Tarix : 2009 Mar 07
Kod 11000

Generalın qətlini sürücünün boynuna qoyurlar?

: Həsənquliyev Azərbaycanda Avropaya inteqrasiyadan çox danışırlar. Amma hansı Avropa ölkəsində belə bir hadisə olsaydı, həmin şəhərin meri, güc strukturları dərhal brifinq keçirərdilər
Azərbaycan Servisi/Aran Agentliyi

“General Rail Rzayevin qətli ilə bağlı ictimaiyyətə açıqlama verilməməsi cəmiyyətə qarşı sayğısızlıqdır”. Milli Məclisin martın 6-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev belə deyib: “Azərbaycanda Avropaya inteqrasiyadan çox danışırlar. Amma hansı Avropa ölkəsində belə bir hadisə olsaydı, həmin şəhərin meri, güc strukturları dərhal brifinq keçirərdilər. Qətlin üstündən bir aya yaxın vaxt keçib, hələ də heç bir açıqlama verilmir”. Q.Həsənquliyev spikeri səlahiyyətlərindən istifadə edərək qətllə bağlı açıqlama verilməsinə nail olmağa da çağırıb.

Qətlin üstü açılmayacaq?

Xatırladaq ki, müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib. Hadisə baş verən gün hüquq-mühafizə orqanlarının birgə bəyanatı yayıldı. Orada qətlin hansı motivlə törədilməsi, cinayət alətinin tapılıb-tapılmaması, qatilin görüntülərinin hadisə yerinin yaxınlığında quraşdırılan Beynəlxalq Bank kameralarının yaddaşlarından götürülüb-götürülməməsi barədə heç bir məlumat verilmirdi. Qətldən artıq 24 gün keçib, lakin ictimaiyyətə heç bir rəsmi açıqlama verilməyib. Bu isə çoxsaylı versiyaların ortaya çıxmasına səbəb olur.
Ekspertlərin bir qismi bu cinayətin açılmayacağını əminliklə söyləyir. Əsas arqument kimi isə qətlin açıq-aşkar Beynəlxalq Bankın təhlükəsizlik kameralarının qarşısında, milli təhlükəsizlik nazirinin yaşadığı binanın arxasında icra olunmasını göstərirlər. Deyirlər ki, bu cinayətin törədilməsi məkanı təsadüfi seçilməyib və ölkə rəhbərliyinə bir ismarışdır. Digər ekspertlər isə qətldən sonra prezidentin müşavirə keçirib hüquq-mühafizə orqanları rəhbərliyində təmsil olunan şəxslərə cinayətin tezliklə açılması ilə bağlı göstərişlərini xatırladaraq cinayətin açılacağını iddia edirlər.

İstintaqın əsas versiyası - ailə-məişət zəminində qətl

Dünən redaksiyamıza generalın qətli ilə bağlı ilginc məlumat daxil olub: “Generalın qətlini onun sürücüsünün boynuna qoyacaqlar”.
Mənbə deyir ki, general Rzayevin 3 sürücüsü vardı. Sürücülərin hər üçü əvvəllər generalın əsgərləri olublar. Onlardan biri - 1985-ci il təvəllüdlü Şövqi Xalid oğlu Seyfullayev cənub zonasındandır. Hadisə baş verən gün general onun idarə etdiyi xidməti avtomobillə iş yerinə getməli imiş. Qətli araşdıran istintaq qrupu hadisədən sonra digər iki sürücü ilə yanaşı Ş.Seyfullayevi də sorğu-suala çəkib. Ş.Seyfullayevin ifadələri alınandan sonra onu sərbəst buraxıblar.
İstintaqa cəlb olunan digər iki sürücü isə generalın həmyerliləridir. Salyandan olan Ədnağa və Vüqar Həşimov qardaşları hərbi xidmətlərini başa vurandan sonra Rzayevin yanında qalaraq işləyiblər: “İstintaqda da generalın böyük məbləğdə pulların ortadan itməsi üzündən qətlə yetirilməsi barədə xəbərlər var. Lakin həmin pullar silah alverindən əldə edildiyindən generalın onların itməsinə görə öldürülməsi versiyasının ortaya çıxarılması hakimiyyət dairələrinin maraqlarına cavab vermir. Digər tərəfdən, prezidentin qətlin açılması ilə bağlı tapşırığı istintaqı odla-su arasında qoyub. Buna görə də qətlin ailə-məişət zəminində törədilməsi versiyası ortaya atılıb. Generalın sürücüsü olan Ədnağa Həşimovun bu zəmində onu öldürməsi əsas versiya kimi götürüləcək. İstintaqın bundan başqa yolu yoxdur”- deyə mənbə bildirib.

Qətllə bağlı daha nələr yazırlar?

