Bakı Apellyasiya Məhkəməsi “Əbu Bəkr” məscidinin fəaliyyətinə icazə verilməsi barədə iddianı təmin etməyib
Azərbaycan servisi/Aran Agentliyi
Bakı Apellyasiya Məhkəməsi “Əbu Bəkr” məscidinin fəaliyyətinə icazə verilməsi barədə iddianı təmin etməyib.
Bu barədə APA-ya “Nərimanov rayon dindarları” Dini İcmasının vəkili Cavanşir Süleymanov məlumat verib. O, məscidin açılmasına icazə verməyən Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayətə baxıldığını, hakim İlham Əsədovun sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin olunmadığını bildirib. C. Süleymanov yaxın günlərdə qərardan kasasiya şikayəti verəcəklərini söyləyib.
Qeyd edək ki, “Nərimanov rayon dindarları” Dini İcması “Əbu Bəkr” məscidinin açılması tələbi ilə Nərimanov rayon Polis İdarəsini məhkəməyə verib. Məhkəmə birinci dəfə iddianı təmin edərək məscidin fəaliyyətinin bərpası barədə qərar çıxarıb. Lakin sonradan cavabdeh tərəfin şikayəti əsasında məhkəmə işə yenidən baxıb və 2008-ci il dekabrın 23-də iddianı rədd edib. Buna səbəb kimi məsciddə baş vermiş terror hadisəsi ilə əlaqədar aparılan istintaqın hələ yekunlaşmaması göstərilib.