Tarix : 2009 Mar 02
Kod 10901

AZƏRBAYCANDA MÜXALİFƏT XALQI ÖMÜRLÜK PREZİDENTLİYƏ QARŞI ÇIXMAĞA ÇAĞIRDI

Demokratik düşərgənin ilk kütləvi toplantısında iqtidarın istefası tələb edildi İsa Qəmbər: “Hakimiyyət öz marağı naminə Azərbaycanın bütün maraqlarını tapdamağa hazırdır”
Azerbaijan servisi /Aran Agentliyi
Qarabağ və Respublika Uğrunda Hərəkat dünən “Təbriz” kinoteatrında referendumla bağlı Nizami rayonu seçiciləri ilə ilk kütləvi toplantısını keçirdi. Tədbir icra hakimiyyətinin icazəsi ilə keçirilsə də əraziyə 300-ə yaxın polis və mülki geyimli xüsusi dəstələr yerləşdirilmişdi. Toplantıya gələn insanlara görüş başlayanadək mane olmasalar da saat 15-də tədbir başlandıqdan sonra ərazi polis bölükləri tərəfindən zəncirvari əhatəyə alındı və birləşmiş müxalifətin ilk referendum tədbiri faktiki olaraq polis mühasirəsində keçirildi.
1000-dək adamın iştirak etdiyi toplantının aparıcısı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı dedi ki, müxalifət partiyaları və bəzi ictimai təşkilatlar Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı adlı qurumda birləşib və referendumla bağlı vahid mövqe ortaya qoyub.
A.Hacılının giriş nitqindən sonra dövlət himni oxundu və toplantı açıq elan edildi. Zala toplaşan seçicilər ilk dəqiqələrdən “İstefa!”, “Azadlıq!” şüarlarını səsləndirməyə başladı.
İsa Qəmbər: “Müxalifət artıq birləşib və möhtəşəm vətəndaş hərəkatı yaradıb”
İlk çıxışçı - Müsavat başqanı İsa Qəmbər diqqəti hakimiyyətin yaratdığı təşviqat qrupları nümayəndələrinin debatlarda danışmağa arqument tapmamasına yönəltdi. Bu referendumun xalqın sifarişi olmadığını deyən İ.Qəmbər qeyd etdi ki, o, xalqa yox, hakimiyyətə lazımdır: “Referendum bu rejimə, İlham Əliyevə lazımdır. Onun vəzifədə oturması nəticəsində varlanmaq istəyən, ölkənin sərvətlərini əlində cəmləmək istəyən rüşvətxorlar ordusuna lazımdır. Azərbaycan problemlər məngənəsində olduğu, iqtisadi böhranın dərinləşdiyi bir məqamda, işsizliyin gündən-günə artdığı bir vaxtda, torpaqlarımızın işğaldan azad olunması istiqamətində heç bir irəliləyiş olmadığı, əksinə, təhlükənin artdığı bir mərhələdə belə bir referendum xalqın sifarişi ola bilməz. Bu referendumla bağlı xalqın içindən heç bir sifariş olmayıb. Azərbaycanda referenduma ehtiyac var. Amma indiki referenduma çıxarılan məsələlərlə bağlı yox. Neçə vaxtdır diskussiya gedir ki, parlament seçkilərində proporsional seçkilər bərpa olunmalıdır. Hətta hakim partiyanın özündən də bəzən səslər gəlir ki, proporsinal sistemi bərpa etmək lazımdır. Ancaq hakimiyyət bu məsələni arxa plana keçirir. Çünki bilirlər ki, proporsional sistem bərpa olunsa, müxalifət YAP-a asanlıqla qalib gələcək. Biz hesab edirik ki, ölkədə idarəetmə üsulunun bir qədər dəyişdirilməsi lazımdır. Prezidentli respublikadan parlamentli respublikaya doğru ilk addımlar atılmalıdır. Bununla bağlı referendum keçirilməsi çox maraqlı olardı.
