Tarix : 2009 Feb 21
Kod 10745

AZƏRBAYCAN XARİCƏ MEYİT İXRAC EDİR

Sahibsiz cəsədlər təcrübə üçün 1000 dollara başqa ölkələrə satilir
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan xarici ölkələrə meyit ixrac edir. Bu maraqlı xəbər dünən Türkiyə mətbuatında yer alıb. “Anadolu” agentliyinə açıqlama verən Türkiyənin Trakya Universitetinin tibb fakultəsinin anatomiya kafedrasının rəhbəri professor Oğuz Taşkınalp deyib ki, ölkədə üzərində tələbələrin təcrübə aparması üçün bioloji material kimi istifadə edilən meyit qıtlığı var. O, qeyd edib ki, islamda insan bədəninin ən kiçik hissələrinə qədər öyrənilməsinə icazə verilir, ancaq dinin icazə verməsinə baxmayaraq, Türkiyədə heç kim öz yaxınının cəsədini biloji material olaraq bağışlamaq istəmir.
Professor deyib ki, Avropada olduğu kimi, Türkiyədə də cəsədlərin təcrübə üçün bağışlanması könüllüdür. “İnkişaf etmiş ölkələrdə tibb təhsili alan hər 8-10 tələbəyə bir, bizdə isə 50-60 tələbəyə bir biloji material düşür. Hesab edirik ki, ən azından 20-25 tələbəyə bir bioloji material düşməlidir. Son 7-8 ildir bu cür cəsədlər əldə etmək çətinləşib”.Taşkınalp əlavə edib ki, hökumətlər arasında əldə edilə biləcək anlaşmalarla xarici ölkələrdən bioloji material gətirilə bilər. “Rusiya və Azərbaycan biloji material ixrac edən ölkələrin başında gəlir. Bu ölkələrlə əldə ediləcək anlaşmalarla təqribən 1000 dollara biloji material ala bilərik” - deyə o bildirib. Beynəlxalq anlaşmalara görə, insan cəsədi üzərində tibbi təcrübə aparmağa icazə verilir. Bu məqsədlə bir qayda olaraq sahibsiz və kimsəsiz insanların cəsədləri istifadə olunur. Ancaq beynəlxalq normalar cəsədlərin tibbi təcrübə üçün könüllülük əsasında bağışlanmasını da məqbul görür. Maraqlıdır ki, 70 milyonluq Türkiyədə tibbi universitetlərinin tələbələri təcrübə aparmaq üçün cəsəd əldə etməkdə çətinlik çəkirlər, 8 milyonluq Azərbaycan isə belə cəsədlərin ixracı üzrə liderdir.
  • Yazılıb
  • da (də) 2009 Feb 21