Tarix : 2009 Mar 02
Kod 10900

General Rzayevin sürücüsü nazirliyə qayıdıb

Eldar Sabiroğlu: “Müdafiə Nazirliyi rəhbərliyinin dəyişdirilməsi ölkə başçısının müstəsna səlahiyyətidir”
Azerbaijan servisi /Aran Agentliyi
General Rail Rzayevin qətlindən 18 gün keçdi. Bir daha xatırladaq ki, hadisəni törədən cinayətkar bu günədək də həbs olunmayıb. Bu arada qətllə bağlı çoxsaylı versiyalar irəli sürülsə də rəsmi olaraq heç biri təsdiqlənməyib.
Hadisədən sonra Müdafiə Nazirliyində kadr dəyişiklərinin olacağı barədə mətbuatda məlumatlar yayılıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu dünən bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, qətldən sonra Müdafiə Nazirliyi ilə bağlı həqiqəti əks etdirməyən bir sıra fikirlər ortaya atılıb: “Xəbərlərə əsasən, guya yaxın vaxtlarda nazirliyin rəhbərliyi dəyişdiriləcək. Hətta bir az da irəli gedərək başqa güc sturukturlarında da dəyişiklikərin olacağına işarə edilir. Sözün doğrusu, buna cavab verməmək də olardı. O səbəbdən ki, məlum informasiyanı dövriyyəyə buraxan mənbə bununla daha çox məlumatlı olduğunu cəmiyyətə nümayiş etdirməyə çalışıb. Əslində isə belə informasiyanın doğruluğuna bəlkə də yalnız özləri-özlərini inandıra bilərlər. İlk baxışdan həmin məlumatlar bu cür təsir bağışlayır”.
Nazirlik rəsmisi belə məsələlərin qəzet səhifələrinə ötürülən hansısa dezinformasiya ilə həll edilmədiyini bildirib: “Yüksək səviyyədə kadr dəyişikliyi ölkə prezidenti İlham Əliyevin müstəsna səlahiyyətinə aid olduğundan kimlə nə vaxta qədər işləyəcəyini də hansısa mücərrəd hökumətə yaxın mənbə yox, məhz dövlət başçısının özü daha dəqiq bilir”.
Xatırladaq ki, “Milaz” informasiya saytı yaxın günlərdə Müdafiə Nazirliyinin rəhbərliyində ciddi dəyişiklik gözlənildiyi barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, hökumətə yaxın mənbədən verilən eksklüziv məlumata görə, ölkə başçısının Müdafiə Nazirliyi rəhbərliyində dəyişikliklə bağlı fikri qətidir və dəyişiklik yaxın günlərdə həyata keçirilməlidir. Məlumatda məsələnin Prezident Aparatında müzakirəyə çıxarıldığı da qeyd edilib.
“Bir müddət əvvəl qətlə yetirilən general-leytenant Rail Rzayevin sürücüsü hərbi xidmətini davam etdirir”. Bu sözləri isə APA-ya açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyib. Onun sözlərinə görə, müddətdən artıq xidmət edən əsgər Şövqi Seyfullayev əvvəl olduğu kimi hazırda da Müdafiə Nazirliyində xidmətini davam etdirir: “O, hadisədən sonra müəyyən müddət istintaqa cəlb edilsə də istintaqdan əvvəl olduğu kimi hazırda da bir əsgər kimi xidmətini davam etdirir”.
Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da APA-ya açıqlamasında qətlə yetirilən generalın sürücüsü Ş.Seyfullayevin hadisədən sonra istintaqa cəlb edilərək ətraflı dindirildiyini, lakin sonra sərbəst buraxıldığını bildirib. Mətbuat xidmətinin rəhbəri həmçinin məlum qətl hadisəsinin üstünün açılması, qətli törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini söyləyib: “Generalın qətli ilə bağlı aidiyyəti olmayan mənbələr heç bir fakta söykənməyən məlumatlar yaymaqla məşğuldur. Onu deməliyəm ki, hadisəni peşəkar mütəxəssislərdən ibarət əməliyyat-istintaq qrupu araşdırır”.
E.Sulatov istintaq sirri olduğundan təfərrüatlar barədə əlavə məlumat vermək istəməyib.
Bir daha xatırladaq ki, general-leytenant Rail Rzayev fevralın 11-də, saat 07:30 radələrində, yaşadığı Yasamal rayonu İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən evindən 300-400 metr aralıda - İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahla qətlə yetirilib. Onun qətli ilə əlaqədar Respublika Hərbi Prokurorluğu tərəfindən CM-nin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 02