Tarix : 2009 Feb 27
Kod 10853

ABŞ AZƏRBAYCAN İQTİDARIn KƏSKİN TƏNQİD ETDİ

Dövlət Departamentinin hesabatına görə, ölkədə bütün hüquq və azadlıqlar pozulur
Azərbaycan servisi/Aran Agentliyi
Xəbər verildiyi kimi, ABŞ Dövlət Departamenti dünyada insan haqlarının vəziyyətinə dair ənənəvi illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycan bölməsində bu dəfə də ölkədə insan haqları və əsas azadlıqların vəziyyətinin pis olduğu göstərilir. Sənədin preambulasında xatırladılır ki, ölkədə prezident qanunverici, məhkəmə və icra hakimiyyəti üzərində nəzarətə malikdir, faktiki olaraq ölkədə təkpartiyalı siyasi sistem var; çünki 50-dən çox partiya mövcud olmasına baxmayaraq, YAP siyasi həyatda dominant mövqeyə malikdir.
Ermənistandan dəstəklənən etnik erməni separatçıları Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu nəzarətdə saxlayır. Hökumətin insan haqları sahəsindəki fəaliyyəti pis, bəzi sahələrdə isə həddən artıq pisdir.
Dövlət Departamenti göstərir ki, il ərzində hökumətin siyasi qətllər törətməsi qeydə alınmayıb, bununla belə, insan haqları müdafiəçiləri bildiriblər ki, 3 nəfər polis təcridxanalarda işgəncələrdən ölüb. Bunlar ötən il yanvarın 6-da narkotik maddəyə görə həbs edilərək Kürdəmir Polis İdarəsində saxlanılarkən ölən Rəşad Hacıyev, avqustun 31-də Goranboy rayon Polis İdarəsində ölən Məhəmməd Rəhimov və oktyabrın 21-də Lənkərəan rayon Polis İdarəsində dindirilərkən ölən Zaur Məmmədovdur. Hesabatda deyilir ki, Məmmədovun anasından oğlunun buraxılması üçün rüşvət tələb edilib, iki saat sonra anası pulu gətirəndə ona oğlunun öldüyünü deyiblər. Sənəddə xatırladılır ki, işgəncələrə, qəddar rəftara görə 10 ilədək həsb cəzası nəzərdə tutulur, ancaq ölkədə təhlükəsizlik əməkdaşlarının və hərbçilərin qəddar rəftara yol verməsi praktikası qalır. İl ərzində ölkədə 80-dən çox işgəncə faktı qeydə alınıb. Hesabatda ötən il ərzində də hökumətin 2005-ci ildə müxalifətin nümayişlərini qəddarcasına dağıdan polis əməkdaşlarını cəzalandırmaq üçün heç bir tədbir görmədiyi xatırladılır. Bildirilir ki, 2003-ü il prezident seçkilərindən sonra müxalifətin nümayişlərinin dağıdılmasında və zorakılıqlarda iştirak edən yüksək rütbəli polis zabiti Vilayət Eyvazov 2005-ci ildə daxili işlər nazirinin birinci müavini vəzifəsinə yüksəlib və hələ də bu vəzifədə qalır.
Hesabatda həbsxanalardakı vəziyyətdən də söz açılır. Deyilir ki, həbsxanalardakı vəziyyət insan həyatı üçün riskli olaraq qalır. Zəif tibbi yardım şəraitində təhlükəli infeksion xəstəliklərin yayılması riski yüksəkdir. Həbsxanaların əksəriyyəti sovet dövründə tikilib və beynəlxalq standartlara cavab vermir. Həbsxana işçiləri məhbusların ailə üzvləri və yaxınları ilə görüşmək imkanlarını məhdudlaşdırır. Sənəddə, eyni zamanda, Ədliyyə Nazirliyinin həbsxanalardakı şəraiti yaxşılaşdırmaq üçün son vaxtlar gördüyü tədbirlər də xatırladılır. Bildirilir ki, həbsxanalarda məhbusların ölməsinin əsas səbəblərindən biri vərəm xəstəliyidir. Dustaqlar arasında vərəmin müalicə olunmayan növü də yayılıb.
