Tarix : 2009 Feb 19
Kod 10701

Bakı-İstanbul təyyarəsini Moskavaya endirmək cəhdi

Dünən Bakı-İstanbul reysi ilə uçan təyyarə Binə hava limanından havaya qalxan kimi onun göyərtəsində insident baş verib
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Bakı-İstanbul reysi ilə uçan təyyarə Binə hava limanından havaya qalxan kimi onun göyərtəsində insident baş verib. “AzAL”-a məxsus təyyarənin sərnişinlərindən biri - Türkiyə vətəndaşı olan Cəlaləddin Çöpolu adlı şəxs salonda qəfildən hay-küy salaraq təyyarənin İstanbula yox, Moskvaya doğru uçmasını tələb etməyə başlayıb.Özünə və davranışlarına nəzarət edə bilməyən, sərnişinlərlə aqressiv davranıb onlara hücum etməkdən çəkinməyən Cəlaləddin Çöpolunun bu hərəkətləri təyyarənin salonundakı adamları möhkəm qorxudub.

Cəlaləddinin nə dediyini anlamayan əcnəbi sərnişinlər xüsusilə ciddi qorxu keçiriblər. Təyyarə ekipajının olaya müdaxiləsindən sonra həmin şəxs qismən sakitləşib və əlavə problem yaranmayıb. Az sonra məlum olub ki, təxminən 30-35 yaşlarında olan Cəlaləddin Çöpolu ruhi xəstədir. Onun 4 aydan çox imiş ki, Maştağadakı ruhi-əsəb dispanserində müalicə aldığı da üzə çıxıb.
Redaksiyamıza bu barədə həmin reyslə İstanbula uçan jurnalistlərdən biri məlumat verib. O bildirib ki, Cəlaləddin Çöpolu təxminən 5 ay öncə Türkiyədən Naxçıvana, oradan isə təyyarə ilə Bakıya gəlib. Bir müddət Bakıda yaşayıb. Özünü çox qeyri-adekvat aparan, aqressivliyi ilə seçilən, ətrafdakı adamlara əlindəki oyuncaq tapançadan “atəş açan” Cəlaləddin Çöpolu paytaxt polisinin diqqətini cəlb edib. Polis türk vətəndaşını həbs edərək ətrafında araşdırma aparıb. Sonra isə onu Maştağadakı ruhi-əsəb dispanserinə yerləşdiriblər.
Xəbəri bizə verən həmkarımızın sözlərinə görə, Cəlaləddin Çöpolunu Bakı-İstanbul reysi ilə uçan təyyarəyə də Binə hava limanı təhlükəsizlik xidmətinin əməkdaşları mindiriblər. Amma qəribədir ki, ruhi xəstə ictimai yerə - özü də təyyarə kimi spesifik qapalı məkana - heç bir müşayiətçi şəxs olmadan, nəzarətçisiz, yaxud da sakitləşdirici iynə vurulmadan buraxılıb. Bunun qaydalara və təlimata nə dərəcədə uyğun olması yəqin ki, müzakirə edilməlidir.
Qeyd edək ki, jurnalist hamının qorxu ilə baxdığı Cəlaləddin Çöpoluna yaxınlaşaraq artıq sakitləşmiş bu şəxslə ünsiyyət də qurub. Bir çox təfərrüatlar da həmkarımızın həmin şəxslə söhbəti zamanı açılıb. Qeyd edək ki, təyyarə İstanbul hava limanına enən kimi aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları Cəlaləddin Çöpolunu onu gözləyən təcili yardım həkimlərinə təhvil veriblər.
  • Yazılıb
  • da (də) 2009 Feb 19