Tarix : 2009 Mar 09
Kod 11052

VƏHDƏT HƏFTƏSİ

Bu il miladi təqvim ilə “Vəhdət” həftəsi mart ayının 10-dan başlayır
Azərbaycan servisi/Aran Agentliyi
Hacı Əhliman: “Yaxşı olar ki, mətbuat bu məsələyə diqqət ayırsın, qəzetlər və televiziyalar heç olmasa “Vəhdət” həftəsi və İslam Mədəniyyəti paytaxtı ilə əlaqədar verlişlər hazırlasın və maarifləndirmə işləri həyata keçirsinlər”

 

 

 
 

 


Vəhdət, İslam mədəniyyətində böyük əhəmiyyət daşıyan mənalardan biridir və müsəlmanlığın inkişafında əsas rol oynayan amildir.

Hazırda İslam dünyasında cəryan edən problemlər, o cümlədən qövmi və etnik ixtilafları və məzhəblərarası ixtilafların əcnəbilər tərəfindən qızışdırlmasının şahidiyik və bu günki gündə müsəlmanların hər zamankından daha artıq İslam birliyi və vəhdətə ehtiyac duyduqlarını görürük. O cümlədən bu il İslam dünyasının paytaxtı statusunu daşıyan ölkəmizdə də bu vəhdət məsələsi son dərəcə aktual bir məsələyə çevrilməkdədir. Çünki, İslam düşmənləri hər bir vəchlə bu vəhdəti pozmaq və fitnə yaratmaq kimi əməllər etməklə İslam mədəniyyətinin paytaxtını gözdən salmağa çalışacaqlar.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) mövlud günləri bütün İslam dünyasında «Vəhdət həftəsi» kimi qeyd edilir. Bu il miladi təqvim ilə “Vəhdət” həftəsi mart ayının 10-dan başlayır. Beləki, bir rəvayətə əsasən, Peyğəmbərin (s) mövludu məhz martın 10-a, digər bir rəvayətə görə isə martın 15-ə düşür. Məhz, bu arada qalan vaxt böyük İslam alim və mütəfəkkirləri tərəfindən “Vəhdət” həftəsi kimi elan edilmişdir. Biz də elə bu barədə fikrlərini öyrənmək üçün dinşünas alim Hacı Əhliman Rüstəmov ilə əlaqə saxladıq. O, bizə Azərbaycanda vəhdətin qorunduğunu bildirdi. “Bismillahir Rəhmanir Rəhim. Ölkəmizdə tarixən olduğu kimi, bu gün də sünnülər və şiələr bir yerdə, qardaş kimi yaşayır və ibadət edirlər. Ancaq, sünnülik adından istifadə edərək bəzi təriqətlərin ortalığa atılması və su bulandırmaq siyasəti yeridərək guya sünnü-şiə münasibətlərində gərglinlik varmış kimi davranması halları da vardır. Ancaq Allaha şükrlər olsun ki, inanclı insanlar bu cəhətdən ayıqdır və heç bir təxribata getmir və birliklərini qoruyurlar. Qarşıdan Məhəmməd peyğəmbərin (s) mövludu günləri gəlir ki, (bir rəvayətə əsasən Rəbbiul-əvvəl ayının 12-i, digər rəvayətə əsasən isə 17-ə düşür) bu iki gün arasındakı günlər böyük İslam alimləri tərəfindən “Vəhdət” həftəsi elan olunub. Bunun özü çox tədqirəlayiq bir hadisədir. Biz vəhdəti həmişə qoruyub saxlamalıyıq, xüsusən də peyğəmbərin (s) bu mövlud günlərində vəhdət, qardaşlıq və birlik daha da möhkəmlənməlidir. Hesab edirəm ki, bu həftədən səmərəli istifadə olunacaq və bu həftə özü bir vasitə olacaq ki, müsəlmanlar arasında birlik möhkəmlənsin”.