Bu cür referendumun keçirilməsi Azərbaycanın maraqlarına ziddir. Əvvəla ona görə ki, referendum İlham Əliyevin prezidentliyinin uzadılmasına xidmət edir. İlham Əliyev beş ildən artıq müddətdə xalq üçün nə edib ki, hələ bir müddətə də prezidentliyi üçün ona imkanlar yaradılmalıdır? Ölkədə dərəbəylikdir, haqq-ədalət deyilən şey yoxdur, insanların mülkiyyəti əlindən alınır, axırıncı qəpikləri ilə tikdikləri komaları dağıdılır. Budur İlham Əliyevin Azərbaycana gətirdiyi hakimiyyət. Bir söz deyən kimi başlayırlar ki, yollar çəkmişik, körpülər, xəstəxanalar, məktəblər tikmişik. Bəs dövlət nə ilə məşğul olmalıdır? Məktəb, xəstəxana, körpü tikintisi, yol çəkilişi ilə partiyalar məşğul olmalıdır? Bu, dövlətin, hökumətin vəzifəsi və borcudur. 1 milyon manata başa gələsi 1 kilometrlik yolu 15 milyon manata çəkirlər, 10 min manata başa gələsi sinif otağını 100 min manata başa gətirirlər. Xalqın sərvətini oğurlayır, sonra da xalqa minnət qoyurlar ki, sizin üçün yol çəkmişik, məktəb tikmişik.
40 ildir Əliyevlər hakimiyyətdədir. Nə deməkdir bu? Nəyə görə hakimiyyət bundan sonra da illərlə bunların əlində olmalıdır? Nə ilə qazanıblar bu haqqı? Nədən ibarətdir İlham Əliyevin alternativsizliyi? İlham Əliyevə alternativin olmadığının bəyan edilməsi xalqa da, YAP-çılara da təhqirdir.
Prezidentlərin səlahiyyətləri, müddətləri bütün dünyada azaldılır, parlamentin səlahiyyəti artırılır. Azərbaycanda isə dünyada gedən tendensiyanın əksi gedir. Sülalə hakimiyyətinin möhkəmlənməsi ilə Azərbaycanın dünyadakı bərbad nüfuzu daha da bərbad vəziyyətə düşəcək. Qarabağ və digər mühüm məsələlərdə Azərbaycanın maraqlarını müdafiə etmək daha da ağırlaşacaq. Bu hakimiyyət öz marağı naminə Azərbaycanın bütün maraqlarını tapdamağa hazırdır. Hakimiyyət deyirdi ki, Azərbaycanda müxalifət yoxdur. Müxalifət bu gün onun qarşısındadır. Hakimiyyət deyirdi ki, müxalifət bir araya gəlməyə qadir deyil. Müxalifət artıq birləşib və möhtəşəm vətəndaş hərəkatı yaradıb. Bu, müxalifətin və vətəndaş cəmiyyətinin lazım gələndə birləşməyi bacardığının sübutudur. Hakimiyyət deyirdi ki, müxalifətin sosial bazası yoxdur. Qısa müddətdə iki təşviqat qrupu yarandı və hər qrup 40 mindən artıq imza topladı. İmzatoplama kampaniyasına hakimiyyət ən ağlasığmaz maneələr yaratsa da müxalifət imza toplamağı bacardı. Hakimiyyət referendumun nəticəsini saxtalaşdırmaq istəyir. Ancaq xalq olaraq bu saxtakarlığın qarşısını almaq üçün əlimizdən gələni etməliyik.
