Azərbaycan servisi/Aran Agentliyi
Moskva stansiyadan istifadə müddətini uzatmaq istəyir, Bakı isə bu təklifi qəbul etmir
Məmmədyarovla rus nazirlə silah qalmaqlında da anlaşa bilmədilər
Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan tərəfinə Qəbələ RLS-ə dair sürpriz təklif verib. Lavrov bildirib ki, Rusiya stansiyadan istifadə müddətini uzatmaq istəyir və bu haqda təklifini Bakıya çatdırıb. Lakin Azərbaycan tərəfi bəyan edib ki, stansiyadan istifadə müddətinin uzadılması gündəmdə deyil. İndiyədək Rusiya tərəfi dəfələrlə bildirmişdi ki, Qəbələ RLS-dən istifadə müddətini uzatmayacaq. Elə bir neçə həftə əvvəl Rusiyanın kosmik qoşunlarının komandanı bu haqda bildirmişdi. Lavrovun Bakıya səfəri zamanı anlaşılmazlıq təkcə Qəbələ RSL-lə bağlı olmayıb.
Məlum olub ki, Azərbaycan tərəfi Rusiyanın Ermənistana ötən il 800 milyon dollarlıq silah-sursat verməsi ilə bağlı Lavrovun verdiyi izahatla da qane olmayıb və hesab edir ki, məsələni araşdırmağa hələ də ehtiyac var. Baxmayaraq ki, Lavrov hələ səfərə gəlməzdən əvvəl Ermənistana silah verilməsi haqda iddiaları rədd etmişdi.
Rusiya KİV-lərinin xəbərlərinə görə, Lavrovla Məmmədyarov arasında danışıqlarda iki ölkə münasibətlərinə aid geniş spektrdə məsələlər müzakirə olunub. Görüşdən sonra nazirlər birgə brifinq keçiriblər və Lavrov bəyan edib ki, danışıqlar zamanı söhbət Xəzər məsələləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, Qəbələ RLS-dən istifadə müddətinin uzadılması da daxil olmaqla bir çox qarşılıqlı maraq doğuran mövzular ətrafında gedib.
Lavrov xatırladıb ki, Qəbələ RLS-dən istifadə müddəti 2012-ci ildə başa çatır. O, Rusiyanın stansiyadan istifadə müddətinin uzadılmasını istədiyini bildirib. Lavrov həmçinin deyib ki, Qəbələ RLS-dən birgə istifadəyə dair Rusiyanın ABŞ-a verdiyi təklif də qüvvəsində qalır. Rusiya xarici işlər naziri son vaxtlar Vaşinqtondan bu təkliflə bağlı pozitiv siqnallar daxil olduğunu da bildirib: “Əgər bizim amerikalı və avropalı tərəfdaşlarımız raketdən müdafiə sistemlərinə alternativ olaraq Qəbələ RLS-dən birgə istifadəni nəzərdən keçirməyə hazır olsalar, o zaman biz bu məsələyə yenidən qayıda bilərik. Təbii ki, Azərbaycan rəhbərliyinin də məsələyə razılıq verməsi vacibdir”. Lakin Azərbaycan xarici işlər naziri deyib ki, Qəbələ RLS-dən istifadə müddətinin uzadılması məsələsi hazırda gündəmdə deyil. Məmmədyarovun sözlərinə görə, indi bu haqda danışmağın vaxtı çatmayıb. Nazir stansiyanın üçüncü ölkənin istifadəsinə verilməsi məsələsinin də gündəmdə olmadığını bildirib.
