Azerbaijan servisi /Aran Agentliyi
Müxalifətlə Mərkəzi Seçki Komissiyası (MSK) arasında narazılıq davam edir. MSK təşviqat qruplarına ümumilikdə minimim efir vaxtı (həftədə 3 saat) ayırıb. Müxalifətin təşviqat qrupları isə razılaşmayaraq pulsuz efir vaxtının artırılmasını tələb edir. Qarşı tərəf isə mövqeyini dəyişməyəcəyini bildirir. MSK katibi Natiq Məmmədov dünən bildirib ki, referendum üzrə təşviqat qruplarına ödənişsiz əsaslarla təqdim olunmuş efir vaxtı kifayət qədərdir: “Qanunun pozulmaması halı varsa, bunu kiminsə mübahisə predmetinə çevirməsi bir o qədər də obyektiv görünmür”.
N.Məmmədov deyib ki, hansı təşviqat qrupunu ayrılan pulsuz efir vaxtı qane etmirsə, ödənişli efir vaxtı alıb təbliğatlarını apara bilər: “Kütləvi informasiya vasitələri təşviqat qrupların mövqelərini çatdırmaq üçün lazimı qədər imkan yaratmağa hazırdılar. Azərbaycanda nədənsə belə təəssürat yaranır ki, bu və digər məqsədi qarşısına qoymuş mübarizə aparan tərəf mübarizəni yalnız dövlət büdcəsinin hesabına apara bilər. Bu, doğru fikir deyil”.
Qarabağ və Respublika Uğrunda Hərəkat təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Vaqif Şirinov və “Respublikaçılar” təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Aydın Acalov isə ödənişli təbliğatdan istifadə etmək imkanlarının olmadığını bildirirlər.
A.Acalov qeyd etdi ki, hər təşviqat qrupuna təbliğat kampaniyası üçün cəmi 23 min manat vəsait ayrılıb. Bu vəsait o dərəcədə azdır ki, onunla ancaq məhdud sayda yazılı təşviqat materialları hazırlatmaq mümkündür. Ödənişli efir vaxtı almaq üçün külli miqdarda vəsait lazımdır: “MSK bu vəziyyəti nəzərə alıb təşviqat qruplarına ayrılan vəsaitin 23 min manat yox, daha çox olmasını təmin etməliydi. Az vəsait ayırmaqda və pulsuz efir vaxtını minimum həddə endirməkdə də məqsədləri müxalif mövqeli təşviqat qruplarının təbliğat imkanlarını məhdudlaşdırmaqdır”.
Vaqif Şirinov da bildirdi ki, MSK hakimiyyətin siyasi sifarişini yerinə yetirərək təbliğat kampaniyasının dar çərçivədə aparılmasına nail olmaq istəyir: “Təşviqat qruplarına ayrılan vəsaiti efirdə ödənişli vaxt almağa ayırsaq, bu vəsait uzağı 10-15 dəqiqə vaxta bəs edər. Görürsünüz ki, MSK bir tərəfdən cüzi vəsait ayırır, bir tərəfdən ödənişli təbliğatdan istifadə etməyi məsləhət edir”.
Xatırladaq ki, MSK-nın qərarı ilə həftə ərzində bir dəfə 90 dəqiqə İctimai Televiziyada, 90 dəqiqə isə İctimai Radioda efir vaxtı müəyyənləşdirilib. Televiziyada efir vaxtı saat 18:15-dən, radioda isə saat 20:15-dən başlayacaq. Təşviqat kampaniyası müddətində bütün təşviqat qrupları üçün həm televiziyada, həm də radioda dörd dəfə pulsuz efir vaxtı ayrılacaq. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.