Tarix : 2009 Mar 04
Kod 10961

AZƏRBAYCAN R-nda QƏZETLƏRƏ QARŞI QƏSD LAYİHƏSİ

“KİV haqqında” qanuna istənilən mətbuat orqanını 2 ay qapatmaq imkanı verən dəyişiklik edilir
Azərbaycan servisi/Aran Agentliyi
“Kütləvi İnformasiya Vasitələri” haqqında qanuna əlavə və düzəlişlər məsələsi parlamentin Mədəniyyət məsələləri daimi komissiyasında müzakirə olunub. Qanunun 19-cu maddəsinə nəzərdə tutulan düzəlişlər mətbuat üçün kifayət qədər qorxulu situasiya vəd edir. Həmin maddənin üç bəndi özündə KİV-in istehsalı, fəaliyyətinin dayandırılması və ya ona xitam verilməsi məsələsini əks etdirir. Belə ki, həmin bəndlərdə göstərilir.
  1. Əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin baş redaktoru vəzifəsinə təyin edildikdə;
  2. Dövri mətbu nəşrlərin pulsuz məcburi nüsxələri tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən 10 gün müddətində müvafiq qurumlara göndərilmədikdə;
  3. KİV azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməl il ərzində təkrar törədildikdə mətbu nəşrin fəaliyyətinin 2 ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər.
Bəndlərin hər biri ayrı-ayrılıqda KİV-in fəaliyyətini müvəqqəti də olsa, dayandırmaq üçün kifayət qədər ciddi bəhanələr verir. Xatırladaq ki, “KİV haqqında qanun”un mürtəceləşdirilməsi hakimiyyətin çoxdankı arzusu idi. Bununla bağlı dəfələrlə parlamentdə bu və ya digər təkliflər səsləndirənlər nəhayət ki, arzularını bu formada həyata keçirdilər. Artıq məqsəd ayrı-ayrı jurnalistləri həbs etdirmək, təzyiqə məruz qoymaq və ölkədən didərgin salmaqla məhdudlaşmır. Hakimiyyət nəşrlərin fəaliyyətini məhkəmə yolu ilə dayandırmaqla onları çökdürmək xətti seçib.
Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı bildirdi ki, 19-cu maddəyə dəyişiklik məsələsi bir neçə ay öncədən də mübahisələr yaratmışdı. Onun sözlərinə görə, həmin maddənin 2-ci hissəsinin tətbiqi absurd bir situasiyaya səbəb olmuşdu. Belə ki, sözügedən hissənin hələ 2001-ci ildə çıxarılması nəticədə belə bir dəyişikliyə rəvac verdi: “İndisə sadəcə, həmin o bəndə dəyişiklik edərək yenidən qanuna salıblar. Bu, tələm-tələsik, kiminsə iradəsinə uyğun dəyişdirilib. Köhnə maddə artıq qanundan çıxarılmışdı. Onun tətbiqi zamianı ciddi problem ola biləcəyini nəzərə alıb, belə bir dəyişiklik etdilər. Olmayan şeyi necə tətbiq edə bilərdilər? Onsuz da məhkəmə qanuna baxıb, belə bir maddənin olub-olmadığını müəyyənləşdirəndə ortaya anormal situasiya çıxacaqdı. Hesab edirəm ki, bu sifariş Prezident Aparatından gəlib. Onu da elə formada tətbiq ediblər ki, ilk növbədə qəzetlərə ziyan dəysin”.
R.Hacılı daha sonra kifayət qədər ciddi təhlükə sayıla biləcək o maddələri təhlil etdi: “Öncə ondan başlayaq ki, jurnalist hüquqlarından və KİV azadlığından sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra il ərzində bunu təkrar edərsə, çalışdığı mətbu nəşrin fəaliyyəti dayandırıla bilər. Birincisi, jurnalistin inzibati məsuliyyəti yoxdur. Onun mülki məsuliyyəti, cinayət məsuliyyəti var. Digər tərəfdən, jurnalist öz hüququndan sui-istifadə edibsə, bunda nəşrin nə günahı var?
Heç olmasa, cəza mexanizmi kimi 5 manat cərimə tətbiq etsinlər. Yoxsa ki, 2 ay müddətində böyük bir qəzeti bağlayacaqlar ki, nə var nə var onun nüsxələri hansısa quruma çatmayıb?"
MHİ direktoru əminliklə söylədi ki, bu təklifləri Mətbuat Şurası hazırlayıb. Onun sözlərinə görə, qanunda öz əksini tapan sözügedən maddələr bu və ya digər hallarda MŞ rəhbərliyi tərəfindən ortaya atılıb: “Təbii ki, mən Mətbuat Şurasının dövri nəşrlərin müvafiq qurumlara çatdırılması  ilə bağlı niyyətini anlayıram. Bu, daldada çıxan qəzetlərin fəaliyyətilə bağlı məlumatların toplanmasına xidmət edir. Amma bunun hüquqi tənzimlənməsi tamamilə anormaldır. Birinci iki bənd tamamilə gülməlidir. Qəzet məcbur olmalıdır ki, 10 gün müddətində öz nüsxələrini hansısa quruma çatdırsın, əks  halda 2 ay fəaliyyətini dayandıra bilər. Bu, tamamilə absurd, qeyri-adekvatdır. Özü də nüsxənin çatdırılması üçün qəzet neyləməlidir? Əslində bu çatdırılma vəzifəsi nəşriyyatın üzərinə qoyulmalıdır. Qəzet poçt xidməti göstərəsi deyil ki?”
R.Hacılı sözügedən maddənin üçüncü bəndinin qorxulu, qorxulu olduğu qədər də qeyri-müəyyən olduğunu söylədi. Onun sözlərinə görə, jurnalistin “sui-istifadəyə yol verməsi” ifadəsi özündə ciddi sualları birləşdirir: “Yəni, sui-istifadə nəyə deyilir, bunu kim müəyyənləşdirir? Bütünlükdə bunlar hamısı birmənalı olaraq, ifadə azadlığının pozulmasıdır”.
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyası “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər layihəsi üzərində çalışır. Mətbuat Şurasının sədri Əflatun Amaşov “Media forum”a açıqlamasında qanunda Şuraya əlavə səlahiyyətləri nəzərdə tutan müddəaların yer almasını istədiyini deyib: “Mətbuat Şurası peşə davranış qaydalarını pozan kütləvi informasiya vasitələrinin fəaliyyətini müvəqqəti dayandırmaq, onların cərimələnməsi üçün məhkəmələr qarşısında məsələ qaldırmaq səlahiyyətlərinin olmasını istəyir”.
Ə.Amaşov bildirib ki, digər təklifləri qanuna mətbu nəşrlərin baş redaktorlarının mütləq ali təhsilli olması müddəasının salınmasıdır.
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov “Media forum”a açıqlamasında deyib ki, müzakirələr zamanı Mətbuat Şurasına əlavə səlahiyyətlərin verilməsinə baxılmayacaq: “Mətbuat Şurası icra orqanı olmadığı üçün ona rəsmi səlahiyyətlər verilməsi mürəkkəb məsələdir. Bu qurum ictimai nəzarəti həyata keçirir”.
Komissiyanın iclaslarına Mətbuat Şurası sədrinin də qatıldığını vurğulayan N.Cəfərov müzakirələr zamanı baş redaktorların ali savadlı, eyni zamanda Azərbaycan vətəndaşı olması məsələlərinin qaldırıldığını da deyib.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 04