Fevral ayının 13-ü, səfər ayının 17-si İçərişəhər “Cümə” məscidinin icması Hacı İlqar İbrahimoğlunun imamlığı ilə cümə namazını qılıb
Azərbaycan servisi/Aran Agentliyi
Fevral ayının 13-ü, səfər ayının 17-si İçərişəhər “Cümə” məscidinin icması Hacı İlqar İbrahimoğlunun imamlığı ilə cümə namazını qılıb. 1920-ci ildə sovet işğalına məruz qalmış müsəlman Azərbaycanında 89 il sonra ilk dəfə qılınmış bu cümə namazı inanclı insanlarlar tərəfindən yüksək rəğbətlə qarşılanmışdır.
Bu əlamətdar hadisə ilə bağlı “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun fikirlərini öyrəndik.
- Öncədən bu əlamətdar hadisə münasibətilə Sizi təbrik edirəm. Lütfən, müstəqil Azərbaycanda Əhli-beyt(ə) məktəbi davamçılarının ilk cümə namazı barəsində təəssüratlarınızı bölüşərdiniz.
- Uca Allahın xüsusi inayətilə uzun fasilədən sonra, 13 fevral 2009-cu il tarixindən etibarən Vətənimizdə də cümə namazı nəhayət ki, bərpa olundu. Cümə namazının bərpası ilə mömin və möminələrin yaşadığı sevinc, və eyni zamanda məsuliyyət hisslərini təsəvvür belə etmək çətindir. Əslində onillər boyu Azərbaycanın inanclı insanı bunun həsrətilə yaşayıb və bu şərəfli ibadətin yerinə yetirilməsinin vücudi teşnəsi olub. Bu mənada, cümə namazı kimi İslamın fundamental sütunlarından olan bir ibadət əməlinin yerinə yetirilməsi bir tarixi, və eyni zamanda nurani mahiyyətli hadisədir.
- Lütfən, cümə namazının əhəmiyyəti barədə bölüşərdiniz.
- İslamın gözəl rəmzlərindfən olan bu ibadət barədə həm İlahi Kitabda, həm pak Məsumlardan(ə) gələn hədislərdə buyurulub. Müqəddəs Kitabımızın “Cümə” surəsinin 9-cu ayəsində Allah Təala bütün ümmətə xitabən cümə namazına toplaşmaqla bağlı mübarək mesaj ünvanlayır. Əimmeyi-əthardan (ə) gələn mübarək hədislərdə də bu ibadətin xüsusi önəmlılıyi vurğulanır. Əslində islami kimliyin həm mənəvi, həm də ictimai tərkiblərini özündə ehtiva edən bir ibadət Vətənimizdə da əda olundu. Uca Allahdan hər birimizə bu İlahi tofiqatın qədrini bilməyimizi nəsib etməyi diləyirik.
Bu haqda dəyərli fikirlərini bölüşmək üçün “Məşhədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənliyə müraciət etdik.
- Bildiyiniz kimi fevral ayının 13-ü, səfər ayının 17-si İçərişəhər “Cümə” məscidinin icması Hacı İlqar İbrahimoğlunun imamlığı ilə Cümə namazını qılıb. Sizin bu məsələ ilə bağlı dəyərli fikirlərinizi bilmək istərdik.
- Bizim buna münasibətimiz müsbətdir. Bununla bağlı fikrimiz budur ki, biz elə həmin gün elan etmişik ki, gələn həftədən (fevralın 20-dən) “Məşhədi Dadaş” məscidində də cümə namazı qılınacaq. Gec-tez Azərbaycanda cümə namazı qılınmalı idi və hazırda qılınması çox yaxşıdır.
- Qeyd etdiyiniz kimi, fevral ayinin 20-si, səfər ayının 24-ü Məşhədi Dadaş məscidinin icması da sizin imamlığınızla cümə namazı qılmaq qərarını verdi. Və bundan əlavə, şəhərin müxtəlif yerlərindən də cümə namazlarının qılınacağı haqqında xəbərlər gəlməkdədir. Lütfən, bu məsələyə də münasibətinizi bildirərdiniz.
- Münasibətimiz müsbətdir. Ümumiyyətlə hər yerdə, bütün məscidlərdə cümə namazı qılınsa, çox yaxşı olardı. Cümə namazı müsəlmanların vəhdətinin rəmzidir və böyük savabı olan əməldir. Ona görə də bütün yerlərdə bu namazın qılınması çox yaxşı haldır. Dünyanın bütün ölkələrində məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar tərəfindən cümə günü cümə namazı qılınır.