Azərbaycan servisi/Aran Agentliyi
"Bu bizə həm Suraxanı RİH-nin və həm də təhsil idarəsinin tapşırığıdır"
Son günlərdə müxtəlif orta məktəblərdə hicablı şagirdlərin orta məktəblərə gəlışinə qadağalar yenidən gündəmə gəlib.
Bir gün öncə belə bir siqnal Nefçala məktəblərindən birindən daxil olmuşdu. Dünən isə Suraxanı rayonunun Hövsan qəsəbəsinin 281 saylı məktəbində də belə bir qadağanın tətbiqi ilə bağlı siqnal daxil oldu. Məlumata görə, 281 saylı məktəbdə oxuyan hicablı şagirdlərə gələn həftədən məktəbə ya gəlməmələri, ya da başlarını açaraq gəlmələri bildirilib: Məlumatı dəqiqləşdirmək üçün 281 saylı məktəblə əlaqə yaratdıq. Baş verənlərlə bağlı suallarımızi Hövsan qəsəbəsi 281 saylı məktəbin direktoru Gülşən xanım Əliyeva cavablandırdı:
- Gülşən xanım, bildirilir ki, sizin məktəbdə başörtüklü şagirdlərə xəbərdarlıq edilib ki, növbəti həftənin ilk günündən məktəbə ya başıaçıq gəlsinlər, ya da gəlməsinlər. Bu məlumat nə dərəcə də həqiqətə uyğundur?
- Mən elə hazırda həmin şagirdlərin valideynləri ilə söhbət edirəm. Bu bizə həm Suraxanı RİH-nin və həm də təhsil idarəsinin tapşırığıdır ki, hicablı qızlar məktəbə buraxılmasın.
- RİH-dən kim verib bu tapşırığı?
- Suraxanı RİH başçısının humanitar məsələlər üzə müavini Əhməd Talıbov tərəfindən.
- Təhsil idarəsindən kimin göstərişi olub?
- Təhsil idarəsində yığıncaq olub və orada Nailə xanımın səlahiyyətli nümayəndələri tərəfindən verilib.
- Gülşən xanım, siz bilirsinizmi ki, bu addımın nə məntiqi, nə də qanuni əsası yoxdur?
- Mən nə deyim, bizə verilən tapşırıq budur. Valideynlər də hal-hazırda qarşımdadırlar, oturmuşuq və bunu danışırıq. Hicablı şagirdlərin içərisində birinci sinifdə gələndə də başıhicablısı var, kənardan gələn şagirdlər də var. Qəbul eləmişdim hamısını, amma indi bizə verilən tapşırıqdırsa...
- Belə şagirdlərə sizin özünüzün münasibətiniz necədir?
- Mən elə indicə valideynlərə də bunu deyirdim ki, təbii ki, bu söz-söhbətə səbəb olacaq. Yəni bu tək bizim məktəbdə deyil. İndi bütün məktəb direktorları valideynləri çağırır və onlarla söhbət edirlər ki, tapşırıq budur.
- Sizin öz münasibətiniz normaldırmı buna?
- Mənim münasibətim normal olsa da, olmasa da... Mən indi onlara (valideynlərə) konstitusiyanın bəndini oxuyuram ki, “biz dünyəvi dövlətdə yaşayırıq, təhsil dindən ayrıdır”. Bu gün də məktəblərə tapşırıq verilib ki, hər məktəbin öz məktəbli forması olmalıdır. Bu uşaqlar da geyinirlər (direktoru olduğu məktəbin şagirdlərini nəzərdə tutur), amma başlarını bağlayırlar. Nə deyim, vallah, mənə bu tapşırıq verilibsə, bunu etməliyəm.
- Yəqin ki, siz də bilirsiniz ki, Azərbaycanda Bakı şəhəri 14 fevraldan İslam mədəniyyətinin paytaxtı statusunu daşımağa başlayıb.
- Mən bunu valideynlərə də demişəm ki, bəli, İslam mədəniyyətinin paytaxtı olduq, amma İslam respublikası olmadıq hələ.
- Siz hesab edirsiniz ki, inanclılar öz əqidələrinə uyğun olaraq, Konstitusiyamızın verdiyi hüquqlara əsasan, ictimai yerlərdə, dərsdə, təhsildə hicablı olurlarsa - bu İslam respublikası olmaq deməkdir?
- Bəli, mən belə hesab edirəm.