Tarix : 2009 Feb 25
Kod 10809

Generalın qətli ilə bağlı tutulanlar var

“General Rail Rzayevin qətlində şübhəli bilinən 3 nəfər saxlanılıb”. Bu məlumatı Lent.az-a hüquq-mühafizə orqanlarındakı mənbə verib
Azərbaycan servisi/Aran Agentliyi
“General Rail Rzayevin qətlində şübhəli bilinən 3 nəfər saxlanılıb”. Bu məlumatı Lent.az-a hüquq-mühafizə orqanlarındakı mənbə verib. Mənbə bildirib ki, saxlanılan şəxslərin arasında Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının əməkdaşı da var. Tutulanlardan biri başqa millətin nümayəndəsidir.

Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Baş prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat istintaq qrupu yaradılıb.

Onu da qeyd edək ki, qətldən 3-4 gün sonra vaxtilə mərhum Rzayevin yanında çalışan şəxslərdən birinin adı epizodik olaraq şübhəli şəxs qismində çəkilmişdi. Abbasov soyadlı adamın həbsdən 20 gün öncə çıxdığı bildirilirdi. O, xidmətdə yol verdiyi qanun pozuntularına görə həbs edilib və 2 ildən artıq həbsdə saxlanılıb. Ancaq söhbətin həmin adamdan, yaxud başqa birindən getdiyi hələlik məlum deyil.

O da ola bilər ki, generalın qətli ilə bağlı həbs edilənlərin olması barədə informasiya mətbuata qəsdən sızdırılır. Başqa sözlə, MTN-in, Baş Prokurorluğun və DİN-in birgə açıqlamasını gözləmək lazım gəlir.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 25