“Referendumun saxtalaşdırılmasının qarşısını almağa qadirik”
Hətta qarşısını ala bilməsək də zəhmətimiz boşuna getməyəcək. İctimai Televiziyadakı sonuncu debatda Əli Kərimli ilə Arif Hacılıya cavab verən hakimiyyət təmsilçilərindən biri - debatdakı ən yaşlı adam köhnə prokuror və sovet deputatlarından biri idi. Bilirsinizmi ki, həmin şəxs 18 il bundan əvvəl - 1991-ci ilin martında SSRİ-nin saxlanması ilə bağlı müzakirələrdə hansı mövqedən çıxış edirdi? Parlamentdə, hər yerdə çıxış edib deyirdi ki, Azərbaycana müstəqillik lazım deyil, SSRİ saxlanmalıdır. İndi həmin adam efirə çıxıb xalqın adından danışır, müstəqil Azərbaycan Konstitusiyası ilə bağlı mövqe bildirir və deyir ki, dəyişiklikləri qəbul etmək lazımdır. Budur problem. Təfəkkürü Moskvadan asılı olan, Moskvaya bağlı olan, Azərbaycanın müstəqilliyini qəbul edə bilməyən adamlar bu gün hakimiyyətdədir, ortaya mövqe qoymaq istəyirlər. Ancaq bir şeyi unudurlar ki, 1991-ci il martın 17-də keçirilən referendumda hakimiyyət saxtakarlıq etdi. Azərbaycan xalqının guya SSRİ-nin saxlanmasına səs verdiyini bəyan etsələr də üstündən 4-5 ay keçməmiş sovetlər birliyi dağıldı və Azərbaycan müstəqillik əldə etdi. Çünki 1991-ci ilin martında xalqımız mübarizə əzmini ortaya qoymuşdu. İndi də martda bizim fədakarlığımız ya qələbə qazanacaq, biz referendumun saxtalaşdırılmasının qarşısını alacağıq, ya da hakimiyyət “Pirr qələbəsi” qazanacaq. Hakimiyyətin saxtakarlığı onun ömrünü uzatmayacaq, bu referendum hakimiyyətin ömrünü qısaldan amilə çevriləcək. Buna əminəm. Sizi sülalə hakimiyyətinin ömrünün uzadılmasına “yox” deməyə çağırıram".
İqbal Ağazadə: “Bu referendum geriyə addımdır”
Ümid Partiyasının sədri İqbal Ağazadə dedi ki, referendum demokratiyanın inkişafı yox, geriyə addımdır: “Bu referendum Azərbaycanı monarxiyaya aparır, sülalə hakimiyyətinə əlavə imkanlar verir. Ona görə də xalqı ortaya qəti mövqe qoymağa çağırırıq. Hər bir vətəndaş çevrəsində olan insanların yanında bu referendumun mahiyyəti barədə fikir bildirməlidir. Referendumun qarşısının alınması, nəticələrinin saxtalaşdırılmasına imkan verilməməsi üçün ortaya vətəndaş mövqeyi qoymağa ehtiyac var. Bu vətəndaş mövqeyi gec-tez öz bəhrəsini verəcək. Mübarizənin yeni dövrü başlayır. Siyasi təşkilatlarımız bu dövr üçün ayaqdadır. Mübarizənin yeni dövrü hakimiyyətin dəyişməsi ilə, demokratik cəmiyyət quruculuğu, Qarabağlı Azərbaycana nail olunması ilə nəticələnəcək. Hakimiyyət əslində öz içindəki daxili savaşa da özündən asılı olmayaraq təkan vermiş oldu. Bütün saray çevrilişləri, daxili qarşıdurmalar, sui-qəsdlərin hamısı demokratik dəyişikliyə imkan verilməyən dövlətlərdə baş verir. Referendumda hamınızı aktiv olmağa və hakimiyyətin siyasətini durdurmağa çağırıram”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev başlanan mübarizənin məqsədinin dövləti müdafiə etmək olduğunu dedi: “Millət olaraq respublika uğrunda savaşa qalxmalıyıq...  Xalqımızı ayağa qaldırmalıyıq. Xalqı sındıra bilməyəcəklər. Sıxılmış yay bir gün elə açılacaq ki, qarşısında heç bir qüvvə dayana bilməyəcək”.
