Tarix : 2009 Feb 28
Kod 10880

Türkiyə prezidentini İsrailə cəlb edən nədir?

İsrailin Qəzzada 22 gün ərzində dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırım dəfələrlə Türkiyə tərəfindən qınandı
Türkiyə servisi/Aran Agentliyi
Türkiyə prezidenti Abdulla Gül İsrailə gedir. Bu xəbər qonşu ölkənin mətbuatı tərəfindən yayılıb. Səfər əvvəlcə 2009-cu ilin sonlarına təyin edilsə də, sonradan onun vaxtı dəyişdirilib. İndi Türk mediasına inansaq, Gül iyul ayına qədər Tel-Əvivə səfər etməlidir.
Ortaya belə bir sual çıxır: Türkiyə prezidentini İsrailə cəlb edən nədir?
Son bir ay ərzində iki dövlət arasında münasibətlər xeyli kəskinləşib. İsrailin Qəzzada 22 gün ərzində dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırım dəfələrlə Türkiyə tərəfindən qınandı. İsrailin xarici işlər naziri Tsipi Livni bir neçə dəfə türkiyəli həmkarı Əli Babacanla görüşmək istəsə də, sonuncu onu qəbul etməkdən qəti boyun qaçırdı. Ardından Davosda keçirilən sammitdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti Peresi birbaşa Qəzza qətliamında ittiham etdi. Amma gərginlik bununla bitmədi. İsrailin yüksək rütbəli generalı baş verənlərə özünəməxsus tərzdə reaksiya verdi və Türkiyəni erməni «soyqırımı»nda ittiham etdi. Təbii ki, qarşı tərəf biganə qalmadı və rəsmi bəyanat yayaraq, israilli dövlət məmurlarını «ağıllandırmağa» çalışdı. Belə bir fonda Gülün qəfildən İsrail səfərinə tələsməsi ilk baxışdan qəribə görünür. Bu bir neçə həftə ərzində nə baş verdi ki, Türkiyə dəfələrlə siyasətini pislədiyi bir ölkə ilə təmasa belə maraq göstərdi?
Variantlar müxtəlif ola bilər. Əvvəla ABŞ amilini nəzərə almalıyıq. Türkiyə nə qədər müstəqil və suveren olsa da, hər halda dünya hegemonu Amerika ilə hesablaşmaya bilməz. Planetdə siyasətini Vaşinqtonla həmahəng kökləməyən dövlətləri hesablamaq üçün bəlkə də bir əlin barmaqları yetərlidir. Türkiyənin istər iqtisadi, istərsə də hərbi durumu birbaşa Amerikadan asılıdır. ABŞ «ay-ulduzluları» regionda müttəfiqi hesab edir. Amma Ankaradan böyük müttəfiq də var. Bu da İsraildir. İki müttəfiq arasında gərginliyin yaranması isə Amerikaya sərf edə bilməz. Ərəb dünyasının boğazında qalan sümük rolunu oynayan İsrail də birbaşa Amerikadan, super-dövlətin dəstəiyndən asılıdır. Çox guman ki, ABŞ da Tel-Əvivə bu dəstəyi Ankaraya təzyiq göstərməklə verib. Gülün İsrailə tələsməsi də bundan irəli gəlir.
Digər bir variant da dolayısı ilə ABŞ-la əlaqəlidir. Artıq uzun illərdir ki, Türkiyə Avropa Birliyinə üzv olmağa cəhd edir. «Köhnə Qitə» də hər dəfə bir bəhanə gətirərək, müsəlman dövləti ilə «qohum olmaqdan» boyun qaçırır. Avropanın İsrailə olan münasibəti isə bəllidir. Bu amil də Gülü Tel-Əvivə səfər etməyə vadar edən səbəblərdən ola bilər. İsraillə dost münasibətlərdə olmayanın Avropa Birliyində nə işi var? Deməli, barışıq qaçılmazdır. Əslində Türkiyə ilə İsrail arasında qeyd olunan bütün gərginliklər söz davasından savayı bir şey deyildi. Nə iqtisadi, nə də digər əlaqələrə bir xələl gətirilmədi. Bəzi qüvvələrin İsraillə münasibətlərə son qoymaq tələbinə isə baş nazir Ərdoğan «biz bir məmləkəti idarə edirik, baqqal dükanını deyil» cavabını verdi. Bir sözlə, Türkiyə-İsrail arasındakı soyuqluq görüntüsü artıq sona çatmaqdadır. Hər yaşanılan gün bizi Qəzza soyqırımından uzaqlaşdırır. Türkiyə də bunu əsas götürərək, faciəni tez unutmağa, öz maraqlarına zərbə vurmamağa, praqmatik siyasət yürütməyə çalışır. Necə deyərlər, həyat davam edir.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 28