Rusiya xarici işlər naziri danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqda da ətraflı müzakirələrin aparıldığını bildirib. Lavrov ölkəsinin bu münaqişə ilə bağlı ümumi rəsmi mövqeyini bir daha çatdıraraq bəyan edib ki, Rusiya münaqişənin qarşılıqlı məqbul variantda, sülh yoluyla həll edilməsində maraqlıdır və bu məsələdə tərəflərə kömək göstərməkdə davam edəcək. Lavrov ötən ilin payızında Rusiya, Ermənistan və Azərbaycan prezidentləri arasında Moskvada imzalanmış birgə bəyannamənin əhəmiyyətini də vurğulayaraq deyib ki, bu sənəddə irəli getməyin yolları aydın şəkildə ifadə olunur. Lavrov Türkiyənin son zamanlar Rusiya ilə razılaşdırılmış şəkildə Qarabağ münaqişəsinin nizamlanmasına qoşulduğu haqda fikirlərə də münasibət bildirib. O deyib ki, Rusiya Türkiyə ilə bu münaqişə ətrafında paralel danışıqlar aparmır: “Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında bir çox ölkələr, o cümlədən Türkiyə maraqlıdır. Lakin Rusiya ilə Türkiyə arasında bu məsələ ilə bağlı hər hansı əlavə və paralel danışıqlar aparılmır”.
Lavrovun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Türkiyə ilə müzakirələri yalnız ATƏT-in Minsk Qrupunun formatında aparır: “Danışıqlar yalnız Minsk Qrupu çərçivəsində aparılır. Moskva Bəyannaməsində prosesin irəliləməsinin dəqiq istiqamətləri və parametrləri öz əksini tapıb”.
Məlum olub ki, danışıqlar zamanı Rusiya tərəfinin dəfələrlə təkzib etməsinə baxmayaraq, bu ölkənin Ermənistana silah verməsi ilə bağlı qalmaqal da qaldırılıb. Baxmayaraq ki, Rusiya tərəfi bu məsələni qapatmağı məsləhət görmüşdü və Lavrov səfərə yola düşməzdən əvvəl verdiyi müsahibədə demişdi ki, Ermənistana silah verilməsi haqda deyilənlər dezinformasiyadır. Rusiya xarici işlər naziri bu sözlərini Bakıda da təkrar edib. O deyib ki, Ermənistana silah verilməsi haqda internetdə yayılan sənəd təxribat xarakterlidir və uydurmadır: “Mediada yayılan sənəd saxtadır. Bu, artıq dəfələrlə bildirilib. Bu tip sənədlər tamamilə fərqli qaydada tərtib olunur. Ordakı çoxsaylı qrammatik yanlışlıqlar isə bu sənədin ümumiyyətlə harda hazırlanması ilə bağlı ciddi suallar doğurur”. Lakin Elmar Məmmədyarov Rusiyanın Ermənistana silah verilməsi məsələsində bütün detallar aşkar olunmadığından bir sıra məsələlərlə bağlı ciddi araşdırmaya ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələni araşdırmaqda davam edəcək.
Danışıqlarda vurğulanıb ki, növbəti Xəzər sammiti bu ilin payızında Bakıda keçiriləcək. Həmin sammitin gündəliyinə Xəzərin hüquqi statusu ilə yanaşı, sahilyanı ölkələrin birgə qüvvələrinin formalaşdırılması, Xəzər təhlükəsizlik sisteminin yaradılması və sahilyanı ölkələrin iqtisadi əməkdaşlıq təşkilatının qurulması kimi siyasi məsələlər də yer alacaq. Qeyd edək ki, Rusiya Xəzər regionunda öz hakim mövqeyini saxlamaq üçün bu cür ideyalarla neçə vaxtdır çıxış edir.