Hacı Əhliman həmçinin İslam dininin bir ictimai din olduğuna və İslamla bağlı hadisələrin cəmiyyətə kütləvi informasiya vasitələrindən çatdırılmanın mühümlüyünə işarə etdi. “İslam özü bir ictimai və cahanşümul bir din olduğuna görə bu dini tək məscidlərə bağlamaq, hər hansı bir əlamətdar hadisəni yalnız məscid səviyyəsində qeyd etmək düzgün olmazdı. Düzdür ki, bəzi hallarda dinin məscid çərçivəsində təbliği məcburiyyətdən irəli gəlir. Ancaq, bu din ictimai bir dindir və həm fərdi və həm də ictimai şəkildə cəmiyyət üçün çox faydalıdır və özünün konkret göstərişləri vardır. Ona görə də din nə qədər ictimai formada təbliğ olunsa, bir o qədər də yaxşıdır. Xüsusən də ölkə paytaxtının İslam mədəniyyəti paytaxtı kim elan olunması ilə əlaqədar gərək bu məsələlər geniş təbliğ olunsun. Yaxşı olar ki, mətbuat bu məsələyə diqqət ayırsın, qəzetlər və televiziyalar heç olmasa “Vəhdət” həftəsi və İslam Mədəniyyəti paytaxtı ilə əlaqədar verlişlər hazırlasın və maarifləndirmə işləri həyata keçirsinlər. Falçıları, ekstrasensləri tənqid etmək niyyəti ilə onlara hər gün ekranda yer vermək, bu yolla onları daha da şişirtmək əvəzinə, çox gözəl olar ki, televiziyalar İslam maarifi barəsində verlişlər hazırlasınlar”.

Hacı Əhliman həmçinin İslam mədənniyəti paytaxtı seçilən Bakının bəzi məscidlərinin idarə və ofis kimi fəaliyyət göstərməsindən danışdı və bunun ölkəmiz üçün utanc gətirici bir hadisə olmasına diqqət çəkdi. “Çox yaxşı olardı ki, İslam mədəniyyətinin paytaxtı olmağımız münasibəti ilə Bakının hələ də hansısa idarələrin tabeçiliyində olan məscidləri qaytarılsın və məscdi kimi bərpa olunub fəaliyyət göstərsinlər. Həmən məscidlər təmir və bərpa olunub müsəlmanların ixtiyarına verilsin. Bu mənim nəzərimdə əsaslı məsələlərdən biridir. Təsəvvür edin ki, hər hansı bir müsəlman ölkəsindən bir nəfər İslam mədəniyyəti mərkəzinə gəlir və görür ki, Allahın evi ofis və idarə kimi fəaliyyət göstərir və camaat ora ayaqqabı ilə girib-çıxır, ayaq yolu idarənin içərisində və s. Bu kimi məsələlər özü bir acınacaqlı vəziyyətdir”.

Bizimlə söhbətində Hacı Əhliman son günlər məktəb direktorları tərəfindən hicablı şagirdlərə qarşı olan təzyiqləri qəti şəkildə pisləyərək onları belə hərəkətlərə son qoymağa çağırdı. “Hicablı şagirdlərin dərslərə buraxılmamasına dindarların hüquqlarının tapdalanması kimi baxıram. Çox təəssüf verici bir haldır ki, bu ölkənin parlamentində belə hicab məsələsi keçən il müzakirə olunduğu, deputatların tənqidinə tuş gəldiyi və parlamentin bu məsələyə baxmadığı, məktəblərdə, universitetlərdə, idarələrdə inanclı insanların hicab taxmasına etiraz etmədikəri bir halda, hər hansısa bir məktəb direktorları şagirdlərə qarşı belə qadağaları qoyurlar. Və ya, İcra Hakimiyyəti çərçivəsində müəllimlərə məktəblərdə şagirdlərin hicablı gəlməməsi məsələsinin tapşırılması zənnimcə qanunsuz bir işdir. Bəzən görürsən ki, hüquqları tapdalanan insanlar rəsmi müraciət edirlər ki, bizə rəsmi şəkildə möhürlü sənəd verin ki hicablı şəkildə dərsə gəlmək olmaz, amma cavabında onlara deyirlər ki, buna bizim icazəmiz yoxdur. Onlar heç bir sənəd göstərə bilmirlər. Elə ki, bəzi insanlar təkid eləyir, hər hansısa bir yerə şikayət edəcəyini bildirir, onda geri addım atırlar, şikayətə gücü çatmayanın isə hicabsız gəlməsini tələb edirlər. Bütün bunlar məmur özbaşnalığıdır və İslama qarşı təbliğat kompaniyasıdır. Bütün bunlar müsəlman aləmində bu ölkənin reytinqinin aşağı salmasına istiqamətlənib. Gərək bu məsələdə hicablı tələbələr öz hüquqlarını tələb etsinlər. Çünki, nə konstitusiyamız, nə parlamentimiz, nədə ki, ölkə rəhbərliyi bunun əleyhinədir. Əksinə, onlar gənclərin mənəvi cəhətdən təmiz və pak olmasına çalışırlar ki, hicab da bu paklığın bir rəmzidir”.
  • Yazılıb
  • da (də) 2009 Mar 09