Tarix : 2009 Mar 10
Kod 11056

“ANKARA-İRƏVAN DOSTLUĞU” PROJESİ KİMİNDİR?

Əli Babacanın Bakı səfərinin yeni təfərrüatları üzə çıxıb, nazirinin yarımçıq görüşündən 10 dəqiqə sonra Ərdoğan İlham Əliyevlə danışıb
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlarda Ankaranın Azərbaycanın maraqlarına zidd olan təkliflərlə razılaşması barədə yayılan məlumatların doğru olması ehtimalı getdikcə artır. Türkiyə iqtidarı Ermənistanla təmasların olduğunu gizlətmir və danışıqların davam etdiyini deyir.
Amma danışıqların hansı kontekstdə aparıldığına, nələrin müzakirə edildiyinə, ortada hansı təkliflərin olduğuna, kimlərin bu danışıqlara vasitəçilik etdiyinə, barış projesini hansı qüvvələrin hazırladığına dair heç bir açıqlama verilmir. Eyni zamanda Türkiyə hökumətinin Ermənistanla münasibətlər qurmaq üçün aparılan danışıqlarda işğal altındakı Azərbaycan torpaqlarının boşaldılması şərtindən imtina etməsi barədə ağır ittihamlara birmənalı münasibət bildirilmir. Ümumi şəkildə deyilir ki, Ankara bu məsələdə Azərbaycanla razılaşdırılmış siyasət yeridir.
Bəs Azərbaycanla razılaşdırılmış bu siyasət nədir? Doğrudanmı Türkiyə hökumətinin Ermənistana yönəlik siyasətdə indiyə qədər ön şərt kimi irəli sürdüyü işğal altındakı torpaqlarımızın azad olunması tələbindən geri çəkilməsi ilə bizim iqtidar da razılaşıb? Azərbaycandan bu məsələyə iki rəsmi instansiyadan münasibət bildirilib. Xarici İşlər Nazirliyinin sözçüləri diplomatik dillə bu məsələnin Türkiyənin daxili işi olduğunu və AKP-nin belə bir addım atacağına inanmadıqlarını söyləyiblər. Prezidentin İcra Aparatının məsul işçisi Əli Həsənov isə bildirib ki, mətbuat bu barədə yazdıqlarında haqlıdır. Hətta bundan sonra da Türkiyə hökuməti məsələ ilə bağlı birmənalı açıqlama vermədi. “Narahat olmayın, danışıqlar barədə Azərbaycan hakimiyyəti məlumatlandırılır, Bakıdakıların hər şeydən xəbəri var” dedilər. Bakıdakıların Türkiyə-Ermənistan danışıqları barədə hansı formada məlumatlandırıldığını deməyə çətinlik çəksək də, deyəsən, doğrudan da rəsmi şəxslərin hər şeydən xəbərləri var. Və hakimiyyət KİV-ində aparılan kampaniyadan onu görmək olur ki, vəziyyət heç də Ankaradakıların dediyi kimi deyil.
Əgər doğrudan da Türkiyə iqtidarı öz addımlarını Azərbaycan hakimiyyəti ilə razılaşdırsaydı və Qarabağ şərtindən imtina etməsəydi, başqa proseslər baş verə bilərdi. İqtidarın nəzarətindəki media quruluşları, xüsusən də telekanallar AKP hökumətinin üzərinə bu dərəcədə getməzdilər. Ortada Azərbaycanın maraqlarına uyğun olmayan nələrsə var və bu “nələrsə”nin mayasında torpaq təhlükəsinin olduğu şübhəsizdir.
Türkiyədə olarkən söhbət etdiyim iqtidar nümayəndələrindən bəziləri diktafondan kənar söhbətdə ortada bir projenin olduğunu etiraf etdilər. Eyni zamanda onu da dedilər ki, Azərbaycan hakimiyyəti də bu projenin içərisində yer alıb. Sual etdim ki, bəs  onda niyə hökumətdə bir narahatçılıq hiss olunur, Prezident Aparatının şöbə müdiri Türkiyə-Ermənistan münasibətlərinə dair mətbuatda yazılanlara haqq verir? Dedilər ki, məsuliyyəti müəyyən qədər öz üzərlərindən atmaq, daxili təzyiqlərdən yayınmaq, Türkiyəni bu prosesdə tək suçlu göstərmək üçün.
