Terrorçuların maliyyələşdirilməsi bank sektoru vasitəsilə həyata keçirilir; ölkədə mütəşəkkil cinayətkar qruplaşmalar var
Azerbaijan servisi /Aran Agentliyi
ABŞ Dövlət Departamenti (DD) narkotiklərin yayılmasına və çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair növbəti illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsində kifayət qədər kəskin tənqidlər yer alır. Azərbaycanda vəziyyətin xüsusən çirkli pulların transferi sahəsində pis olduğu, narkomafiya, insan alverçiləri və rüşvətxorların qanunsuz yolla əldə etdiyi pulları sərbəst şəkildə yuması üçün şəraitin hökm sürdüyü, terrorçuların və terrorçu təşkilatların maliyyələşdirilməsinə imkan yaradan kanalların olduğu bildirilir. DD ötən həftə də dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını açıqlamışdı və Azərbaycan orada da tənqid olunurdu.
Narkotiklərə və çirkli pulların transferinə dair hesabatı dövlət katibinin narkotiklər və hüquq-mühafizə işləri üzrə köməkçisi David Conson təqdim edib. O deyib ki, sənəd BMT-nin narkotiklərə qarşı mübarizəyə dair konvensiyası əsasında hazırlanıb və dövlətlərin üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyini əks etdirir. Conson hesabatın hazırlanmasında ABŞ-ın Narkotiklərə Nəzarət Agentliyinin, Ədliyyə Nazirliyinin, Daxili Təhlükəsizlik Nazirliyinin və Xəzinədarlıq Departamentinin də rolunun olduğunu bildirib.
Azərbaycanda 200 mindən çox narkoman var
Hesabatda deyilir ki, Azərbaycan Əfqanıstan və Orta Asiyadan Qərbi Avropaya narkotik tranziti marşrutu üzərində yerləşir. Azərbaycanda 2007-2008-ci illərdə narkotik istifadəçilərinin sayında və narkotik becərilməsində artım qeydə alınıb: “Azərbaycanın narkotiklərlə bağlı əsas problemi onun ərazisinin narkotik tranziti kimi istifadə edilməsindədir. 1990-cı illərdə ”Balkan marşrutu"nun bağlanmasından sonra Azərbaycan Əfqanıstandan Qərbi Avropa və Rusiyaya narkotik tranziti marşrutunda əsas yer alır. Azərbaycan İranla 611 km sərhədə malikdir və bu ölkədən olan narkotacirlər Azərbaycan ərazisindən fəal istifadə edir. Azərbaycanda geniş yayılmış narkotiklərə əsasən heroin, həşiş, ekstazi və kokain daxildir. Rəsmi statistikaya görə, 21 min nəfərə yaxın adam narkotik istifadəçisi kimi qeydiyyatdadır. Lakin qeyri-rəsmi rəqəmlərə görə, narkomanların sayı 200 mindən çoxdur. Tələbələr narkotik istifadəçilərinin 30-35 faizini təşkil edir. Heroin istifadəçiləri əsasən Bakıətrafı Abşeron rayonunda, habelə paytaxtın özündə və İranla həmsərhəd Lənkəran rayonunda çoxdur. Son vaxtlar azyaşlılar və qadınlar arasında da narkotik istifadəçilərinin artması problem təşkil edir".
Sənəddə daha sonra Azərbaycan hökumətinin narkotiklərin yayılmasına və tranzitinə qarşı il ərzində həyata keçirdiyi tədbirlər sadalanır. Bildirilir ki, Azərbaycan Avropa Komissiyasının Cənubi Qafqaz üzrə antinarkotik proqramına daxil olub. Azərbaycanın hüquq-mühafizə orqanları bu proqram çərçivəsində narkotiklərə qarşı mübarizəni Avropa standartlarına uyğunlaşdırmağa çalışır. Hesabatda deyildiyinə görə, ötən ilin 10 ayı ərzində Azərbaycan hüquq-mühafizə orqanları ton yarımdan çox heroin ələ keçirib. Bu maddələrin böyük hissəsi İranla sərhəddə tutulub. Sənəddə deyilir ki, narkotiklər İrandan multietnik kriminal qruplar tərəfindən Azərbaycana keçirilir və oradan Avropa və Rusiyaya daşınır.