ADP sədri Sərdar Cəlaloğlu dedi ki, bu gün ölkədə vətəndaşlıq institutunun taleyi həll olunur: “Referendum ”biz rəiyyət olacağıq, yoxsa vətəndaş" məsələsini həll edir. İqtidar-müxalifət, cavan-qoca, kasıb-varlı olmasından asılı olmayaraq bu ölkədə vətəndaş olmaq istəyənlər, kölə olmaq istəməyənlər ayağa qalxmalı və referenduma çıxarılan məsələlərə yox deməlidir. Bizim zaman-zaman birləşə bilməməyimiz bəzi adamları iştahlandırıb. Bunlar xalqı kiçik görür, kiçiltmək istəyir. Kim kiçilmək istəmir, kim özünü şəxsiyyət hesab edir, kim gələcək nəslinin kölə olmasını istəmirsə, ayağa qalxıb “yox” deməlidir. Kim özünü və gələcək nəsillərini hansısa bir tayfanın nökəri kimi görürsə, buyursun, referenduma “hə” desin".
AXCP sədri Əli Kərimli dedi ki, hakimiyyətin zorakılığı olmasa, xalq böyük mitinq meydanı yarada bilər: “Hələ də dərk etməyiblər ki, siyasətdə güc nədədir. Siyasətdə güc xalqına zülm etməkdə, rəqibləri şərləyib həbs etdirməkdə, qadınların, uşaqların üstünə quduz itlər göndərməkdə deyil. Siyasətdə güc mərd-mərdanə meydana çıxıb qalib olmağı bacarmaqdır. Onu da bu hakimiyyətdəkilər bacarmır. 5 ay öncə prezident seçkisi keçirildi. İlham Əliyev onu da özünə rəva görmədi ki, bir dəfə xalqın qarşısına çıxıb desin ki, sizin səsinizə ehtiyacım var. Çünki artıq xalqa təbəə kimi baxırlar. Deyirlər ki, sizin nə hüququnuz var bizə səs verməyəsiniz. Referendum keçirirlər ki, İlham Əliyevə istədiyi qədər dövlət başçısı seçilmək imkanı yaransın. Amma özü yenə meydanlarda yoxdur. Özü yenə də kimlərinsə arxasında gizlənir. Bu gün gələcək nəsillərə çatmalı olan rezervləri xərcləməklə məşğuldurlar. Maaşların, təqaüdlərin verilməsi məhz həmin rezervlərin hesabınadır. O pul ki qeyri-neft sektorunun inkişafına yönəlməli idi, indi həmin pulu bir neçə ilə xərcləyib qurtarmaq istəyirlər. Əminəm ki, bu referendum saxtalaşdırılsa da hakimiyyətin ömrünün uzanmasına səbəb ola bilməyəcək. Əksinə, hakimiyyətin çöküşünü sürətləndirəcək. Biz uzunmüddətli mübarizə yolunu seçmişik. Bu mübarizə nəticəsini verəcək”.
Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva bildirdi ki, əbədi prezidentlik istəyi xalqa həqarətdir: “Görün bunlar özlərindən nə qədər razıdır ki, bu xalqın içində başqa birinin də prezidentliyə layiq olmadığını düşünürlər. Bu zalda prezidentliyə layiq azı 200 adam görürəm. Prezidentlik müddətinin artırılması ilə ölkəmizdə korrupsiyanı, biabırçılığı, regionçuluğu əbədi eləmək, milləti kölə vəziyyətində görmək istəyirlər. Bu da alınmayacaq. Buna imkan verməməliyik və verməyəcəyik. Ölkəmizi azad etməliyik, Azərbaycanda əbədi prezident olmayacaq, əbədi bir Allahdır, bir də millət!”
Partiya liderlərinin çıxışları alqış və şüarlarla müşayiət olundu. Zaldan “Biz mitinq istəyirik” çağırışları da səslənirdi. Tədbir himnin oxunması ilə yekunlaşdı.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 02