“Hürriyyət” qəzetinin dünənki sayında R.Rzayevin qətli ilə bağlı “Generalın qatili tapılıb” sərlövhəli manşet yazısı verilib. Həmin yazıda redaksiyaya daxil olan məlumatda deyilir ki, generalın qətlinin açılması xəbəri referendumdan sonra elan olunacaq: “Məlumatlı mənbənin verdiyi bilgiyə inansaq, əslində istintaq qrupu ciddi nəticələr əldə edib. Yəni onlarda qatilin fotorobotu və sifarişin kim tərəfindən verildiyi yönündə dəqiq informasiyalar var. Hətta mənbə bu barədə prezidentin də məlumatlandırıldığını vurğulayıb. Yeri gəlmişkən xatırladaq ki, qətldən dərhal sonra prezident müşavirə keçirib hüquq-mühafizə orqanları rəhbərlərinə cinayətin tezliklə açılması ilə bağlı göstəriş vermişdi. Mənbənin məlumatına görə, artıq prezidentə sifarişçinin kimliyi haqda dəqiq bilgi verilib, məsələnin ictimaiyyətə açılması sadəcə bir sıra səbəblər üzündən yubadılır. Səbəblərə gəlincə isə mənbə deyir ki, başlıca məqam qarşıdan gələn referendumla bağlıdır və istintaqın nəticələrinin bu ərəfədə açılması hakimiyyətə sərf etmir. Odur ki, məsələnin ən azı referenduma qədər qapalı qalacağı gözlənilir. Onun sözlərinə görə, referendumdan sonra hakimiyyət daxilində ciddi proseslərin yaşanacağı qaçılmazdır. Hətta ola bilsin ki, Rusiyaya yaxınlığı ilə tanınan yüksək rütbəli məmurlardan biri həbs olunsun, bir neçəsi isə postundan uzaqlaşdırılsın. Mənbə bildirir ki, bu barədə hakimiyyətin yuxarı eşalonunda çoxları məlumatlıdır. Bu baxımdan bir çox hakimiyyət mənsublarının canına qorxu düşüb. Eyni zamanda bəzi qruplaşmalar da əllərinə düşmüş fürsətdən maksimum yararlanmaq niyyətindədir. Belə ki, onlar rəqibləri ilə mərhum generalın münasibətləri, bu münasibətlərdəki problemlər barədə kompromat toplayıb mətbuata, eləcə də istintaq qrupuna, prezidentin özünə belə çatdırmağa çalışırlar”.

NATO, İran kəşfiyyatı...

“Azadlıq” qəzeti “Olaylar”a istinadən generalın qətli ilə bağlı “Rail Rzayevi İran kəşfiyyatı qətlə yetirib?” sərlövhəli yazı dərc edib. Yazıda deyilir: “Adının çəkilməsini istəməyən mənbə bildirib ki, generalın qətli ilə bağlı daha inandırıcı versiyadan artıq istintaq da məlumat alıb. Mənbənin dediyinə görə, generalın qətli İran tərəfinin sifarişidir. İranın bəzi qüvvələri artıq bir neçə ildir ki, Rail Rzayevi aradan götürmək üçün plan hazırlayırmış. Nəhayət, qonşu ölkə kəşfiyyatı həmin planı bu il həyata keçirməyə imkan tapıb və sifarişi icra edib. Mənbənin dediyinə görə, İranın Rzayevi qətlə yetirməsinə səbəb generalın son illərdə bir neçə dəfə bu ölkəni qıcıqlandırması olub. Belə ki, general ilk dəfə hədəfə iki il öncə Azərbaycan səmasında manevr edən ”İran şahinləri"nə cavab verməsi ilə gəlib. R.Rzayevin tapşırığı ilə hadisədən dərhal onra Azərbaycan şahinləri İran ərazisinə keçərək səmada təxminən 1 saata yaxın manevr edib və general İran tərəfini susdurub. Bu prosesdən sonra İran kəşfiyyatı general barədə plan hazırlamaq qərarı verib. Lakin bəzi səbəblərdən kəşfiyyatın bu planı həyata keçirməsinə İranın bəzi güc strukturları mane olub".
Qəzet yazır ki, R.Rzayevin Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasının əsas təşkilatçılarından biri olması xəbərini İran kəşfiyyatı öz ölkəsinin rəhbərliyinə çatdırıb. Bundan sonra isə R.Rzayevi aradan götürmək tapşırığı verilib.

***

Xatırladaq ki, R.Rzayevin qətlini Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İstintaq İdarəsində peşəkarlardan ibarət istintaq qrupu araşdırır. Araşdırmalara Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin ən yaxşı əməliyyatçıları cəlb edilib. Generalın qətli ilə bağlı CM-in 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqan və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

  • Yazılıb
  • da (də) 2009 Mar 07