Azərbaycanın Milli Məclisin bugünkü iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Pənah Hüseyn Azərbaycan Demokratik ...
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın Milli Məclisin bugünkü iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Pənah Hüseyn Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin ölümünün 54-cü ildönümü ilə bağlı həmkarlarını sayğı duruşuna dəvət edib.
“Media forum” saytı xəbər verir ki, P.Hüseyn öncə M.Ə.Rəsulzadənin Azərbaycanın milli lideri olduğunu söyləyib, daha sonra üç dəqiqəlik çıxış vaxtının bir dəqiqəsini Rəsulzadənin ruhu qarşısında sayğı duruşuna ayıracağını bildirib və ayağa qalxıb. P.Hüseynlə birlikdə Müsavat deputat qrupunun digər üzvləri də ayağa qalxıblar. Bu zaman Milli Məclisin iclas zalında bir anlıq çaşqınlıq yaranıb. Az sonra Zeynəb Xanlarova, ardınca Gültəkin Hacıbəyli, Rəbiyyət Aslanova və spiker Oqtay Əsədov ayağa qalxıblar. Parlament sədrindən sonra deputatların əksəriyyəti sayğı duruşu üçün ayağa durub. Yalnız Gəncədən seçilən iki deputat – Vidadi Məmmədov və Musa Quliyev ayağa qalxmayıblar.
Bir dəqiqə sonra P.Hüseyn çıxışını davam etdirmədən deputatlara təşəkkürünü bildirərək əyləşib. Bundan sonra O.Əsədov deyib ki, ayağa durmaq elə də böyük hadisə deyil: “Məmməd Əmin Rəsulzadə Azərbaycanın birinci müstəqilliyində rol oynamış şəxsdir. Ona görə də bu sayğı duruşunu başqa cür dəyərləndirməyə ehtiyac yoxdur”.