Tarix : 2009 Feb 27
Kod 10852

AZƏRBAYCANDA ABŞ-A MƏNFİ MÜNASİBƏT YARANIB

Azərbaycan da daxil olmaqla müsəlman ölkələrinin hamısında ABŞ-ın syasətinə qarşı münasibət böyük ölçüdə mənfidir
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan da daxil olmaqla müsəlman ölkələrinin hamısında ABŞ-ın syasətinə qarşı münasibət böyük ölçüdə mənfidir. Bu nəticə ABŞ-ın . “WorldPublicOpinion.org” beynəlxalq ictimai rəyi öyrənmə mərkəzinin keçirdiyi sorğu zamanı ortaya çıxıb. “WorldPublicOpinion.org”un araşdırmalarına görə, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin vətəndaşları siyasi məqsədlərlə dinc sakinlərə hücumları qəbul etmirlər. Bu ölkələrdə vətəndaşların əksəriyyəti “Əl-Qaidə”nin ABŞ-ın hərbi qüvvələrinin müsəlman ölkələrindən çıxarılmasına dair fikirləri ilə razıdır.
Hətta bu məqsədin həyata keçirilməsi üçün müsəlman ölkələrindəki ABŞ hərbçilərinə hücumları müdafiə edirlər.
Lakin müsəlman ölkələrinin sakinləri “Əl-Qaidə”nin məqsədlərini bəyənsələr də, istifadə etdiyi terror metodlarını qəbul etmirlər. ”Azadlıq” radiosunun məlumatlarına görə, «WorldPublicOpinion.org» ABŞ-da Merilend Universiteti ilə birlikdə Türkiyə, İordaniya, Fələstin, Azərbaycan kimi müsəlman ölkələrində ABŞ-a münasibətə dair ictimai rəyi öyrənib. Təşkilatın direktoru Steven Kull hesab edir ki, indi ABŞ çıxılmaz vəziyyətə düşüb. Onun müsəlman ölkələrində apardığı terrorla mübarizə əksinə, “Əl-Qaidə”yə rəğbət yaradıb. Bu insanlar “Əl-Qaidə”nin terror metodlarını rədd etsələr də, onun məqsədlərini bəyəndiklərini deyiblər.
Sorğuya cəlb olunan hər 10 nəfərdən yeddisi sadə amerikalılara hücumları pisləyib. Onların 90 %-ə qədəri siyasi və dini məqsədlərə nail olmaq üçün partlayıcı maddələrlə hücumların, sui-qəsdlərin yolverilməz olduğunu deyib. Tədqiqatçılar bu qənaətə gəliblər ki, ABŞ-ın müsəlman ölkələrindəki hərbi əməliyyatları onun məqsədləri barədə mənfi rəy yaradıb. Geniş yayılmış fikrə görə, o, müsəlmanları üz-üzə qoyur. Xüsusilə də İndoneziyada və Misirdə rəyi soruşulanların tam əksəriyyəti hesab edir ki, Birləşmiş Ştatların məqsədi islam dünyasını zəiflədib parçalamaqdır. Azərbaycan, Türkiyə, İordaniya və Fələstin ərazilərində hər 10 nəfərdən doqquzu bildirib ki, ABŞ-ın başlıca məqsədi Yaxın Şərqdə neft mənbələrinə nəzarət etməkdir.
İslamçı qrupların siyasi proseslərdə iştirakına icazə verilməsinin tərəfdarları da kifayət qədər çoxdur. Müsəlman ölkələrində tam əksəriyyət, o cümlədən Azərbaycanda rəyi soruşulanların 75%-i, Türkiyədə 53%-i bildirib ki, bütün şəxslərə, o cümlədən də islamçılara siyasi partiya yaradıb, seçkilərdə öz namizədlərini irəli sürmək imkanı verilməlidir.
  • Yazılıb
  • da (də) 2009 Feb 27