Bankirlərin əsrarəngiz mənimsəmə olayı : 23 nəfərlik dəstə sənədləri saxtalaşdırmaq yolu ilə yarım milyon manata kimi pul ələ keçiriblər
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Beynəlxalq Bankından yarım milyon manata kimi pul oğurlamağa müvəffəq olan dəstənin 12 nəfər üzvü tutulub. Hazırda dəstənin 11 üzvü beynəlxalq axtarışdadır. Qaynağımızın sözlərinə görə, dəstə üzvləri arasında Beynəlxalq Bankın ayrı-ayrı ticarət mərkəzlərində yerləşən kredit şöbələrinin əməkdaşları da var. 2005-2007-ci illər ərzində dəstə üzvləri Bakının iri mağazalarında yerləşən bankın kredit şöbələrinin əməkdaşları ilə əvvəlcədən sövdələşməklə bankdan kredit götürmüş şəxslərin sənədlərini saxtalaşdırmaqla onların adlarına kreditlər götürüblər.
Kredit götürülərkən iş yerində arayış tələb edildiyinə görə “LUKoyl”, “Sumqayıt beton” ASC, “Sumqayıt Kompressor” ASC, “Azərittifaq” və digər şirkətlərin adından saxta arayışlar hazırlanaraq Beynəlxalq Banka təqdim olunub. 2 il ərzində bu yolla bankdan yarım milyon manata yaxın pul mənimsənilib.
Dəstə üzvləri barəsində Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 178.3.2, 178.2.2, 178.2.4 (dələduzluqla külli miqdarda əmlakı ələ keçirmə), 318-ci (dövlət sərhəddini qanunsuz olaraq keçmə) və digər maddələrlə cinayət işi başlanıb. Hazırda cinayətin digər iştirakçılarının tutulması üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.