Tarix : 2009 Mar 10
Kod 11058

BAKIDA KÜTLƏVİ HƏBSLƏR

Narkobandanın 14 üzvü yaxalandı
Azərbaycan Servisi/Aran Agentliyi
Əzizbəyov rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstənin 14 üzvünü həbs edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən lent.az-a daxil olan məlumata görə, bir neçə mərhələdə həyata keçirilmiş uğurlu əməliyyat-axtarış və istintaq tədbirləri ilə dəstə üzvlərindən ümumilikdə 31 kiloqram həşiş, 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.
Mütəşəkkil dəstənin üzvlərindən ilk olaraq 20 yaşlı Vasif Yusifzadə və 23 yaşlı İntiqam Qasımov saxlanılıblar. Onlar Şüvəlan qəbiristanlığında 806 qram heroini satarkən ələ keçiblər. İstintaq yolu ilə narkotikanın İlham Gözəlov adlı şəxsə məxsus olduğu sübuta yetirilib. Bundan sonra Bakı şəhər sakini 33 yaşlı İlham Gözəlov Əhmədli qəsəbəsindəki evində həbs olunub.
Əməliyyat-axtarış tədbirlərini davam etdirən polis əməkdaşları Füzuli rayon sakinləri 41 yaşlı Rasim Atakişiyev və 26 yaşlı Vasif Həsənovu da yaxalayıblar. Vasif Həsənovun evindən 10 kiloqram, Rasim Atakişiyevin evindən isə 1 kiloqram həşiş tapılıb.
İstintaqla müəyyən olunub ki, narkotik maddələr Azərbaycana İrandan qaçaqmalçılıq yolu ilə Hümbət adlı şəxs tərəfindən gətirilir. Keçirilmiş tədbirlər nəticəsində Beyləqan rayon sakini, 51 yaşlı Hümbət Talışov da həbs edilib. Onun mənzilindən sonuncu dəfə İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi 20 kiloqram həşiş və 1 kiloqram heroin aşkarlanıb. İstintaqa ifadəsində Hümbət Talışov narkotikanı Rasim Atakişiyevin sifarişi ilə gətirdiyini bildirib. Saxlanılan şəxs İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxslə tanış olduqdan sonra ondan küllü miqdarda narkotik maddə alaraq 5 dəfə sərhədi qanunsuz keçdiyini etiraf edib. Hümbət Talışov həmçinin İrana qanuni yolla gedərkən sənədlərinin düzəldilməsi və yol xərcinin Rasim tərəfindən ödənildiyini bildirib.
İranda alınacaq narkotik maddələrə görə pulu da Rasim Atakişiyev ödəyib. Rasim dəfələrlə Nadir adlı şəxslə telefon əlaqəsi saxladığını da etiraf edib.
Rasim Atakişiyev və Vasif Həsənov əldə etdikləri narkotik vasitənin 4 kiloqramını satmaq üçün tanışları Şahmar İmranova veriblər. 46 yaşlı Şahmar İmranov istintaqa ifadəsində narkotikanı qohumu Cahangir Quliyev vasitəsilə Əfrayıl Xankişiyevə satdığını təsdiqləyib və bundan sonra hər iki şəxs həbs olunub. İstintaq sübuta yetirib ki, dəstənin fəalı Rasim Atakişiyev 5 kiloqram həşişi tanışları Nəsib Həsənov vasitəsilə Rusiyanın Sverdlovsk şəhərinə göndərib. Lakin Nəsibə inanmayan Vasif Həsənov hər ehtimala qarşı Nəvai Həmidovu da ona nəzarət etmək üçün eyni vaqonda Rusiyaya göndərib. Həmin narkotikanı isə Beyləqandan Bakıya Vasif Həsənov gətirib.
Qeyd edək ki, transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olduqca məxfiçilik şəraitində fəaliyyət göstəriblər. Təsadüfi deyil ki, onların bir çoxları hətta bir-birilərini tanımayıblar. Dəstə üzvləri iranlı narkobaron Nadir və Rasim Atakişiyev tərəfindən təlimatlandırılaraq fəaliyyət göstərirmişlər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Transmilli mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
  • Yazılıb
  • da (də) 2009 Mar 10