Rusiya mətbuatı Lavrovun səfərini şərh edərək yazır ki, onun Bakıda apardığı danışıqların heç də asan keçməyəcəyi əvvəlcədən təxmin edilirdi. Rusiya ilə Azərbaycan arasında münasibətlər rəsmi bəyanatlarda bir qayda olaraq “dostluq və əməkdaşlıq” kimi xarakterizə edilir. Ancaq əslində iki ölkə arasında kifayət qədər mürəkkəb münasibətlər hökm sürür və Rusiya mətbuatı bunun əsas səbəbini Dağlıq Qarabağ münaqişəsi ilə izah edir. Belə ki, Rusiya vaxtilə bu münaqişədə Ermənistanın tərəfini tutub. İndi isə Rusiya Ermənistana güclü təsir imkanlarına malik olan ölkə kimi münaqişənin həllinə təsir imkanlarına malikdir. Ancaq Rusiyanın bu məsələdəki mövqeyi Azərbaycanı razı sala bilməz. Ermənistana silah verilməsi qalmaqalı bir yana dursun, Rusiya münaqişənin həllini öz maraqları daxilində görmək istəyir. Məsələn, Rusiya istəyir ki, tərəflərə kənardan hər hansı təsir olmasın, yəni Qərb Ermənistanı güzəştə sövq etməsin. Eyni zamanda, Rusiya Ermənistanın hərbi müttəfiqi kimi onu açıq müdafiə edir. Lavrov Bakıya gəlişi ərəfəsində bəyan etdi ki, Rusiya tərəflər arasında əldə ediləcək razılaşmanın qarantı olmaq istəyir. Yəni Rusiya münaqişə bölgəsində öz sülhməramlı qüvvələrini yerləşdirməkdə maraqlıdır. Digər tərəfdən, Rusiya elə həll modeli istəyir ki, regiondakı geosioyasi balans pozulmasın, yəni Azərbaycan münaqişənin həllindən sonra NATO-ya üzv olmasın və Ermənistan üzünü Qərbə çevirməsin. Başqa sözlə, Rusiyanı indi münaqişənin ədalətli həlli yox, regiondakı mövqeyini saxlamaq maraqlandırır.
Qəbələ RLS məsələsində isə Rusiyanın təklifi ona görə sürpriz hesab olunur ki, indiyədək dəfələrlə bu stansiyadan istifadə müddətinin uzadılmayacağı bəyan edilmişdi. Rusiya hərbi çevrələri bildirirdilər ki, Qəbələ RLS və digər keçmiş sovet respublikalarındakı RLS-lər bağlanacaq. Onları Rusiya ərazisində qurulan yeni tipli radar stansiyaları əvəz edəcək. Bu günlərdə Rusiya Armavir yaxınlığında belə stansiyalardan birini işə salıb və bəyan edilib ki, oradan Yer kürəsinin cənub yarımkürəsindəki bütün ballistik raket uçuşlarını izləmək mümkün olacaq. Eyni zamanda, Rusiya Ukrayna ərazisində Qəbələ RLS-in analoqu olan “Dnepr” RLS-dən istifadəni dayandırıb. Lakin belə görünür ki, Qəbələ RLS-ə hərbi baxımdan ehtiyac qalmasa da, Rusiya stansiyanı öz nəzarətində saxlamaq istəyir. Qəbələ RLS hazırda Rusiyanın Azərbaycanda hərbi iştirakını təmin edən yeganə obyektdir. Stansiyadan istifadə müddəti 2012-ci ildə başa çatır və müqavilə müddəti uzadılmasa, Azərbaycan ərazisindən sonuncu rus əsgərləri də çıxacaq. Görünür, Rusiya bunu istəmir, eyni zamanda, ehtiyat edir ki, stansiyadan istifadə müddəti başa çatdıqdan sonra Azərbaycan onu ABŞ-a verə bilər. ABŞ üçün hərbi-texniki baxımdan Qəbələ RLS əhəmiyyətsiz hesab oluna bilər, ancaq stansiyanı ruslar tərk edəndən sonra Amerika onu formal olaraq istifadəyə götürüb orada öz məhdud kontingentini yerləşdirə bilərdi. Bu baxımdan gözlənilir ki, Rusiya Qəbələ RLS-dən istifadə müddətini uzatmaq üçün Azərbaycana təzyiq göstərəcək. 2002-ci ildə imzalanmış müqaviləyə əsasən Rusiya stansiyanın icarəsinə görə Azərbaycana ildə 10 milyon dollar ödəyir. Bu günlərdə məlum olmuşdu ki, Qəbələ RLS Azərbaycan tərəfinin tələbi ilə passiv rejimə keçirilib və faktiki olaraq 90 faiz fəaliyyətsiz dayanır.