Azərbaycan servisi/Aran Agentliyi
Dünən referendumla bağlı təşviqat qrupları nümayəndələrinin İTV-də üçüncü debatı keçirildi. Debatda hakimiyyəti 7 təşviqat qrupu təmsil edirdi. Müxalifət adından isə (“Respublikaçılar” təşviqat qrupu) Müsavat başqanı İsa Qəmbər və (“Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupu) Ümid Partiyasının sədri İqbal Ağazadə çıxış etdi. Debat gərgin keçdi. İsa Qəmbərlə İqbal Ağazadənin çıxışlarını mümkün ixtisarlarla təqdim edirik. Müsavat başqanı nitqinə Azərbaycan qadınlarını 8 mart bayramı münasibətilə təbrik etməklə başladı.
“Biz qadınların xoşbəxtliyini istəyirik. Azərbaycan qadınını xoşbəxt etmək üçünsə Azərbaycanın problemlərini həll etmək, torpaqlarını işğaldan azad etmək lazımdır. Bu cür saxta, ehtiyac olmayan, yalnız bir ailənin, bir rejimin maraqlarına xidmət edən referendumlar keçirməyə ehtiyac yoxdur. Bu referendum İlham Əliyevin istədiyi qədər prezident olmaq səlahiyyəti əldə etməsi üçün həyata keçirilir. Hakimiyyətə sual veririk: siz nə deyirsiniz, bu dəyişiklik hansı məqsədlə həyata keçirilir? Keçən il Rusiyada prezident seçkiləri keçirildi. Rusiya əhalisinin müəyyən hissəsi də, Rusiya Duması da Putindən yapışmışdı ki, konstitusiyanı dəyişin, üçüncü dəfə prezident olun. Putin dedi ki, konstitusiyanı yox, beyinləri, təfəkkürləri dəyişmək lazımdır. Putin demokrat deyil. Ancaq konstitusiya dəyişikliyinə getmədi. Eynilə Ermənistanda əlini Azərbaycan xalqının qanına batırmış cinayətkar Köçəryan üçüncü dəfə prezidentliyə getmədi. Nəyə görə avtoritar Putin və cinayətkar Köçəryan bu cür konstitusiya dəyişikliyinə getmir, ancaq İlham Əliyev gedir? Çünki Putinlə Köçəryan bilir ki, belə addım ölkələrini dünya miqyasında hörmətdən və nüfuzdan tamam salacaq. İlham Əliyevsə Azərbaycanın nüfuzu barədə düşünmür. Referendum təşəbbüsünü müdafiə edənlər də görünür, ölkəmizin dünyada nüfuzu barədə düşünmür. Başa düşmək istəmirlər ki, bu məsələ Azərbaycana sarsıdıcı zərbələr vuracaq. Qarabağ məsələsinin həllində və digər məsələlərdə Azərbaycanda demokratiyanın olmaması, avtoritarizmin gündən-günə güclənməsi arqumenti düşmənlərimizin əlində ciddi arqumentə çevriləcək. Təşəkkür edirəm ki, burada Əli Əhmədov etiraf elədi ki, referenduma çıxarılan dəyişiklik Əliyevlərin hakimiyyətinin ömrünün uzadılmasına xidmət edir. Əli Əhmədov deyir ki, Azərbaycanın xoşbəxtliyi Əliyevlər ailəsi ilə bağlıdır, ancaq Əliyevlərin hakimiyyəti dövründə Azərbaycanda inkişaf gedə bilər. Azərbaycanın Əliyevlər dövründə hansı günə düşdüyü bəllidir. O da bəllidir ki, müstəqil Azərbaycan Respublikasını Heydər Əliyev qurmayıb. Bu respublikanı böyük liderimiz Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə qurub. 1991-92-ci illərdə isə Əbülfəz Elçibəy bu respublikanı bərpa edib. Hakimiyyətdəkilər istər Rəsulzadənin, istər Elçibəyin, istər onların hakimiyyətləri dövrünün ünvanına istənilən fikirləri söyləyə bilərlər. Ancaq 1918-20 və 1992-93-cü illər Azərbaycanın tarixinə işıqlı səhifələr kimi düşəcək. Zaman gələcək, bunu hamı etiraf edəcək.
İlham Əliyev Azərbaycanın hansı problemini həll edib ki, ona əlavə müddət verilməlidir? Torpaqlarımızın bir qarışını azad edibmi? Xalqın həyat səviyyəsini Azərbaycanın sərvətlərinin imkan verdiyi səviyyəyə gətirib çıxarıbmı? Azərbaycanın işıq, qaz, istilik kimi sadə problemini heç olmasa həll edibmi? Nəinki ucqar kəndlərdə, Bakı və Bakıətrafı kəndlərdə insanlar işıq, qaz problemləri ilə üzləşir. Ölkə rüşvətxorluq girdabındadır. Gedin kiçik və orta bizneslə məşğul olan insanlarla söhbət eləyin. Qan ağlayırlar. Deyirlər ki, qazandığımızın 80-90 faizini məmurlar rüşvət şəklində əlimizdən alır. Bunu edənlər İlham Əliyevin təyin etdiyi məmurlar deyil? Yığılan rüşvətin 80-90 faizi yuxarıya gedir. Budurmu İlham Əliyev hakimiyyətin Azərbaycana gətirdiyi “xoşbəxtlik”?
