Tarix : 2009 Mar 02
Kod 10919

“ERGENEKON” İŞİNDƏ YENİ İTTİHAMLAR

Ordu generallarının da adları yer alan ittihamda PKK-nın silahli qüvvələrlə əlaqələrindən bəhs olunacaq
Türkiyə servisi/Aran Agentliyi
Türkiyədə “Ergenekon” işi ilə bağlı ittiham aktının ikinci hissəsinin hazırlanması başa çatmaq üzrədir. “CNN Türk” kanalı bu aktın bəzi detalları haqda xəbər verib. Bildirilir ki, bu dəfəki ittiham aktında “Ergenekon”la bağlı həbs edilən ordu generalları Xurşud Tolon və Şener Eruyğurla bağlı ittihamlar yer alır, həmçinin ötən il prezident seçkiləri zamanı Türkiyənin hər yerində təşkil olunan izdihamlı “cümhuriyyət mitinqləri”nin də onlar tərəfindən təşkil edildiyi, məqsədin isə hökuməti devirmək olduğu iddia edilir. Məlumata görə, ittiham aktı üzərində bir neçə aydır ki, 12 polis və 3 prokuror işləyirdi. İttiham aktının həcminin 1000 səhifədən çox olduğu bildirilir.
Birinci ittiham aktı isə 2500 səhifədən çox idi. İkinci ittiham aktında generalların “cümhuriyyət mitinqləri” ilə bağlı telefon danışıqları da yer alır. İddia olunur ki, həmin mitinqlər hökuməti qeyri-konstitusion yolla devirmək üçün təşkil olunmuşdu. Xatırladaq ki, yüz minlərlə adamın qatıldığı və bir çox qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunan mitinqlər zamanı hər hansı zorakılığa yol verilməyib və hökuməti zorakı yollarla devirməyə heç bir çağırış səslənməyib. Bu baxımdan hökumətin tənqid edildiyi və dinçi prezidentə qarşı çıxıldığı bu dinc aksiyaların çevriliş cəhdi kimi qiymətləndirilməsi “Ergenekon” işinin AKP iqtidarına qarşı olanlardan qisas almağa yönəldiyi haqda şübhələri artıra bilər.
Məlumata görə, ikinci ittiham aktındakı sensasiya ondan ibarət olacaq ki, prokurorlar bu aktda “Ergenekon”la PKK terror təşkilatını birləşdirməyə cəhd ediblər. PKK ilə “Ergenekon” arasında bağları sübut etmək üçün isə ən önəmli ünsür gizli şahidlərin ifadələridir. Belə ki, çoxlu sayda PKK-çı prokurorluğa müraciət edərək “Ergenekon” işində tutulanların əleyhinə ifadə verib. Bir çox PKK-çı isə istintaqa məktub yazaraq silahlı qüvvələrin rəhbərliyində olan şəxslərlə əlaqələri haqda bildirib. Prokurorlar iddia edirlər ki, PKK-nın rəhbərliyinə daxil olan şəxsləri “Ergenekon” idarə edib. Qeyd edək ki, “Ergenekon” işində tutulan hərbçilərin demək olar ki, hamısı PKK-ya qarşı döyüşlərdə şəxsən iştirak etmiş və şücaətlər göstərmiş adamlardır.
 
 
  • Yazılıb
  • da (də) 2009 Mar 02