Türkiyə iqtidarının nümayəndələrinin bu etirafı və dedikləri onu göstərir ki, istənilən halda Azərbaycan torpaqlarının başı üzərində təhlükə var. Əgər Azərbaycan hakimiyyəti də bu projenin içərisindədirsə, onda vəziyyət daha pisdir və getdikcə də pis olacaq. Yox, əgər hökumət bu layihədən kənardadırsa və Türkiyə iqtidarı Ermənistanla münasibətlərdə Azərbaycanın maraqlarını nəzərə almadan addımlar atmağa başlaması səbəbindən faktiki olaraq təklənibsə, məsələ daha da dərinləşmədən ciddi təpkilər verilməlidir. Məsələn, Türkiyədə olarkən görüşdüyümüz ictimai-siyasi xadimlər, iş adamları dedilər ki, doğrudan da AKP Qarabağ məsələsini arxa plana keçiribsə, Azərbaycanın ən yetkili şəxsləri bunu açıqlasınlar, həyəcan təbili çalsınlar. Bu halda Türkiyə ictimaiyyəti bir an içərisində toparlana və AKP-ni Azərbaycanın ərazi bütövlüyünü təhlükədə qoyan layihədə iştirakdan çəkindirə bilər.
Ortada, Dövlət Baxçalı demişkən, cox ciddi bir “xəyanət projesi” var. İş o dərəcədə kritikdir ki, uzun müddət Türkiyənin Emənistan siyasətinin müəyyənləşməsində, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərə Türkiyə hökumətinin münasibətinin ortaya qoyulmasında rolu olan bir şəxs ortadakı layihənin Azərbaycanın maraqlarına uyğun olmadığını görərək istefa verib. Bu şəxs əvvəllər Türkiyənin Bakıdakı səfirliyində çalışmış və bir müddət öncəyə qədər Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz, Orta Asiya və Rusiya masasına rəhbərlik edən Umut Yardımdır. O, ortadakı layihədə iştirakçı olmamaq üçün öz xahişi ilə bu postdan gedib və hazırda Türkiyənin Almaniyadakı səfirliyində çalışır.
Başqa bir dramatik fakt: Türkiyənin xarici işlər naziri Əli Babacan Bakıya son səfəri zamanı prezident İlham Əliyevlə görüşür və ölkəsinin Ermənistanla sərhədlərin açılması niyyətini açıqlayanda ... görüş faktiki olaraq yarımçıq qalır. Türkiyənin diplomatik qaynaqlarından aldığımız bu xəbər doğrudursa, iki qardaş ölkə arasında münasibətlər olduqca kritik nöqtəyə dirənib.
Həm də birbaşa onu təsdiq edir ki, Azərbaycan iqtidarı bu “xəyanət projesinin” içində yoxdur; onu uğursuz xarici siyasət yürütməkdə suçlamaq olar, AKP rəhbərlərinə çox inanmasına görə qınamaq da mümkündür; amma bir ölkənin rəhbəri “...sərhədləri açaq” təklifinin ardından söhbəti dərhal dayandırırsa, deməli, durum bir başqadır.
Açıq etiraf etmək lazımdır ki, Azərbaycan təklənib; bizim yeganə müttəfiqimizi də bizdən uzaqlaşdırıblar. Və bu nəticəyə görə ölkə iqtidarı məsuliyyət daşıyır. Amma əsas budur ki, iqtidarımız xəyanət daşımasın. Məsuliyyəti onunla bölənlər tapılar...
Türkiyədəki mənbəmiz iddia edir ki, Əli Babacanın Prezident Aparatından çıxmasından cəmi bir neçə dəqiqə sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentinə zəng edib. Onların nə danışmasını bizlərin bilməsi mümkün deyil. Fəqət bildiyimiz budur ki, Babacan gəldi-getdi, Tayyib bəy telefon açdı... Və iki qardaş ölkə “ortada xəyanət projesi var” iddiası ilə bir-birinə qarışdı.
İndi Türkiyə müxalifəti və cəmiyyəti AKP-ni sorğulayır. Əsas məsələ budur ki, proses məxfiliyini itirib və bunun belə olmasında AKP iqtidarı maraqlı deyildi. YAP iqtidarı isə maraqlı və istəkli görünür. 
Türkiyənin ölkəmizdəki səfiri hörmətli Hulusi Kılıc isə İTV-dəki çıxışında iddia etdi ki, bütün proseslər Azərbaycan prezidentinin məlumatı çərçivəsində aparılır.
Hər şeydən görünür ki, proseslər bu cür davam edə bilməz. Yaxın günlərdə istər YAP, istərsə də AKP iqtidarının məsələyə qarşılıqlı iddialara dair reaksiya və açıqlamaları olacaq.
Amma həmin açıqlamalara qədər böyük ehtimalla hələ bizim bir neçə şok xəbərimiz yayımlanacaq.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 10