“Bakı-İslam mədəniyyətinin paytaxtı - 2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcək
Azərbaycan servisi/Aran Agentliyi
Dünandən etibarən “Bakı-İslam mədəniyyətinin paytaxtı - 2009” mədəniyyət ilinin təntənəli açılış mərasiminə start veriləcək.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, Bakıda təşkil olunacaq açılış tədbirinə bir çox Avropa və İslam ölkələrindən şəhər merləri, dörd ölkənin nazirliklərindən nümayəndə heyəti, eyni zamanda mədəniyyət nazirləri dəvət edilib. Açılışda İSESKO-nun baş direktoru Əl-Tuveycrinin də iştirak edəcəyi gözlənilir.
Öncə Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edəcək qonaqlar daha sonra Heydər Əliyev sarayında təşkil olunacaq konsertdə iştirak edəcəklər. Konsertdə Azərbaycan musiqiçiləri ilə yanaşı Lids şəhərindən dəvət olunmuş xüsusi kvartet də çıxış edəcək.
İki gün müddətində şəhərin mərkəzi meydanlarında şənliklərin keçiriləcəyi, Avropa rəssamlarının da iştirak etdiyi bir sıra foto və rəsm sərgiləri, “Qədim Bakı” kitabının və “Bakı-İslam mədəniyyətinin paytaxtı - 2009” vebsaytının təqdimat mərasimi olacaq. Qeyd edək ki, “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin rəsmi açılış mərasimi bu gün Heydər Əliyev sarayında saat 12.00-da başlayacaq.