Tarix : 2009 Mar 13
Kod 11083

Bu gün parlamentdə hökumətin istefası tələb ediləcək

Nazirlər Kabinetinin bu gün Milli Məclisdə dinlənəcək illik hesabatını şərh edərkən deputat bildirdi ki, bu cür hesabata heç zaman səs verə bilməz
Azərbaycan servisi/Aran Agentliyi
“Hökumətin builki hesabatını qeyri-qənaətbəxş hesab edirəm. Ölkədəki real durumu, dünyada baş verən iqtisadi böhranı və onun Azərbaycana təsirlərini, onu aradan qaldırma imkanlarını, ölkənin təksektorlu inkişafdan xilas olub geniş spektrli yeni mərhələyə qədəm qoymasını özündə əks etdirən və görülən işlər barədə obyektiv rəyə söykənməyən bir hesabatdır”. Bu fikirlər Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadəyə aiddir. Nazirlər Kabinetinin bu gün Milli Məclisdə dinlənəcək illik hesabatını şərh edərkən deputat bildirdi ki, bu cür hesabata heç zaman səs verə bilməz.
“Mən təbii ki, hökumətin bu tipli hesabatlarının qəti şəkildə əleyhinəyəm. Bunu qeyri-qənaətbəxş hesab edib hökumətin bununla bağlı ciddi addımlar atmasını, lazım gəlsə, hökumətin bütövlükdə istefaya getməsini istəyəcəyəm”.
“Parlamentə təqdim olunan hesabat şablon mətndən ibarətdir və daha çox statistik rəqəmlərin toplusudur”. Bunu isə “Media forum”a Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn söyləyib. Hesabatla tanış olduğunu və geniş çıxışa hazırlaşdığını söyləyən deputat bildirib ki, sənəddə daha çox son 5-10 ilin statistik rəqəmlərin müqayisəsi yolu ilə ölkədə vəziyyətin yaxşı olması təəssüratı yaradılmağa çalışılıb: “Amma burada xüsusən 2008-ci ildə baş verən proseslərin dinamikası, hazırkı vəziyyət, çıxış yolları barədə hər hansı təsvir yoxdur. Bu da onu göstərir ki, hökumətin xüsusən indiki vəziyyətdən çıxış yolları barədə proqramı da yoxdur”. P.Hüseyn hökumətin fəaliyyəti ilə bağlı əvvəllər qeyd olunan korrupsiya, şəffaflığın olmaması, vətəndaşların hüquqlarının pozulması, qanunlara riayət olunmaması kimi əsasların da qüvvədə qaldığını bildirib. Bütövlükdə hökumətin bir illik fəaliyyətini mənfi dəyərləndirən millət vəkili Milli Məclisdəki müzakirələrdə də bunu ifadə edəcəklərini vurğulayıb: “Hökumətə etimadsızlıq göstərəcəyik”.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədovun sözlərinə görə, hesabatda yeni və ya gizli bir şey yoxdur: “Bildiyimiz məsələlər əksini tapıb”. Ancaq deputat onu da bildirib ki, il ərzində iqtisadçıların Milli Məclisdə qaldırdığı bir sıra sualların cavabları da hesabatda əks olunub. Amma deputat hesab edir ki, əsas məsələ bu hesabatda göstərilənlər deyil: “Bizi daha çox hökumətin antiböhran proqramı maraqlandırır. 2008-ci ildə Azərbaycan hökumətinin gördüyü tədbirlər qlobal maliyyə böhranının ölkəmizə daha az təsir etməsi baxımından faydalı olub və müsbət sayıla bilər. Amma böhran davam edir və buna qarşı ciddi tədbirlər görülməlidir. Əsasən işsizlik və real sektorun inkişafı ilə bağlı pul-kredit siyasəti, manatın davamlılığı kimi məsələlər bizi çox maraqlandırır. Bu tədbirlər görülürmü, nələr planlaşdırılır - əsas suallar budur”. V.Əhmədov hökumətin illik hesabatında antiböhran tədbirlərinin əksini tapmadığını vurğulayıb.
Xatırladaq ki, hökumətin 2007-ci ildəki hesabatı zamanı Hüseyn Abdullayevlə Fəzail Ağamalı arasında insident baş vermişdi. H.Abdullayevin mandatdan məhrum olması ilə nəticələnən hadisəyə onun hökumətin hesabatını “nağıl” adlandırması səbəb olmuşdu. Ona görə də maraqlıdır, bu ilin “Quska”sı kim olacaq..?
 
  • Yazılıb
  • da (də) 2009 Mar 13