Xəzərdən gəmilərlə narkotik daşınır
Narkotiklər quru sərhəd ilə yanaşı həm də Xəzərdən gəmilərlə daşınır. Sənəddə deyilir ki, Azərbaycanda narkotiklərin qanunsuz istehsalı və yayılması hökumətin rəsmi siyasəti olaraq dəstəklənmir. Ancaq Azərbaycanda korrupsiya ciddi problem olaraq qalır və cəmiyyətin böyük hissəsinə sirayət edib. Azərbaycanda hakimlər, prokurorlar və təhqiqatçılar narkotiklərə və çirkli pullara qarşı mübarizə yollarını öyrənmək üçün kurslar keçir. Bu təlim narkotiklərlə bağlı məhkəmə işlərinə kömək edə və korrupsiyanı məhdudlaşdıra bilər.
Hesabatda daha sonra Azərbaycandan narkotik tranzitinin istiqamətləri göstərilib. Dövlət Departamenti bildirir ki, bu marşrutlar təqribən belədir: Orta Asiyadan keçməklə Xəzər dənizi üzərindən və ya İrandan quru yolla. Digər marşrut isə İrandan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini birləşdirir. Bildirilir ki, narkotiklər Azərbaycandan Rusiyaya, oradan isə Şərqi və Mərkəzi Avropaya daşınır. Türkiyənin İranla sərhədə malik olması Azərbaycanın bu ölkə üzərindən keçən marşrutda da yer almasına səbəb olub. Azərbaycan Xəzər dənizi və Qara dəniz sahili ölkələri ilə narkotiklərin tranzitinə qarşı əməkdaşlıq edir, sərhəd və gömrük postlarında narkotikləri aşkar etmək üçün müasir avadanlıqlar quraşdırır.
Sənəddə ABŞ-la Azərbaycan arasında narkotiklərə qarşı əməkdaşlıqdan da söz açılıb. Hesabatda narkotacirlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında bəzən toqquşmaların da olduğu xatırladılır. Məsələn, ötən il iyunun 3-də İranla sərhəddə baş vermiş belə toqquşma zamanı 1 narkotacir öldürülüb, 4-ü yaralanıb. Narkotik daşıyan qrupdan ABŞ-da istehsal olunmuş 2 gecə müşahidə cihazı və avtomat silah aşkarlanıb.
Narkomafiyanın pulları sərbəst dövr edir
Dövlət Departamenti Azərbaycanda çirkli pulların transferi sahəsindəki vəziyyəti də göstərib. Bu sahədə vəziyyəti göstərmək üçün Avropa Şurasının Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Komitəsinin (MONEYVAL) məlumatlarından istifadə edilib. Sənəddə deyilir ki, Avropa və Mərkəzi Asiyanın kəsişməsində yerləşən, zəngin təbii ehtiyatlara malik olan Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir: “Şübhəsiz ki, narkotiklərin ticarətindən əldə edilən pullar qeyri-leqal vəsaitlərin əsas hissəsini təşkil edir. Lakin bu cür vəsaitlərə oğurluq, fırıldaq, soyğunçuluq, vergidən yayınma, qaçaqmalçılıq və son illər ciddi problemə çevrilən insan alverindən əldə edilən pullar da daxildir. Ölkədə geniş yayılmış korrupsiya var, mütəşəkkil cinayətkar qruplaşmalar fəaliyyət göstərir, baxmayaraq ki, hakimiyyətdə belə qruplaşmalar və onların fəaliyyəti barədə kifayət qədər anlayış yoxdur. Azərbaycan hakimiyyəti hesab edir ki, çirkli pulların yuyulması və terrorçuların maliyyələşdirilməsi əhəmiyyətli ölçülərdə bank sektoru vasitəsilə həyata keçirilir”.
Hesabata görə, Azərbaycanda gömrük işçiləri ölkəyə girib-çıxanlar arasında çirkli pulların yuyulmasının potensial iştirakçılarını və ya terrorçuları maliyyələşdirənləri identifikasiya etmək üçün müvafiq təlimata malik deyil: “Hətta əgər gömrük xidməti maliyyə cinayətləri barədə şübhələnərsə, bu orqanın səlahiyyəti yoxdur ki, şübhəli maliyyə vəsaitini müsadirə etsin, eyni zamanda gömrük xidmətinin bu şübhəli hərəkət barədə digər hüquq-mühafizə orqanlarını məlumatlandırmaq öhdəliyi də yoxdur”.
