Pentaqonda hazırlanan və Azərbaycan ərazisindəki hansı bazalardan İrana qarşı istifadə ediləcəyi göstərilən hərbi xəritə də yayılmışdı. Azərbaycan ABŞ-ın Xəzər regionunda güclü maraqlarının olduğu ölkədir və Pentaqonun təşkil etdiyi təlimlər üçün bu cür ssenarinin seçilməsi qətiyyən təsadüfi deyil. Bir qayda olaraq Pentaqon Amerika üçün gələcəkdə hərbi əməliyyatlar zonası ola biləcək bölgələrlə bağlı belə ssenarilər hazırlayır və onun əsasında təlimlər keçir.
Lakin burada bir məqam qeyd olunmalıdır ki, Azərbaycan “Ahuristanın”, yaxud başqa qonşusunun təcavüzünə məruz qalsa, Amerika ordusunun sınaqdan keçirilən ssenari üzrə ona köməyə gələcəyinə arxayın olmaq çətindir. Ən azından hamı gördü ki, ötən ilin yayında ABŞ Rusiyanın hərbi təcavüzünə məruz qalan Gürcüstana hərbi kömək üçün heç nə etmədi.
Bütün bunlar narahatlıq yaradır; ABŞ ordusu boş-boşuna bu cür təlimlər keçməz. Dəqiq məlumatlar var ki, Əfqanıstana və İraqa qoşun yeritməzdən öncə də Pentaqonda dəfələrlə analoji təlimlər keçirilib. Belə görünür ki, ABŞ Azərbaycanı gələcək savaşlara meydan kimi istifadə etmək niyyətindədir. Bizcə, bu fakta və öz ölkəsinin adının provokasion əməllərdə hədəf olaraq hallandırılmasına Azərbaycan iqtidarı rəsmən reaksiya verməlidir.

 

 

  • Yazılıb
  • da (də) 2009 Feb 18