Tarix : 2009 Mar 13
Kod 11086

ABŞ Əfqanıstana silahı Azərbaycanda keçirəcək ?

Azərbaycan üzərindən Amerikanın və digər NATO ölkələrinin Əfqanıstandakı qüvvələri üçün silah-sursat və hərbi texnika daşınacaq
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan üzərindən Amerikanın və digər NATO ölkələrinin Əfqanıstandakı qüvvələri üçün silah-sursat və hərbi texnika daşınacaq. “Assoşeyted press” agentliyinin məlumatına görə, Pentaqon rəsmiləri Əfqanıstandakı qüvvələrin təchiz olunması üçün alternativ marşrutların razılaşdırıldığını açıqlayıblar. Bu razılaşmalara görə, Əfqanıstandakı NATO qoşunları üçün təchizat malları gəmilərlə Gürcüstanın Poti limanına, oradan dəmiryol vasitəsilə Bakıya, daha sonra gəmilərlə Qazaxıstanın Aktau limanına daşınacaq. Aktaudan isə yüklər yenidən dəmiryol vasitəsilə Əfqanistan sərhədinə çatdirilacaq və quru yoluyla bu ölkəyə daxil olacaq.

Bu, Pentaqonun Pakistanın Xeybər aşırımının talibançıların nəzarətinə keçməsindən sonra istifadə edəcəyi alternativ marşrutlardan biridir. Digər marşrut isə Rusiya üzərindən keçməlidir və hazırda bu barədə danışıqlar davam edir. Rusiya bəyan edir ki, öz ərazisindən hərbi xarakterli olmayan yükləri Əfqanıstana buraxmağa hazırdır.

Xəbər verildiyi kimi, iki gün əvvəl Bakıda Əfqanıstana yüklərin daşınması ilə bağlı Pentaqon nümayəndələrinin də iştirak etdiyi konfrans keçirilib. Həmin konfransda açıqlanıb ki, Amerika tərəfi yüklərin daşınması üçün artıq Xəzər dəniz gəmiçliyi idarəsi ilə müqavilə də bağlayıb. Amerikanın mərkəz komandanlığının rəhbəri general Devid Petreus isə təsdiq edib ki, hərbi xarakterli yüklərin Azərbaycan üzərindən daşınması haqda razılaşma var. Birləşmiş Ştatlar yaxın aylarda Əfqanıstana əlavə olaraq 17 min hərbi qüvvə göndərməyə hazırlaşır. Bu qüvvələrin bir hissəsi ABŞ-ın Almaniyadakı hərbi bazasından Azərbaycan vasitəsilə daşına bilər. Azərbaycan onsuz da ABŞ-ın Əfqanıstandakı əməliyyatları üçün öz hava məkanını açmışdı və indiyədək ölkə üzərindən koalisiya qüvvələrinin daşınması həyata keçirilirdi. Lakin bu daşımalar məhdud xarakter daşıyırdı. İndi isə daşımaların həcmi və intensivliyi kəskin arta bilər. Kommersiya baxımından bu daşımalar Azərbaycan üçün gəlirlidir. Ancaq bəzi ekspertlərə görə, sövdələşmənin arxasında siyasi motivlər dayana bilər. Belə ki, ABŞ Əfqanıstana dəhliz verməyin əvəzində Azərbaycanda insan haqlarının pozulması haqda ucadan danışmayacaq. Bu cür yanaşma digər Mərkəzi Asiya respublikalarında da tətbiq oluna bilər.
 
 
  • Yazılıb
  • da (də) 2009 Mar 13