İİR servisi/Aran Agentliyi
İran sabah Rusiya tərəfindən neçə vaxtdır inşa edilən Buşəhr Atom Eelektrik Stansiyasını sınaq məqsədilə işə salacaq. Bu barədə İranın atom enerjisi agentliyi təşkilatının nümayəndəsi Möhsün Dilaviz məlumat verib. Rusiya KİV-lərinin xəbərlərinə görə, stansyanın sınaqdan keçirilməsi üçün onu inşa edən Rusiya şirkəti “Rosatom”un direktoru Sergey Kiriyenko İrana səfər edəcək. Sınaq zamanı nüvə reaktorlarına yanacaq verilməyəcək. Rəsmi Tehran bəyan edir ki, Rusiya stansiyanın tikintisini qrafikə uyğun davam etdirir və onu nəzərdə tutulan vaxtda işə salmaq mümkün olacaq.
Rusiya artıq Buşəhr AES üçün nüvə yanacağını yola salıb. İran tərəfi stansiyanın bu ilin payızında işə salınacağına ümid edir. Rusiya 1995-ci ildən başlatdığı tikintini 1999-cu ildə yekunlaşdırmalıydı, ancaq müxtəlif səbəblərdən bu bir neçə dəfə təxirə salınıb.
Buşəhr AES-də işlərin yekunlaşmaq üzrə olması haqda xəbər İranın nüvə başlığı hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malik olduğu bir vaxtda yayılır. İrandan gələn bu xəbərlər İsrailin narahatlığını artırıb. İsrail mənbələrinin xəbərlərinə görə, ölkə İranın nüvə təhlükəsinin qarşısını almaq üçün hərbi hazırlıqlar görür. İsrailin hərbi-dəniz qüvvələrinin komandanı, general Elizer Çeyni bildirib ki, İran nüvə silahı əldə etmək yolundadır və onu diplomatik, siyasi yollarla dayandırmaq artıq mümkün olmayacaq. Buna görə də general İsrailin öz varlığını qorumaq üçün hərbi qüvvələrinə arxalanmalı olduğunu deyib. İsrail hərbi dəniz qüvvələrinin komandanı qeyd edib ki, İranın bir neçə ay əvvəl Hörmüz körfəzində açdığı hərbi dəniz bazası da potensial təhlükə mənbəyidir. Belə ki, həmin bazadan İran İsrailin Qırmızı dənizdəki “Delfin” sualtı qayıqlarının bazasına çıxış əldə etməyə çalışır. “Delfin”lər isə İrana qarşı mümkün hərbi əməliyyatlarda əsas zərbə vasitələrindən biri olacaq. Həmin qayıqlar qanadlı ballistik raketlərlə təchiz olunub, bu raketlər nüvə başlıqları da daşıya bilir. Bu arada İran da İsrail üzərində kəşfiyyat aparmağa qadir olan pilotsuz təyyarə icad etdiyini açıqlayıb. Təyyarənin texniki göstəriciləri məxfi saxlanılsa da bildirilir ki, o 1000 kilometrə qədər məsafəni uçub geri qayıda bilir.