Tarix : 2009 Mar 03
Kod 10922

QUANTANAMO HƏBSXANASI AZƏRBAYCANA KÖÇÜRÜLÜR

Qərbin referenduma loyal yanaşmasının səbəblərindən biri də hakimiyyətin gizli həbsxana məsələsinə razılıq verməsidir
Azərbaycan Servisi/Aran Agentliyi

ABŞ-ın Quantanamo hərbi bazasında saxlanılan təhlükəli terrorçular Azərbaycan ərazisində gizli həbsxanalarda yerləşdirilə bilər. Müsavat qəzetinin bildirdiyinə görə, Amerika ilə Azərbaycan iqtidarı arasında bu məsələ istiqamətində danışıqların aparıldığı istisna deyil. Xatırladaq ki, Barak Obama prezident seçkiləri ərəfəsində Amerikanın Kubada yerləşən hərbi bazasındakı Quantanamo həbsxanasını bağlayacağını vədə etmişdi. Prezident seçiləndən sonra Obama vədini yerinə yetirmək istiqamətində bir neçə addım atdı.
Fevralın 26-da Brüsseldə Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri keçirdikləri toplantıda Quantanamo həbsxanasındakı məhbusları öz ölkələrində yerləşdirməyə hazır olduqlarını bildiriblər. Nazirlərin çıxardığı qərara görə, Avropa Birliyinə üzv olan hər bir ölkə istədiyi qədər məhbusu qəbul edə bilər. Söhbət o məhbuslardan gedir ki, onların təqsiri sübuta yetirilməyib. Belələri ailələri ilə birgə 60 nəfərdir.
Avropa Birliyinin bu qərarı humanizm prinsipləri ilə əsaslandırılır. Çünki məhbusların öz ölkələrinə qayıtması təhlükəlidir. Bəzi məhbusların ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsilə əməkdaşlıq etdiklərini nəzərə alan Avropa Birliyi ölkələrinin rəsmiləri belələrinin öz vətənlərində hədəfə çevrilə biləcəyindən ehtiyatlanır.  İspaniyanın daxili işlər naziri Alfredo Peres məhbusların qəbulu və yerləşdirilməsinin hüquqi baxımdan müəyyən problemlər yaradacağını istisna etməyib.
Xatırladaq ki, Quantanamo həbsxanası 2001-ci ilin 11 sentyabr terrorundan sonra yaradılıb. Hazırda bu həsxanada 250 məhbus saxlanır. 60 məhbusun yerləşdirilmə məsələsi müsbət həllini tapsa da, yerdə qalan 190 məhbusu Avropa dövlətlərinin böyük hissəsi qəbul etmək istəmir. Səbəb isə bu məhbusların beynəlxalq terror şəbəkələrinin rəhbərliyində təmsil olunmaqla, dəfələrlə ağır cinayətlərdə, qanlı terror aktlarında fəal iştirak etmələridir.
Fransa, Almaniya və digər Avropa ölkələrinin əksər hissəsi həmin məhbusların qəbulundan imtina etsə də, Azərbaycanın bu məsələdə mövqeyi bəlli deyil. Bəzi məlumatlara görə, referendum öncəsi Azərbaycan iqtidarı ilə ABŞ arasında Quantanamo həbsxanasında saxlanılan məhbusların Azərbaycanda yerləşdirilməsinə dair anlaşma əldə olunub. Əsas arqument kimi isə ABŞ-ın Azərbaycanda əvvəlcədən hazırlanmış və fəaliyyət göstərən gizli həbsxanalarının olması göstərilir. Digər tərəfdən, Azərbaycan coğrafi baxımdan da ABŞ-ın maraqlarına tam cavab verir: “Vaşinqtonun hərbi təyyarələri hər gün Azərbaycana, buradan Əfqanıstan və digər ölkələrə uçur. Burada gizli həbsxana varsa, dünyanı lərzəyə gətirən terrorçuların Azərbaycana gətirilməsi realdır. Ötən il Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) isveçrəli deputat Dik Marti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli həbsxanaları və məxfi daşımaları barədə bəyanatla çıxış etdi. Bu çıxışdan əvvəl ABŞ gizli həbsxanalarla bağlı məlumatları təkzib edirdi. Lakin D.Marti “Time” qəzetində  çıxış edərək 2002-2003-cü illərdə sözügedən həbsxanada saxlanılan “Əl-Qaidə” fəalları Əbu Zübeydin, Xalid Şeyx Məhəmmədin və Rəmzi bin əl-Şibhin Hind okeanındakı Dieqo Qarsia adasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanasında saxlanıldıqlarını, sonradan Polşadakı gizli həbsxanaya köçürüldüklərini bəyan etdi. Məcburiyyət qarşısında bu faktlar təsdiqləndi".
Bundan əvvəl isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Heyden bir neçə ölkəyə səfəri çərçivəsində Azərbaycana da gəlmişdi. M.Haydenin ölkəmizə səfəri ilə bağlı “AzərTAc”ın yaydığı məlumatda bildirilirdi ki, M.Heyden prezident İlham Əliyev və milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşlər keçirib. Görüşlərdə ikitərəfli faydalı məsləhətlər aparılıb, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və kəşfiyyat məlumatlarının mübadiləsi məsələləri müzakirə olunub. “AzərTAC”-da prezidentlə bağlı məlumatların manşetdən verilməsi ənənəsi olsa da, M.Haydenin İlham Əliyevlə görüşü həmin vaxt gözə çarpmayan bir yerdə verilmişdi.
Digər tərəfdən, məlumdur ki, ABŞ hərbi təyyarələri Azərbaycanın hərbi aerodromlarından istifadə etməklə Əfqanıstana və geriyə hərəkət edirlər. Həmin təyyarələrin daşıdığı yüklər barədə məlumatlar isə məxfiləşdirilib. Yəni orada məhbus və ya döyüş ləvazimatlarının daşınması məlum deyil. Bu isə Quantanamodakı məhbusların Azərbaycana köçürülməsi üçün münbit şərait yaradır. 
Sabiq ABŞ prezidenti Corc Buş M.Heydeni vəzifəyə təyin edərkən bildirmişdi ki, bu şəxs “MKİ-yə kritik məqamda başçılıq edəcək ən doğru adamdır. MKİ Maykın rəhbərliyi altında düşmənlərimizi dəf etməkdə və terrorla müharibədə qələbə qazanmaqda əvvəlki tək bizə kömək edəcək”. M.Heydenin vəzifəyə təyinatının bir səbəbi də MKİ-nin gizli həbsxanalarının mövcudluğu haqda yaranmış qalmaqallar və bu idarə ilə bağlı mətbuata çoxlu sızıntıların olması göstərilirdi. M.Heyden vəzifəyə təyin olunarkən, çoxları MKİ-də mövcud olmuş ənənəvi qapalılıq rejiminin bərpasına ümid edirdi. Lakin ara-sıra mətbuata yenə də sızıntılar ötürülür və artıq M.Hayden də tutduğu vəzifədə deyil.

 

 

  • Yazılıb
  • da (də) 2009 Mar 03