Dövlət Departamenti Azərbaycanda hüquq-mühafizə orqanlarında korrupsiyanın problem olduğunu da qeyd edib. Polisin vətəndaşlardan rüşvət alması faktları yayılıb, ötən il ərzində Nəqliyyat Polisindəki korrupsiya ölkədə korrupsiyanın yayılmasının başlıca əlaməti kimi göstərilib. Ötən il nə qədər polisin korrupsiyaya görə cəzalandırıldığı haqda məlumat əldə etmək mümkün olmayıb. Hesabatda ötən ilin sentyabrında bir qrup polis əməkdaşının narkotikə görə həbs edildiyi də xatırladılır. Bildirilir ki, özbaşına inzibati həbslər il ərzində də problem olaraq qalıb. Qanuna görə polis vətəndaşı məhkəmə qərarı olmadan ən çoxu 24 saat həbsdə saxlaya bilər, ancaq praktikada bu müddət bəzən bir neçə günə qədər uzanır. Sənəddə ötən il ərzində polisin “Dalğa” Gənclər Təşkilatının təşkil etdiyi piketləri, habelə digər belə kiçikmiqyaslı aksiyaları zorakılıqla dağıtması xatırladılıb.
Hesabatda il ərzində prezident İlham Əliyevin aralarında bir neçə siyasi məhbus da olmaqla bir qrup şəxsi əfv etdiyi əksini tapıb. Dövlət Departamenti Azərbaycanda məhkəmə və ədliyyə sistemində korrupsiyanın geniş yayılmasını da ciddi problem olaraq göstərib. Bildirilir ki, bu sistemdə işləyənlərin maaşları dəfələrlə artırılsa da, onların rüşvət alması praktikası geniş yayılıb. Ölkədə müstəqil məhkəmə sistemi mövcud deyil və hakimlərin seçilib təyin edilməsi proseduru icra hakimiyyətinin, prezidentin nəzarətindədir. Bu, Konstitusiya Məhkəməsinin üzvlərinin təyin edilməsi proseduruna da aiddir. Azərbaycanda məhkəmə sisteminin müstəqil olmadığını və sifariş əsasında işlədiyini göstərmək üçün hesabatda “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin işi xatırladılır. Bildirilir ki, yerli və beynəlxalq müşahidəçilər jurnalisti döyməkdə ittiham edilən Sergey Strekalin adlı şəxsin üzərində qurulmuş məhkəmə prosesinin kobud prosedur pozuntuları ilə keçdiyini və qurama olduğunu qeydə alıblar. Hesabatda həmçinin Əli İnsanov, Fərhad Əliyev və digərləri üzərində 2007-ci ildə aparılmış proses və yol verilən pozuntular xatırladılıb.
Hesabatda deyildiyinə görə, yerli QHT-lər və hökumət arasında siyasi məhbuslar problemi ilə bağlı mübahisələr davam edib. İlin sonuna olan məlumatlarda Azərbaycanda siyasi məhbusların sayına dair iki rəqəm-27 və 57 məlum idi. Sənəddə həmçinin qeyd olunur ki, polis həbs edilənlərin ailə üzvlərinə təzyiqlər etməklə onlardan ifadə alır. Bu, qanunun aliliyi və insan haqları sahəsində ciddi problemlərdən biri kimi qalır.
Sənəddə söz və mətbuat azadlıqları sahəsində pisləşən vəziyyətdən də geniş söz açılır. Bildirilir ki, hökumət söz və mətbuat azadlıqlarının təmin olunmasına dair öhdəliklərinə əməl etmir. İl ərzində hökumətin medianın müstəqilliyini məhdudlaşdırmağa yönələn addımları davam edib: “Oktyabrın 30-da parlamentin iclasında bir neçə deputat Moskvada yaşayan kinorejissor Rüstəm İbrahimbəyovun Rusiya mediasında yer alan fikirlərinə kəskin münasibət bildirib. Bəzi müşahidəçilər bu çıxışları söz azadlığına qarşı hücum kimi qiymətləndiriblər. Həmçinin il ərzində hökuməti tənqid edən jurnalistlərə qarşı təqiblər qeydə alınıb. Sərhədsiz Reportyorlar Təşkilatının bildirdiyinə görə, belə jurnalistlər risk altında işləməkdədir”. Hesabatda deyilir ki, ötən il bağlanan “Gün səhər” qəzeti müstəqil hesab olunurdu, ancaq o da maliyyə problemlərinə görə bağlandı.  Bunun səbəblərindən biri də hökumətin müstəqil mətbuatın reklam bazarına çıxışını əngəlləməsidir.