Əziz bacılar və qardaşlar, sizi 18 martda referendumu boykot etməyə və böyük Məhəmməd Əmin Rəsulzadənin qurduğu respublikanı qorumağa çağırıram".
İqbal Ağazadə: “Bu günə kimi referendumla bağlı bir sıra tədbirlər, debatlar keçirilib. Bu tədbirlərdə müxalifəti cəmi iki nümayəndə təmsil edib. Digər 7 nəfərin hamısı hakimiyyətin və referendumu təbliğ mövqeyindən çıxış edib. Tamaşaçılarımızda sual yarana bilər. Niyə biz referendumun əleyhinəyik? Hər şey bu qədər mütərəqqidirsə, bu referendumun keçirilməsi doğrudan da Avropaya inteqrasiya ilə, qanunlarımızın təkmilləşdirilməsi ilə bağlıdırsa, biz niyə bunun əksinəyik?
İndiyə qədər referendumun mahiyyəti təəssüf ki, cəmiyyətə fərqli şəkildə çatdırılır. Biz ona görə referendumun əleyhinəyik ki, bu referendum Azərbaycan Konstitusiyasını pozmaqla həyata keçirilir. Konstitusiyanın 156 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq bu referendumu keçirmək doğru deyil. Konstitusiya Məhkəməsi də referendumla bağlı rəyi parlamentə göndərərkən yanlış hərəkət edib. 156 və 158-ci maddələrin mahiyyəti ilə bağlı məndən əvvəl bizim dostlarımız fikir bildirib. 158-ci maddənin mahiyyəti budur ki, konstitusiyanın birinci bölməsinə heç bir əlavə etmək olmaz. Nə referendum yolu ilə, nə də başqa hansısa aksiya ilə. 156-cı maddə isə konstitusiyaya əlavələrin mahiyyətini özündə əks etdirən formalarla bağlıdır. Bunu yalnız Milli Məclisin 95 nəfər səs çoxluğu ilə qəbul etdiyi əlavələr formasında həyata keçirmək mümkündür. Təəssüf ki, bu da əlavələr formasında referenduma çıxarılır. Biz birinci bu cür hüquqazidd prosesin əleyhinəyik. Azərbaycanda konstitusiya pozulur.
Keçən debatlarda 101-ci maddənin beşinci bəndi ilə bağlı belə fikirlər söyləyirdilər ki, vaxtilə ABŞ-da, Fransada məhdudiyyətlər olmayıb prezidentin seçilməsi üçün. Bəli, belə olub. Amma sonradan dayandırıb yeni mərhələyə qədəm qoyublar. Biz niyə adıçəkilən dövlətlərin 1930-cu illərdə həyata keçirdiyi həmin xətti 2009-cu ildə yenidən həyata keçirməliyik? Biz niyə geriyə qayıtmalıyıq? Biz 1930-cu illərin Amerikasındakı cəmiyyət quruculuğundan yararlanmalıyıq, yoxsa müasir Amerika cəmiyyətindən? Burada deyirlər ki, vətəndaşlara iki dəfədən artıq seçilməyə imkan verməyəndə hüquqlar pozulur. Demokratiyanın təməl prinsipləri çoxluğun haqqını müdafiə etməklə, hətta müəyyən məhdudiyyətlər qoymaqdadır. Niyə Azərbaycan Konstitusiyasının bir bəndində qeyd olunub ki, 35 yaşına çatmamış adam ölkə prezidentliyinə namizəd verilə bilməz? Onda niyə pozursunuz daha gənc insanların hüquqlarını? Bəlkə xalq 15 yaşlı uşağı prezident seçmək istəyir?! Niyə 25 yaşdan aşağı vətəndaşın millət vəkilliyinə namizədliyi verilə bilməz? Niyə bu məhdudiyyət tətbiq olunur? Niyə bələdiyyə üzvlüyünə 21 yaş məhdudiyyəti tətbiq olunur? Bu məhdudiyyətlər əslində həm də ona görədir ki, daha təkmil, demokratik cəmiyyət qurulsun.
Referenduma çıxarılan maddələrin mahiyyətinə baxırsınızmı ki, onların hansı biri mahiyyət etibarilə Azərbaycanda yeni bir sistem, yeni idarəçilik yaradacaq? Heç biri. Təklif olunan dəyişikliklər həm də söz və mətbuat azadlığının tapdalanması istiqamətini də əhatə edir. Budur Azərbaycan vətəndaşlarının mənafeyinə xidmət eləyən dəyişikliklər? Biz bir daha tələb edirik. Referendum qeyri-qanuni olduğu üçün dayandırılmalıdır. Əks təqdirdə növbəti mərhələdə biz xalqı boykota çağıracağıq. Azərbaycan xalqı bu qərarımızı dəstəkləyəcək".