Tarix : 2009 Feb 19
Kod 10700

BAKIDA “CÜMƏ” NAMAZI QILINACAQ

Bu həftədən etibarən qılınacaq cümə namazında bu namaza aid bütün şərtlərə əməl olunacaq
Azərbaycan servisi/Aran Agentliyi

İbadətlər içərisində mühüm əhəmiyyətə və böyük fəzilətə malik olanlardan biri də “Cümə” namazıdır. Cümə namazı həftənin cümə günü zöhr namazının yerinə qılınır.

İmamın (ə) qaib olduğu dövrümüzdə hər hansı bir şəxs cümə və ya zöhr namazını qılmaqda ixtiyar sahibidir. Ümumilikdə cümə günü ibadət günüdür və cümə namazı bu günün məxsusi ibadətidir. Quranda buyurulur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (“əl-Cumuə”, 9). Uzun sürən fasilədən sonra nəhayət ki, bizim ölkədə də cümə namazı bərpa olundu.

Qeyd edək ki, bu həftədən etibarən Bakı şəhərində cümə namazı qılınacaq. Bu namaz Cəfəri məzhəbinə mənsub müsəlmanlar tərəfindən qılınacaq. Buna qədər əhli-sünnəyə aid müsəlman qardaş və bacılarımız cümə namazı qılırdılar. Ancaq, sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycanda Cəfəri məzhəbinə mənsub müsəlmanlar ilk dəfə bu cümə məxsusi Cümə namazı qılacaqar. Qeyd edək ki, bu Cümə namazı Bakıda, “Məşhədi Dadaş” məscidində qılınacaq.

Elə məsələ ilə bağlı fikrlərini öyrənmək üçün “Məşhədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli ilə söhbət etdik. O, bir daha bu cümə axundu olduğu məsciddə Cümə namazının qılınacağını təstiqlədi. “Bismillahir Rəhmanir Rəhim. İnşəallah bu həftənin cümə günündən etibarən məscidimizdə Cümə namazı qılınacaq. Gec-tez bu namaz Azərbaycanda da qılınmalı idi. Eyni zamanda bizə bu namazla bağlı saysız-hesabsız müraciətlər də olunurdu. Həmçinin şəriət də buna icazə verir. Əslində bu namaz çoxdan bərpa olunmalı idi. Bizdə xüsusi səbəb olmadan bu namazı öz məscidimizdə bərpa etdik”.

Hacı Şahin Həsənov həmçinin Cümə namazının bütün şərtlərinə əməl olunacağını bildirdi. “Bu həftədən etibarən qılınacaq cümə namazında bu namaza aid bütün şərtlərə əməl olunacaq. Cümə namazının qayda qanunlarında belə qeyd olunur ki, Cümə namazında günün ictimai-siyasi məslələrinə toxunulsun. Yəni, bu namazda siyasi məzmunda xütbə oxunması vacib deyil. Biz də ölkədə gedən siyasi proseslərə qarışmadığımız üçün, belə bir xütbə oxunulmayacaq. Amma, ümumiyyətlə müsəlmanların ümumi mənafeyinə aid olan məsələlər ki var, o məsələlər gündəmə gəldikcə toxunulacaq".

Hacı Şahin Həsənli həmçinin dünyəvi ölkədə Cümə namazının qılınmasına da aydınlıq gətirdi. “Cümə namazı təkcə İslam dövlətlərində qılınmır. Dünyanın hər yerində, bütün məzhəblər tərəfindən cümə namazları qılınır. Məsələn: Türkiyədə, İraqda, Suriyada və s. O ki qaldı Cümə namazında iştirak etməyin vacibliyinə, burda məsələ belədir ki, əgər hər hansı bir şəxs işdən və ya dərsdən çıxa bilmirsə onların bu namaza gəlməmləri vacib deyil. Elə əvvəlki kimi, kim zöhr va ya əsr namazını necə qılırdısa, o cürə də qılacaq”. Hacı Şahin Həsənov həmçinin qılınacaq namaza görə müctehidlərdən məxsusi icazə alınmasının vacib olmadığını bildirdi.

Sonda biz də öz növbəmizdə Hacı Şahin qardaşımıza işlərində müvəfəqqiyyətlər arzulayır, Allah təaladan ibadətlərinin və xalqımız üçün ediləcək dualarının qəbul olunmasını diləyirik. Cümə namazı barəsində redaksiyamıza sual verən oxuculara qısa olaraq bildirmək istəyirik ki, Cümə namazını qılan şəxsə zöhr namazını qılmaq vacib deyildir. Lakin zöhrü də ehtiyata əsasən qıla bilər. Cümə namazı iki rəkətlidir. Müstəhəbdir ki, həmd və surə ucadan oxunsun, birinci rəkətdə həmddən sonra “əl-Cumuə”, ikinci rəkətdə isə “əl-Munafiqun” surəsi oxunsun. Cümə namazında hər rəkətdə bir qunut vardır, 1-cisi rukudan əvvəl, 2-cisi isə rukudan sonra oxunur.Ümumilikdə cümə namazının hökmləri çox dərindir, həmçinin onu təşkil etmək də məsuliyyətli bir işdir. Təəssüf ki, cümə namazının hökmlərini kamil şəkildə bu yazıda əhatə etmək mümkün deyil. Ətraflı məlumat üçün müctəhdilərin risalələrinə müraciət etmək lazımdır.

  • Yazılıb
  • da (də) 2009 Feb 19