Dövlət Departamenti xarici radiostansiyaların FM tezliyindən çıxarılmasını da hesabatına daxil edib. Həmçinin deyilir ki, əvvəllər daha balanslı xəbər yaymağa çalışan ANS telekanalı 2006-cı ildə bir müddət  bağlanandan sonra daha ehtiyatlı mövqe tutub və özünüsenzura həyata keçirir. Hesabatın söz və mətbuat azadlıqları bölümündə il ərzində jurnalistlərə qarşı edilən hücumlar, o cümlədən “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilə qarşı təqiblər və onun ölkəni tərk etməyə məcbur olması, həbsdəki jurnalistlərin işi haqda məlumatlar yer alıb. Bildirilir ki, il ərzində hökumət diffamasiya haqda qanundan media azadlıqlarını məhdudlaşdırmaq üçün istifadə etməkdə davam edib, mətbuatın böhtan və təhqir ittihamıyla iri məbləğdə cərimələnməsi problem olaraq qalır. Ancaq ötən il hökumət “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin üzərindəki cərimələri bir müddət dondurmaq haqda qərar verib. Buna baxmayaraq, müstəqil və müxalifət mətbuatı maliyyə çətinlikləri içərisindədir, qəzetlərin çoxunu siyasi partiyalar və ayrı-ayrı sponsorlar maliyyələşdirir, reklam bazarı, media biznesi modeli isə çox zəifdir. Həmçinin hökumət dövlət kitabxanalarının müxalifət mətbuatına abunə olmasını qadağan edib, belə qəzetlərin özəl bizneslə məşğul olmasını məhdudlaşdırıb.
Hesabata görə, Azərbaycanda əsas azadlıqlardan olan sərbəst toplaşmaq azadlıqları da məhdudlaşdırılır. Baxmayaraq ki, qanunla bu azadlıqlara təminat verilir. Ötən ilin iyununda isə sərbəst toplaşmaq azadlıqlarına dair qanunvericilikdə yeni dəyişikliklər qüvvəyə minib. Beynəlxalq müşahidəçilər bu dəyişikliklərin standartlara əsasən cavab verdiyini qeyd ediblər, bununla belə, praktikada hökumət yürüş və mitinqlərə icazə verilməsini məhdudlaşdırır, müxalifət partiyalarına öz aksiyalarını keçirmək üçün ucqarlarda yer təklif edilir. Sərbəst toplaşmaq  azadlıqlarının məhdudlaşdırılması ötən il əsas müxalifət partiyalarının prezident seçkilərini boykot etməsinin əsas səbəblərindən biri idi. Bildirilir ki, bu seçkilərdə ATƏT bəzi texniki təkmilləşmələr qeydə alıb, ancaq beynəlxalq müşahidəçilər seçkilərin bu dəfə də əsas beynəlxalq standartlara cavab vermədiyini qeyd ediblər. Dövlət Departamenti qeyd edir ki, ötənilki prezident seçkiləri Azərbaycanda vətəndaşların hakimiyyəti dinc yolla dəyişmək imkanlarının olmadığını bir daha göstərib. Ümumiyyətlə, sənədə görə, Azərbaycanda BMT Konvensiyası ilə müəyyən edilmiş bütün əsas insan haqları və azadlıqlarının bu və ya başqa dərəcədə pozulduğu vurğulanır. Bura din azadlıqları, uşaq, qadın hüquqları, əmək hüquqları və digər azadlıqlar daxildir.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 27