Tarix : 2009 Mar 05
Kod 10979

İSLAM “DAMI” ALTINDA

2013-cu il üçün Bakı yenidən İslam Mədəniyyəti Mərkəzi seçilib. Təbrik eləyirəm, bu ilə həll olunmayan problemlərimiz ümüd var ki, 2013-cü ilə həll ola
Azərbaycan servisi/Aran Agentliyi
“Keçən günə gün çatmaz, calasan günü-günə!”. Bu da biz müsəlmanların dar gündə təsəlli sözlərimizdən biridir. Ayağımızı bir addım irəli atmamış, iki addım geriyə düşürük. Keçirəm bir başa mustafaya, bu dəfə çox mus-mus eləmək fikrim yoxdur.

Eşitdiyimizə görə böyüklər 2009-cu il üçün Bakını-İslam Dünyası Mədəniyyətinin Paytaxtı seçiblər və bu hadisəni təmtəraqlı şəkildə İslam dünyasının müxtəlif rəsmi və qeyri rəsmi adamları ilə birgə qeyd ediblər. Dəxi bu xəbəri eşidəndə fikr elədim ki, artıq bu müsəlman xalqın da müsəlmanvari problemləri öz həllini tapacaq və biz də bu işi qəzetimizdə yazıb aləmə car çəkəcəyik.

Elə bu fikr və minvalla evdən çıxıb üz tutdum İslam mədəniyyətinin paytaxı Bakı şəhərinə. Şəhərə yenicə ayaq basmışdım ki, telefonuma müsəlman dostlarımdan biri zəng edərək həyacanlı səsi ilə, “mənim qəzetçi qardaşım, bəyəm Bakı İslam Mədəniyyətinin Mərkəzi deyil?” deyə soruşanda onsuz da ağrıyan dalağım daha da pis sancdı. Dedim, “Meşədi, düz fikrləşmisən, bu il paytaxtımız nəinki bizim, həmçinin İslam Dünyasının da paytaxtıdır”. Dedi, “bəs İslam dünyasının paytaxtının məktəbində hicablı şagirdlərə dərsə hicabla gəlmələrinə qadağa qoyarlarmı?”. Dedim “vallah qoymazlar, billah qoymazlar. Axı İslam mədəniyyəti mərkəzində hansısa məktəb direktoru hicaba qadağa qoyar. Əksinə, ölkəmizin bu ada layiq görülməsini qiymətləndirər və İslami dəyərlərə hörmət edər. Birdəki ay Meşədi, millətimizin məclisi böyük zəhmət çəkdi, təhsilimiz haqqında qanun hazırladı və orda hicab məsələsinə də aydınlıq gətirdi. İndi sən o hicabı qadağan edən həmən məktəb direktoruna de ki, dəxi İslama hörmətə yoxdur, dövlətin qanunlarına hörmət qoysun”.

Meşədi qardaşımla söhbəti təzə bitirib, yenicə öz fikrlərimi toparlayıb yoluma davam etmək istəyirdim ki, telefonumun həyacanlı zəngi yenə çaldı. Bu dəfə telefonda cəddinə qurban olduğum dostlarımdan biri idi. “Salam aleykum, əziz jurnalist qardaşımız, səni təbrik edirəm, paytaxtımız İslam Mədəniyyəti Paytaxtı elan olundu. Yəqin bizim bu Əbdürrəhimbəy məscidimizə də nəhayət ki bir diqqət ayıran olar və problem və müşküllər aradan gedər”. Seyyidin qəlbinə dəymək istəmədim və mən də onu bu mədəniyyət ili münasibəti ilə təbrik etdim və sonra dedim ki, “daha belə bir problem qalmaz inşəAllah və biz də bu kimi xəbərləri qəzetdə verməklə sizi xoşhal edərik” deyib sağollaşdım.

Ancaq, həmin gün məni əhatə edən fikrlərdən bir dəqiqə də olsun belə aralana bilmədim. Ha fikr etdim, ha özümə təsəlli verdim, ha dedim ki, Allah kərimdir, İslam mədəniyyəti paytaxtı olmağımız belə problemlərin həllinə diqqəti artırar və nəhayət ki, biz müsəlmanların türlü-türlü problemləri də öz həllini tapar. Ancaq, Bakıdakı abu-havaya baxanda buna heç inanmağım gəlmir ki? gəlmir. İslam Mədəniyyətinin paytaxtının başı indi xaricdən bura oxumağa gəlib, şou göstərib, yaxşı pul qazanıb gedəcək müğənillərə qarışıb. İndi bilmirəm, Bakıya İslam Mədəniyyətinin paytaxtı niyyəti ilə üz tutan xarici qonaqlar gəlib burada İslam mədəniyyəti görəcək, ya İslama xələl gətirən dəyərlərin təbliğini. Ancaq, bircə şeyi dəqiq bilirəm ki, 2013-cu il üçün Bakı yenidən İslam Mədəniyyəti Mərkəzi seçilib. Təbrik eləyirəm, bu ilə həll olunmayan problemlərimiz ümüd var ki, 2013-cü ilə həll ola. Ona görə kefimi pozmadan, dərd filan çəkmədən yoluma davam edirəm.
  • Yazılıb
  • da (də) 2009 Mar 05