Tarix : 2009 Feb 28
Kod 10883

Rusiyadan Azərbaycana Amerika ilə bağlı xəbərdarlıq

Ötən həftənin sonunda Azərbaycan və Rusiya prezidentləri ikincinin təşəbbüsü ilə telefon söhbəti apararaq, ikitərəfli münasibətlərin inkişafına nəzər salıblar
Azərbaycan servisi/Aran Agentliyi
Son günlər Moskva ilə Bakı arasında münasibətlər yenidən istiləşib. Cəmi bir neçə həftə əvvəl Azərbaycanla Rusiya arasında Moskvanın Ermənistana iri həcmdə silah ötürməsi və eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində birgə çevik qüvvə yaratmaq qərarından dolayı yaşanan gərginlik, belə görünür ki, indi tədricən aradan qalxmaqdadır.

Ötən həftənin sonunda Azərbaycan və Rusiya prezidentləri ikincinin təşəbbüsü ilə telefon söhbəti apararaq, ikitərəfli münasibətlərin inkişafına nəzər salıblar. Bunun ardınca Bakıda iki ölkənin müxtəlif nazirlikləri səviyyəsində konsulluq məsələlərinə dair dialoq keçirildi və danışıqların sonunda diplomatlar arasında niyyət protokolu imzalandı. Bir gün əvvəl isə Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin başda olmaqla Moskvadan böyük nümayəndə heyəti Bakıya gəlib.

Bundan əlavə, iki ölkənin xarici siyasət idarələri Rusiyanın baş diplomatı Sergey Lavrovun artıq mart ayının ilk ongünlüyündə Azərbaycana nəzərdə tutulan səfərinin hazırlandığını xəbər verirlər. Qarşıda habelə Rusiyanın “Qazprom” şirkətinin Azərbaycan qazını bütünlüklə almaq təklifilə əlaqədar ikitərəfli enerji dialoqunun aparılacağı barədə məlumatlar yayılıb. Bu arada isə, Rusiya prezidenti Dimitri Medvedyev fevralın 24-də imzaladığı fərmanla ölkəsinin Azərbaycana yeni səfirini təyin edib. Vasili İstratovu bundan sonra Vladimir Doroxin əvəzləyəcək. Təzə səfir buna qədər Rusiya Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə müşavir işləyib. Bütün bunlar Rusiya ilə Azərbaycan arasında Ermənistana silah verilməsi qalmaqalı ilə yaranan soyuqluğun arxada qaldığını göstərir. Moskvadakı siyasi müşahidəçilər Rusiyanın Azərbaycana münasibətindən bəhs edərkən mübahisəli məsələlərin kökünü regiondan uzaqda axtarmağa üstünlük verirlər.

Rusiya Dumasının üzvü Sergey Markov “Amerikanın səsi”nə müsahibəsində Bakı ilə Moskva arasında vaxtaşırı qabaran soyuqluğun ikincinin siyasi orientasiyasında olduğunu deyib: “Biz Azərbaycanla əməkdaşlığa hər zaman hazırıq. Sadəcə olaraq bizə elə gəlir ki, Azərbaycan son zamanlar öz taleyini Vaşinqtonla əlaqələndirməklə ciddi səhvə yol verib”. Markovun dediyinə görə, “təəssüf ki, Vaşinqton son illərdə Rusiya və digər region ölkələri ilə münasibətdə çox səhvlər edib və bizi narahat edən budur ki, Azərbaycan da bunun təsiri altına düşə bilər”. O deyib ki, Azərbaycan çox ehtiyatlı olmalıdır, xüsusilə də özünün hazırda inkişaf edən iqtisadi artımını saxlamaq üçün.

Bir sıra ekspertlərə görə, bu ilin əvvəlində Rusiya ilə Ukrayna arasında yaşanmış qaz mübahisəsi Qərbi bir daha Rusiyadan yan keçən yollarla özünə qaz təchizatçıları tapmağa sövq edib. Bu halda, bir çoxları Azərbaycanın həmin prosesdə aparıcı rollardan birini oynayacağını düşünürlər. Elə Moskvada da ekspertlər istisna etmirlər ki, davam edən mübahisə avropalıları Xəzər regionuna alternativ qaz mənbəyi kimi daha ciddi nəzər salmağa vadar edib.
Hazırda Azərbaycan həm Qərb, həm də Moskva ilə enerji əməkdaşlığı ilə bağlı müxtəlif səpkili təklifləri nəzərdən keçirir.
Söhbət həm “Nabukko”dan, həm də rus nəhəngi “Qazprom”un bütün Azərbaycan qazını satın almaq təklifindən gedir. Lakin “Nabukko” tam aydın olmayan bir layihədir.
 
  • Yazılıb
  • da (də) 2009 Feb 28