Müxalifət partiyalarının təşəbbüs qrupları bu günə planlaşdırılan aksiyanı təxirə salıblar
Azərbaycan servisi/Aran Agentliyi
Müxalifət partiyalarının təşəbbüs qrupları bu günə planlaşdırılan aksiyanı təxirə salıblar. “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda” təşviqat qrupları Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ayırdığı yeri mitinq üçün məqsədəuyğun saymayıblar.
Qeyd edək ki, “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda” təşviqat qrupları Bakının mərkəzi meydanlarından birində mitinq keçirməyi planlaşdırsa da, Bakı Şəhər İcra Hakimiyyəti onlara Bibiheybət qəsəbəsini təklif edib.
Aksiyanın təxirə salınması barədə AXCP sədrinin müavini Həsən Kərimov “Azadlıq” radiosuna açıqlama verib: “BŞİH-in təklif etdiyi yerdə mitinqin keçirilməsi qeyri-mümkün hesab edildi. Ona görə də 22 fevral mitinqini keçirməmək haqda qərar qəbul olundu. Qərara alındı ki, bazar ertəsi yenidən icra hakimiyyətinə müraciət edilsin. Eyni zamanda, sərbəst toplaşmaq azadlığını pozması ilə əlaqədar BŞİH-i məhkəməyə verəcəyik”. H.Kərimov bildirib ki, toplantıda işçi qrupuna yeni aksiyanın vaxtı və yerini müəyyənləşdirmək həvalə olunub: “Toplantıda təşviqat materiallarının forma və mətnləri ilə bağlı müzakirələr aparılıb. Regional seçki qərargahlarının yaradılması haqda qərar verilib”.
Müsavat Partiyasının Mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı qanunaziddir: “Əslində aksiya yerinin müəyyən olunması İcra Hakimiyyətinin yox, aksiyanın təşkilatçısının hüququna aid məsələdir. Yəqin ki, gələn həftə Bakı Şəhər İcra Hakimiyyətinin bu qərarından müvafiq məhkəmə instansiyasına şikayət olunacaq. Eyni zamanda gələn həftə aksiyanın keçirilməsi ilə bağlı növbəti dəfə müraciət ünvanlanacaq”.
A.Hacılı hələlik icazəsiz aksiyalara gedilməsinin məqsədəuyğun sayılmadığını da bildirdi.