Tarix : 2009 Feb 26
Kod 10832

Qum şəhərində Xocalı soyqırımı yad edildi

Tədbirə ilk anlardan Azərbaycan respublikasının İran İslam respublikasındakı səlahiyyətli səfiri Abbasəli Həsənov və onu müşayət edən digər rəsmilər də qoşulub
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Bakı vaxtilə saat 15:30-da İran İslam Respublikası Qum şəhərinin Beynəlxalq Mustafa Universitetində təhsil alan azərbaycanlı tələbələr Xocalı faciəsinin on yeddinci ildönümünü qeyd etdilər.

Müxtəlif ölkələrin 120-ə yaxın nümayəndəsinin iştirakı ilən düzənlənən tədbir İlkin Əliyevin ifasinda müqəddəs Qurani-kərim ayələrinin sədası altında başlanılıb. Tədbirdə iştirak edən digər ölkələrin nümayəndələrinin iştirakını nəzərə alaraq çıxışlar fars dilində edilib. Tədbirə ilk anlardan Azərbaycan respublikasının İran İslam respublikasındakı səlahiyyətli səfiri Abbasəli Həsənov və onu müşayət edən digər rəsmilər də qoşulub.

Xocalı faciəsi şəhidlərinin xatirəsinin anım mərasimində Kəşmir, Əfqanıstan və Gürcüstan respublikalarından olan tələbələr də çıxış edərək bu dəhşətli faciənin acılarını xatırladıb, hadisənin dünyada baş verən digər vəhşiliklərlə oxşarlıqlarına toxunmuşlar. Natiqlər dünya müsəlmanlarının vəhdətinin labüdlüyünü qeyd edərək, bu hadisələri təfərrüatı ilə bütün dunya xalqlarına çatdırmağın zəruriliyini vurğulamışlar.
Azərbaycanlı tələbələrin Beynəlxalq Mustafa Universitetindəki nümayəndə heyətinin üzvü Elsevər Yusifzadə öz çıxışı zamanı məclis iştiraklarına Xocalı faciəsi zamanı törədilən cinayətlər haqqında geniş şəkildə məlumat verib.

"İslam Məktəbi" elmi-mədəni birliyinin icraçı katibi Mirməhəmməd Bəşirov isə bütün birlik üzvləri adından Azərbaycan xalqına başsağlığı verib. Sonra o, digər müsəlman ölkələrində törədilən cinayətlər haqqında danışıb. Qarabağ məcburi köçkünlərindən və müharibə veteranlarından olan tələbə Nurəddin Əliyev isə çıxışında Quranın bəzi ayələrini açıqladı, hazırkl dünyada qlobal şəkildə formalaşan yəhudi-məsihi birliyinin müsəlmanların qatı düşməni olduğunu vurğuladı. Natiq, İslam düşmənlərinin tarix boyu müsəlmanlara qarşı törətdikləri cinayətləri, xüsusilə səlib müharibələri haqqında söz açdı. Qum şəhərindəki azərbacanlı tələbələrdən daha birisi İsgəndər Hüseynzadə Xocalı faciəsinin necə törədilməsi, onun səbəbləri haqqında geniş məlumat verdi. O, çıxışında bu gün qardaş Türkiyədə gedən proseslərə, Ergenekon tutuqlamalarına toxunaraq, bu terror qrupunun Qarabağ hadisələrində, xüsusilə Xocalı faciəsinin törədilməsində birbaşa iştirakçı olduğunu önə çəkdi.



Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov da çıxış edərək öz növbəsində Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına başsağlığı və geniş məlumat verdi. O, tədbirin hazırlanmasında əməyi olan bütün tələbələrə minnətdarlığını bildirərək, fars dilində keçirilən bu tədbirin xüsusi əhəmiyyətindən danışdı, həmişə və hər yerdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın üzərimizdə müqəddəs missiya olduğunu yada saldı.
Azərbaycan, Gürcüstan, Tacikistan, Əfqanıstan, Hindistan, Pakistan, İran, İndoneziya və digər ölkə nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda şəhidlərin ruhuna mərsiyə və dualar oxundu, ehsan verildi.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 26