Azərbaycanda terrorçuların maliyyələşdirilməsinə yaxşı şərait var
Hesabatda Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə qanunvericiliyinin də zəif olduğu bildirilir. Bu sahədə hazırlanmış qanun layihəsi isə beynəlxalq standartlara cavab verməyib. Bu yaxınlarda Azərbaycan hakimiyyəti qanunun beynəlxalq standartlara uyğunlaşdırılmasına hazır olduğunu ifadə edib.
Lakin bu günədək çirkli pulların yuyulmasına qarşı cinayət məsuliyyətini tələb edən heç bir qanun yoxdur. Yalnız fiziki şəxslər çirkli pulların transferinə görə məsuliyyətə cəlb oluna bilər, hüquqi şəxslərə qarşı isə belə məsuliyyət nəzərdə tutulmayıb. Bu baxımdan terrorçuları maliyyələşdirən, çirkli pulların yuyulmasını həyata keçirən hüquqi şəxslər məsuliyyətdən kənardadır. Eyni zamanda çirkli pulların daxildə dövriyyəsi də qanun pozuntusu hesab edilmir.
Hesabatda deyildiyinə görə, bankların fəaliyyətini nizamlayan qanunlardakı boşluqlar da çirkli pulların yuyulması, terrorçuların maliyyələşdirilməsi baxımından əlverişli şərait yaradır. Məsələn, banklar haqqında qanun anonim hesabların açılmasını qadağan edir, lakin qanun tələb etmir ki, bank və ya digər maliyyə təşkilatı vəsaiti yatıranın əsl kimliyini yoxlasın, hesabın başqa adamların adına açılıb-açılmadığını müəyyənləşdirsin. Sənəddə o da bildirilir ki, Azərbaycan öz banklarının xaricdəki filiallarının onların yerləşdiyi ölkələrin tələblərinə əməl etməsini də qanun şəklində göstərmir: “Azərbaycanda maliyyə təşkilatlarından şübhəli maliyyə əməliyyatları haqda məlumatların hüquq-mühafizə orqanlarına verilməsini tələb edən qanun da yoxdur. Həmçinin bankların üzərinə terrorçular və onları maliyyələşdirənlər haqda şübhəli məlumatları hüquq-mühafizə orqanlarına vermək məsuliyyəti də qoyulmur. Azərbaycan hakimiyyəti çirkli pulların yuyulması və terrorçuların maliyyələşdirilməsinə qarşı personala təlim verilməsi haqda təkliflərə əməl etmir. Hətta formal olaraq maliyyə sektoru bu problemi dərk etməkdə çətinlik çəkir”.
Sənəddə deyilir ki, hökumət çirkli pulların müsadirə edilməsinə dair statistikanı təqdim etməyib. Lakin MONEYVAL ekspertlərinə bildirilib ki, belə hallar var. Ölkədə tək-tək qeydə alınan çirkli pulların müsadirə edilməsi halları olsa da, belə cinayətlər cəmi 2 il həbslə cəzalandırılır, hüquqi şəxslərdən isə ümumiyyətlə çirkli pulların müsadirə edilməsi nəzərdə tutulmur.
Dövlət Departamenti göstərir ki, Azərbaycan hökuməti terrorçuluğun maliyyələşdirilməsini cinayət kimi tanıyır, ancaq bu, çox dar çərçivəni əhatə edir. Belə ki, terrorçuluğun maliyyələşdirilməsi anlayışı çirkli pulların yuyulması anlayışı ilə sıx bağlıdır. Azərbaycan habelə terrorçuların “verbovka” edilməsini, terrorçu təşkilatların digər hərəkətlərini və terrorçularin ailəsinin dəstəklənməsini də cinayət kimi qəbul etməyib. Ona görə də bu sahədə qanunların təkmilləşdirilməsinə ehtiyac var.
Hesabatda deyilir ki, Azərbaycan hökuməti hüquq-mühafizə orqanlarının çirkli pulların yuyulmasına, terrorçulara və onları maliyyələşdirənlərə qarşı mübarizəni gücləndirməsi üçün tədbirlər görməli, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən terrorçulara məxsus olduğuna dair şübhələr olan bank hesablarını bağlamalı, hüquqi şəxslərin çirkli pulların yuyulmasına görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunverici baza yaratmalıdır.