Tarix : 2009 Mar 07
Kod 11021

AZƏRBAYCANDA HƏRBİ ƏMƏLİYYATLAR SSENARİSİ PENTAQONDA TƏSDİQLƏNDİ

xarici ölkələrdə təhlükəsiliyin təmin edilməsinə dair əsas prinsiplər Pentaqonun rəsmi hərbi sənədi kimi qüvvəyə minir
Azərbaycan servisi/Aran Agentliyi
Amerika ordusu Birləşmiş Ştatların maraqlarına daxil olan ölkələrdə təhlükəsizlyin təmin edilməsinə dair rəhbər prinsipləri təsdiqləyib. Pentaqonun “army.com” saytı xəbər verir ki, prinsiplərin hazırlanması zamanı bu yaxınlarda Amerika ordusunun Azərbaycanda eyni vaxtda üç istiqamətdə həyata keçirilən hərbi əməliyyatlar ssenarisi üzrə təlimlərinə əsasən müəyyən edilib. Xəbər verildiyi kimi, həmin komanda-qərargah təlimləri Amerikanın “Fort leavenworth” hərbi bazasında keçirilmişdi və orada 900-dən çox zabit iştirak etmişdi.
Xəbərə görə, xarici ölkələrdə təhlükəsiliyin təmin edilməsinə dair əsas prinsiplər Pentaqonun rəsmi hərbi sənədi kimi qüvvəyə minir. Bu sənəd üzərində real döyüş əməliyyatlarının aparılmasında kifayət qədər təcrübəyə malik olan hərbçilər işləyiblər. Sənəd hazırlanarkən İraq və Əfqanıstanda aparılan hərbi əməliyyatların təcrübəsi nəzərə alınıb. Sənədi hazırlayanlardan biri, mayor Stiv Lukas deyib ki, ötən ay bu prinsiplər əsasında Azərbaycanda şərti hərbi əməliyyatlar aparmaq üçün uğurlu komanda-qərargah təlimləri keçirilib. Bu zaman hərbçilər çoxsaylı komputerlər və döyüş xəritələri üzərində Azərbaycana cənubdan hücum edən düşmənin qüvvələrinin geri oturdulmasını, daxildə hökumətə qarşı silahlı qiyamın yatırılmasını və vəziyyəti stabilləşdirmək üçün əməliyyatların həyata keçirilməsini modelləşdiriblər. Təlimlər bir həftəyə yaxın davam edib. Mayor təlimlər üçün niyə məhz Azərbaycanın seçildiyi barədə izahat verməyib.
Lakin o deyib ki, Pentaqonda qəbul edilən sənəddə bu və ya digər ölkədə kövrək hökumətlərə təhlükəsizlik sahəsində yardım edilməsi və onların hakimiyyətdə qalmalarının təmin edilməsi məsələləri əksini tapıb. Polkovnik Mark Foman isə bildirib ki, təlimlər zamanı əldə edilən təcrübə Amerika ordusunun komandanları üçün mühüm əhəmiyyət kəsb edir. “Onlar gələcəkdə bu cür işlərin öhdəsindən necə gəlmək lazım olduğunu artıq bilirlər”.
Pentaqonun öz ordusuna xarici ölkələrdə gələcək müharibələr üçün təlimat hazırlayarkən niyə məhz Azərbaycanı seçdiyi açıqlanmasa da, bu fakt bir daha göstərir ki, Birləşmiş Ştatlar Xəzər regionunu özünün hərbi maraq zonalarından biri hesab edir. ABŞ tamamilə ciddi şəkildə nəzərdən keçirir ki, regionda güclü maraqlarının yer aldığı Azərbaycan cənubdan və ya şimaldan hücuma məruz qala bilər. Bu zaman Birləşmiş Ştatlar ordusu işə qarışacaq və Azərbaycana hücum edən ölkənin qüvvələri geri oturdulacaq. Azərbaycan isə cənubdan-yəni İrandan o halda hücuma məruz qala bilərdi ki, bu və ya başqa formada ABŞ-ın İrana qarşı hərbi planlarına dəstək versin.
  • Yazılıb
  • da (də) 2009 Mar 07